Azərbaycanda 5 yarış, 5 fərqli qalib

Formula1 tarixinin 5-ci Azərbaycan yarışında əvvəlki illərdə olduğu kimi gözlənilməz nəticələr alındı. Serxio Peres Red Bull ilə ilk qələbəsini aldığı halda, Maks Ferstappen növbəti dəfə podiumsuz qaldı.

Gözəl başlanğıc

Red Bull komandası bu trasda favoritlərdən biri sayılırdı. “Qırmızı Öküzlər” həftəsonuna da yaxşı başladılar. Cümə sərbəst yürüşlərində öküz oynadan Red Bull, sıralanma turunda ardıcıl çıxan qırmızı bayraqlara görə geridə qalmışdı. Lakin komandanın strateqləri yarışda mükəmməl işləyərək, sürücülərini ilk iki yerə çıxara bildilər.
Maks Ferstappen bu mövsüm ilk dəfə podiumsuz qaldı
Maks Ferstappen yarışa üçüncü yerdən başlasa da, trasda Lekleri, pit-stoplarda isə əzəli rəqibi Lyuis Həmiltonu keçərək, liderliyə yüksəldi. Bundan sonra hər dövrə fərqi artıran gənc sürücü qələbəyə ən real namizəd idi. Hətta, təşkilatçılar artıq podiumun birinci yeri üçün Niderland bayrağı hazırlayırdırlar, amma yarışın bitməsinə 4 dövrə qalmış Ferstappenin arxa təkəri partladı və niderlandlı sürücü Azərbaycan Qran Prisində 3-cü dəfə mübarizəni dayandırmalı oldu. 23 yaşlı pilot Azərbaycanda yenə də podium qazana bilmədi.

Serxio Peresdən dramatik qələbə

Meksikalı sürücü Red Bull-a gəldikdən sonra ilk yarışlarda elə də ürəkaçan performans göstərə bilmirdi və tənqidlərə məruz qalırdı. Amma Çeko çox sevdiyi Azərbaycan yarışında Red Bull ilə ilk qələbəsini qazanaraq, tənqidçiləri susdurdu. Özü də nə qələbə! Yarışa 7-ci yerdən başlayan Peres, həm startda, həm trasda, həm də pit-stopda rəqiblərini geridə qoyaraq, ikinci yerə yüksəldi. Ferstappenin mübarizəni dayandırması ilə onun rahatlıqla qələbə qazanacağı gözlənilsə də, ikinci startdan sonra bolidində səbəbi bilinməyən problem aşkarlandı. Buna baxmayaraq, Çeko əsl xarakter nümayiş etdirərək, Bakıda Red Bull ilə həm ilk podiumuna, həm də ilk qələbəsinə sevindi. Bu qələbə onu Sürücülər Çempionatında 3-cü yerə yüksəltdi.

Podiumda bir Red Bull sürücüsü, iki Red Bull yetirməsi

Bu yarış Serxio Peresin qələbəsindən başqa digər hadisələrlə də əlamətdar oldu. Peres Bakıda Red Bull ilə ilk podiumunu bayram etdi. Lakin bu mövsüm ilkləri yaşayan başqa sürücülər də var idi. Bu il Aston Martin-lə yarışmağa başlayan Sebastyan Fettel də mövsümün ilk 4 yarışından xalsız ayrılaraq, azarkeşlərini məyus etmişdi. Lakin almaniyalı sürücü Bakıda ötən günlərini qaytararaq, mükəmməl performansla yarışı ikinci yerdə bitirdi və Aston Martin ilə ilk dəfə podiuma yüksəldi. Xatırladaq ki, dördqat Dünya Çempionu son podiumunu 2020-ci ilin Türkiyə Qran Prisində əldə etmişdi. Bununla da, Sebastyan Fettel Aston Martin komandasına Formula1 tarixində ilk podiumu qazandırdı.
Üçüncü yeri isə Red bull-un kiçik qardaşı sayılan AlphaTauri komandasının pilotu Pyer Qasli tutdu. Həftəsonu ərzində uber performans göstərən fransalı sürücü, builki ilk podiumunu Bakıda əldə etdi. Özü də son dövrələrdə Pyerin bolidində mühərrik problemi var idi və o, Şarl Leklerlə Lando Norrisə qarşı ustalıqla müdafiə olundu.
Sebastyan Fettel 2009-2014-cü illərdə Red Bull komandasında yarışmış və 4 Dünya Çempionluğu qazanmışdı. Pyer Qasli də Sebastyan kimi Red Bull sürücü akademiyasının yetirməsidir. Beləliklə, Podiuma 1 Red Bull və iki akademiya sürücüsü yüksəlmiş oldu.

Lyuis Həmiltonun 55 yarışlıq rekordu sona çatdı.

Yarışın ən dramatik anlarından biri də sürücümüz Maks Ferstappenin əzəli rəqibi Lyuis Həmiltonun ikinci startdan sonra debütant səhvi edərək, xalsız qalması oldu. Beləliklə, yeddiqat Dünya Çempionu 2018-ci ilin Avstriya yarışından sonra ilk dəfə xalsız qaldı. Bununla da qaradərili sürücünün 55 yarışlıq xalqazanma seriyası başa çatdı.
Red Bull Çempionatda liderliyini möhkəmləndirdi.

Red Bull Azərbaycan yarışına əsas rəqibi Mercedes-in 1 xal önündə lider olaraq gəlmişdi. Lakin Bakıdakı yarışda Mercedes sürücülərinin xalsız qalması və Peresin yarışı qazanaraq, aktivinə 25 xal yazması ilə aradakı fərq 26-ya yüksəldi. Mercedes komandasının yeddiillik hegemonluğu bitir?

Növbəti yarış Fransadadır
Növbəti yarış iki həftə sonra Fransanın Pol Rikar trasında olacaq. Bəs orada bizi nə gözləyir? Bilmək üçün izləmədə qalın.

Mənbə: Red Bull Azərbaycan
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*