F-1.az bildirir ki, yarışın keçirilməsinin beşilliyi münasibətilə əməliyyat şirkəti avtoidman həvəskarlarına dördgünlük biletləri 20% endirimlə təklif edir. Endirim kampaniyası yanvarın 15-dək davam edəcək. BŞH avtoidman azarkeşlərini Azərbaycan Qran Prisinə tezliklə bilet alaraq mövcud endirim fürsətindən yararlanmağa çağırır.
İlkin endirim kampaniyası ilə birlikdə sırf yerli sakinlərə əlavə 25 %-lik endirim də təqdim olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.
Dördgünlük biletlər azarkeşlərə trasda 3 gün davam edəcək sessiyalarla yanaşı həmin günlər ərzində trasdan kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin cümə axşamı günü keçiriləcək Pit Yolu gəzintisində iştirak etmək imkanı da verir. Bu, bənzərsiz təcrübə minlərlə coşğulu F1 azarkeşinə komandaların bokslarına səfər edərək mühəndis və mexaniklərin bolidləri yarışa necə hazırladıqlarının şahidi olmaq şansı təqdim edir.
BŞH-nin icraçı direktoru Arif Rəhimov biletlərin satışa çıxarılması xəbərini böyük məmnuniyyətlə qarşıladığını bildirib: “Biz artıq gələn il 5-ci dəfə Bakıda keçiriləcək Formula1 yarışına hazırlıqlara yüksək əminlik, razılıq və həyəcanla start vermişik. Bu həyəcan və coşğunu 2016-cı ildə Formula1 ailəsinə ilk dəfə qatılarkən sadəcə xəyal edirdik. Növbəti əlamətdar yarışı xüsusilə qeyd etmək üçün azarkeşlərə 20%-lik endirim təklif edirik. Bununla da biz həm ölkə daxilindən, həm də ölkə xaricindən yarışa indidən bilet almaq istəyənlərə güclü stimul verməyə çalışırıq. Hər il Bakıda keçirilən Formula1 yarışının mövsümün ən həyəcanlı yarışlarından birinə çevrilməsinə və dünyanın hər yanından azarkeşlərin göstərdiyi xüsusi rəğbətə şahid olmaq həm mənim üçün, həm də rəhbərlik etdiyim bütün kollektiv üçün həqiqətən də böyük qürurverici haldır. Ev sahibliyi etdiyimiz sonuncu yarış yenə də gərgin mübarizə və möhtəşəm əyləncə ilə yaddaqalan oldu. İnanıram ki, gələn ilin iyununda Bakıya Formula1 yarışı gəldiyində yenidən dramatik məqamlara, yüksək sürətə və həyəcan dolu anlara şahid olacağıq”.
Dördgünlük biletlərə tətbiq olunan endirim kampaniyasından əlavə 2-15 yaş arasında olan uşaqlar üçün də xüsusi endirimlər təqdim olunur. Bu kampaniya yalnız dördgünlük biletlərə aiddir və həmçinin azyaşlılar üçün olan dördgünlük biletlər yalnız böyüklər üçün olan müvafiq biletlərlə birgə satılır. Yarışı ayaqüstü zonalardan izləmək istəyənlərə təklif olunan birgünlük biletlərə endirim şamil olunmur və bu biletlər tam qiymətlə satılır. Qeyd edək ki, yarış məkanına daxil olarkən şəxsiyyəti təsdiq edən sənədin təqdim edilməsi tələb oluna bilər.
Yarışı izləmək istəyən azarkeşlər üçün təklif olunan dördgünlük biletlərin indiki qiyməti tribunadan asılı olaraq 210-710 manat arasında dəyişir. Azyaşlılar üçün endirimli qiymət müvafiq olaraq 150-500 manat təşkil edir. Ayaqüstü zona üçün olan biletlərin qiymətləri isə 110-190 manat aralığındadır.