F-1.az bildirir ki, Hilton otelində baş tutan seminarda iştirakçılara builki yarışa medianın akkreditasiyası qaydaları haqqında ətraflı məlumat verilib və qeydiyyat prosesi ilə bağlı digər zəruri məsələlər müzakirə olunub.
Görüş zamanı builki çempionatda nəzərdə tutulan dəyişikliklərdən söhbət açılıb və Formula1 yarışlarını davamlı işiqlandıran jurnalistlər üçün keçən ilin sonunda keçirilmiş “Sürətin nəbzini tut-2” adlı praktiki təlimin məzunlarına sertifikatlar təqdim olunub.
Seminarda gələn yarış üçün görülən hazırlıqlardan danışan BŞH-nin Marketinq və Kommunikasiya departamentinin Media və Yayım Əməliyyatları şöbəsinin rəhbəri Ayan Ağayeva iştirakçılara akkreditasiya prosesində uğurlar arzulayıb: “Dünyanın Formula1-i işıqlandıran əksər aparıcı media qurumları tərəfindən ötən Azərbaycan Qran Prisinin ilin ən yaxşı yarışı seçilməsi bizi çox sevindirdi və bu il də oxşar uğura yiyələnərək bunu ənənəyə çevirmək üçün var gücümüzlə çalışırıq.
Yarışı ən yüksək səviyyədə həyata keçirmək qədər onu bütün Formula1 həvəskarlarına ən gözəl şəkildə təqdim etmək də vacib rol oynayır. Bu məsələdə sizə böyük iş düşür və siz də indiyədək bunun öhdəsindən layiqincə gəlmisiniz.
Ancaq biz inkişafı davamlı etmək istəyirik. Onun üçün çalışırıq ki, yerli media nümayəndələri ən qısa zamanda bizim üçün yeni olan bu idman sahəsində beynəlxalq aləmdə ən qabaqcıl peşəkar jurnalistlərə çevrilsinlər.
Keçirdiyimiz təlim və tədbirlərdə iştirakınıza görə hamınıza təşəkkür edir, növbəti yarış üçün davam edən akkreditasiya prosesində uğurlar arzulayırıq!”
Qeyd edək ki, yerli media nümayəndələrinin Azərbaycan Qran Prisinə akkreditasiyası üçün son müraciət tarixi 31 yanvardır.
Akkreditasiyaya müraciət etmək istəyən media təmsilçiləri bu keçidə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://www.bakucitycircuit.com/az/media-accreditation