F-1.az xatırladır ki, Azərbaycanda daha əvvəl keçirlən 7 yarışda 7 fərqli qalib olub. Buna el arasında “Bakı Sindromu” deyirlər. Bəs bu il necə olacaq? Bu il Bakı sindromu davam edəcək? Yoxsa bitəcək?
Əslində bu il Bakı sindromunun sonu ola bilər, çünki Red Bull komandası bu il aşkar formada sürətlidir. Red Bull komandasının hər iki sürücüsü də – Maks Ferstappen və Bakı Şəhər Halqasında daha əvvəl qalib gəldikləri üçün bu il bu sindroma son gələ bilər. Çünki Maks bu il çox formadadır. niderlandlı sürücü ilk 3 yarışdan ikisində qalib gəlib.
Peres isə şəhər tipli trasların kralıdır. Meksikalının qazandığı 5 yarışdan 4-ü şəhər tipli traslarda olub. Özü də o, Red Bull karyerasındakı ilk qələbəsini də Bakı Şəhər Halqasında qazanmışdı. 32 yaşlı pilot hazırda yarışan sürücülər arasında Azərbaycanda ən çox podiuma çıxmış sürücüsür. O, 2016, 2018, 2021 və 2022-ci illərdə fəxri kürsüyə yüksələ bilib. Bundan başqa bu il qazandığı yarışı da şəhərin küçələrində keçirilirdi. Görək Serxio mövsümün ikinci şəhər tipli trasındakı yarışında da qalib gələ biləcək?
Bəs Bakı sindromunu kimlər davam etdirə bilər? Birinci namizəd Fernando Alonsodur. 2016-cı ildə Bakı Şəhər Halqasının ulduz səfiri olmuş Fernando Alonso builki ilk 3 yarışda podiuma yüksəlib. İspaniyalı sürücünü tanıyanlar bilir ki, o, əlinə düşən hər fürsəti dəyərləndirməkdə böyük ustadır. Aston Martin-in builki güclü performansı və ikiqat Dünya Çempionunun fürsətcilliyi onu bu yarışda ən böyük favoritlərdən biri edir. Özü də düşünün ki, Alonso son yarışını 2013-cü ildə qazanmışdı. Bu da o deməkdir ki, Alonso 10 ildən sonra yarış qazanan ilk sürücü kimi Azərbaycanda tarixə düşə bilər. Bu həm də Aston Martin komandasının F1 tarixindəki ilk qələbəsi ola bilər.
Bundan başqa Lekler, Sayns, Rassell qalib gəlməklə Bakı sindromunu davam etdirə bilərlər. Həmilton isə Azərbaycan Qran Prisində qalib gələrək, 26 yarışdan sonra qələbəni bayram edə bilər.