Red Bull, yoxsa Mercedes?
Turboera başladıqdan sonra Mercedes-in dominantlığını məğlub etmək mümkün olmayıb. Düzdür, bir il Ferrari “buynuz göstərdi”, lakin tezliklə məlum oldu ki, göstərdiyi “taxılma buynuz” imiş.
Lakin bu il vəziyyət fərqli görünür. Hələ mövsümöncəsi testlərdə bu il şassilərə şamil edilən reqlament dəyişikliyinin çempion komandaya təsiri açıq-aşkar görünürdü. Hər nə qədər pərəstişkarları bunu qəbul etmək istəməsə də, mövsümün əvvəlki illərdən fərqli keçəcəyi hiss olunurdu. Bu, özünü elə ilk yarışdaca doğrultdu. Geridə qalan 5 yarışdan sonra Red Bull rəqibini 1 xal fərqlə qabaqlayır.
Fərq cüzidir, lakin Bakıda daha da arta bilər. Avstriyalılar başda olmaqla, bir neçə komandanın tətbiq edəcəyi yeni arxa qanadın böyük üstünlük verəcəyi gözlənilir. Xüsusilə də, 2.2 km uzunluğu olan düzlükdə… Mercedes komadası Toto Volff başda olmaqla, buna etiraz edir. FİA məsələnin bir neçə yarış sonra araşdırılacağını, Mercedes isə dərhal baxılmalı olduğunu bildirir. Hə, bunda haqlıdırlar, lakin özlərinin keçən il gətirdikləri və mövsümün sonuna qədər müdaxilə edilməyən DAS sistemlərini xatırlamaq onlara sərf etmir.
Mən Bakı küçələrində növbəti Red Bull qələbəsi görəcəyimizə əminəm. Buradakı geridə qalan 4 yarışda “gümüş oxlar”-ın 3-1 üstünlüyü var…
Maks Ferstappen, yoxsa Lyuis Həmilton?
Maks son Monako yarışında çempionatda ilk dəfə liderliyə yüksəlib. Düzdür, bu il bir sıra xallar itirib – Bəhreyndə differensial kilidlənmə problemi, sürətli dövrələrdən qazana biləcəyi 1 xallar… Yenə də, nəticə olaraq, liderdir. Komandanın gətirdiyi yeniliklə Bakıda xal fərqini daha da artıra bilər. Biz son illərdə əvvəlki ehtiyatsız, çılğın Maksı görmürük. Niderlandlı sürücü psixoloji olaraq da, xeyli böyüyüb. Lakin nə qədər böyüdüyünü məhz bundan sonra görə biləcəyik.
Lyuisin isə kefi heç yoxdur. Artıq bir neçə məqamda bu, özünü büruzə də verib. Lyuisin təzyiq altında çox da rahat ola bilmədiyi məlum məsələdir, bunun İmoladakı yarışda da şahidi olmuşduq. Komandasının Red Bull-un bir addım gerisinə düşməsi fonunda Lyuisdən daha ciddi səhvlər görə bilərik… Ferstappen onsuz da, sürətlidir. Peres və Bottasın da Bakı trasını çox sevdiyini nəzərə alsaq, Lyuis üçün heç də asan keçməyəcək.
Digər 8 komandanın şansları…
Düzdür, əslində praktiki cəhətdən nərəzə alsaq, olmayan bir şey barədə danışmağa çalışıram. Amma yenə də, bu Formula1, bura isə Bakı küçələridir. Sürprizlər hər zaman ola bilər. Gözlənilməz nəticələr gördüyümüz bir mövsümü də yenicə geridə qoymuşuq.
Red Bull və Mercedes sürücülərinin başına nəsə gəlməsə, hansısa komandadan uğur gözləmək sadəlövhlükdür. Lakin belə bir hal baş verərsə, çox rəngli podium izləyə bilərik. Düşünün, McLaren, Ferrari və AlphaTauri sürücülərindən ibarət bir podium…
Amma hər nə qədər gözlənilməz nəticələr ola bilərsə də, Alpine və Alfa Romeo-dan nəsə gözləməyə dəyməz. Haas və Williams-ın podiuma çıxması üçün isə peletonda yalnız onlara aid 4 sürücünün yarışmasına ehtiyac var…
Hava şəraiti
Deyirlər Bakı bu il öz adını doğruldacaq – dünəndən başlayan küləyin həftəsonu boyunca əsməsi gözlənilir. Bu da sürücülərin işini xeyli çətinləşdirə biləcək amildir. Mercedes başda olmaqla, son dəyişikliklərdən daha çox əziyyət çəkən komandaların bolidləri küləyə qarşı olduqca həssasdır. Bir sözlə, Bakı yarışında hər şey hələ ki, Lyuisin əleyhinə işləyir. Lakin yeddiqat dünya çempionundan hər bir şəraitdə uğur görmək sürpriz olmaz…