Azərbaycan Qran Prisində baş verən 7 maraqlı hadisə

Ötən həftəsonu ölkəmiz ikinci dəfə Formula1-ə ev sahibliyi etdi. Yarış isə ilk dəfə Azərbaycan Qran Prisi adı altında keçirildi. Şəhərimizin küçələri dünyanın ən sürətli 20 sürücüsünü qəbul etdi. Bir il əvvəlki yarışla müqayisədə bu il elə bir yarış baş tutdu ki, uzun illər müzakirə olunacaq. Mövsüm başa çatmasa da, indidən ilin yarışı elan olunan fantastik Azərbaycan Qran Prisində nələr baş verdi?

F-1.az yarışımızla bağlı ən maraqlı məqamları diqqətinizə çatdırır…

 

Lyuis Həmiltondan 66-cı poul

 

Kanadada Lyuis Həmilton karyerasında 65-ci poulunu qazanmaqla Ayrton Senna ilə bərabərləşmişdi. Bakıda isə biz onun poul sayında əfsanəvi braziliyalını üstələdiyinin canlı şahidi olduq. Lyuis ən sürətli şəhər trasında öz sürəti ilə hər kəsi çox təəccübləndirdi. Üstəlik, trasımızın ən yavaş hissəsi hesab olunan ikinci sektorda “uçması” ilə.

Həmilton Bakıda Mixael Şumaxerə bir addım da yaxınlaşdı. Daha iki poul qazanarsa, Mixaelin rekordunu təkrarlayacaq.

 

Favoritlər Mercedes və Ferrari, qalib gələn isə Red Bull

 

Artıq mövsümöncəsi testlərdən məlum olmuşdu ki, Mercedes üçün bu mövsüm əvvəlkilər qədər asan keçməyəcək – Ferrari kifayət qədər yaxşı təsir bağışlamışdı. Mövsüm başladıqdan sonra da bu tendensiya davam etdi. Bakıdakı yarışdan əvvəl də hər kəs məhz bu iki komandanı favorit göstərir, unikal Bakı Şəhər Halqasında hansı tərəfin hansı səbəbə görə üstünlük əldə edəcəyini izah etməyə çalışırdılar. Lakin heç kim pusquda duran “qırmızı öküzləri” hesaba qatmırdı.

Red Bull-a qələbəni məhz bu iki komanda verdi – Valtteri Bottas və Kimi Rəykkönen qələbə şanslarını elə startdaca toqquşaraq minimuma endirdilər, yarışın lideri Lyuis Həmilton yerindən çıxan boyunaltını dəyişmək üçün, Fettel isə 10 saniyəlik Stop&Go cəzasını ödəmək üçün pit-leynə gələrək geriyə düşdülər. Daniel Rikkardo isə özünü hadisələrdən sona qədər sığortalamağı bacardı və maşını hamıdan tez finişə çatdırdı.

Görəsən Bakıdakı yarış Avstriya təmsilçisi üçün dönüş nöqtəsi olacaq? Onlar 2 həftə sonra ev yarışında bu uğuru təkrarlaya biləcəklər? Əminliklə yox deyə bilmərik, çünki bu komanda mövsüm ərzində əla inkişaf edə bilir. Elə keçən mövsümü xatırlamaq kifayətdir…

 

Daniel Rikkardo ənənəsini pozmadı

 

Avstraliyalı sürücü bu günə qədər qalib gəldiyi yarışların hamısına ilk üçlükdən geridə başlayıb. Poul qazandığı yeganə yarış olan 2016-cı il Monako Qran Prisində də komanda onu pit-stopda ləngidərək qələbəsini əlindən almışdı. Daniel Bakıda sıralanma turunda uğursuzluqla qarşılaşdı – son sessiyada sürüşərək qəza etdi və yalnız 10-cu ola bildi. Elə bu mövqedən start alan sürücü yarışın əvvəlində etdiyi pit-stopla da xeyli gerilərə düşdü. Lakin sonrakı hadisələr məhz onun lehinə işlədi və mövsümdə ilk, karyerasında 5-ci qələbəsini qazandı.

 

Sebastyan Fettel və Lyuis Həmilton arasında mübarizə ilə yanaşı, mübahisəyə də şahid olduq

 

Bu iki sürücü çempionat başlayandan bəri titula ən real namizədlər hesab olunurlar və əsas mübarizə də məhz bu ikili arasında gedir. Bakıya qədər hərəyə üç dəfə qalib gəlmişdilər, bir yarışda isə zəfər Bottasın olmuşdu. Elə Bakıda da qələbəni bu ikilidən biri qazancaqdı, təbii ki, yuxarıda sadaladığımız hadisələr başlarına gəlməsəydi.

Lakin onları diqqət mərkəzində saxlayan başqa məqam aralarındakı mübahisə oldu. Fettel Təhlükəsizlik Maşınının arxasında sürətini xeyli azaltmış Həmiltona arxadan çırpıldı, alman sürücü dərhal bir qədər sürətlənib, Lyuisə əl işarələri ilə etirazını bildirdi və maşını onun üzərinə sürdü. Bu, əsəblərin kulminasiya nöqtəsi idi. Hadisə və yarışdan sonrakı açıqlamalar əslində çempionluq mübarizəsinin gərginliyindən xəbər verirdi. Onlardan biri titulu cüzi xal fərqi ilə itirsə, mütləq Bakıdakı yarışı xatırlayacaq.

 

McLaren və Fernando Alonso xal hesabını açdılar

 

Bakı Şəhər Halqasının uzun düzlükləri Honda motoruna heç uyğun deyil. Buna görə də hələ Bakıya gəlməmişdən istər sürücülər, istərsə də komandanın rəhbərliyi həftəsonunun çətin keçəcəyini bildirmişdilər. Kanadada Fernando Alonso xala çox yaxın idi, lakin motor problemi ispan sürücüyə finişə çatmağa imkan verməmişdi. Bakıda isə onların işini çətinləşdirən başqa bir məqam vardı – yarışın startında Fernando 40, Stoffel 30 yer itirməli idi ki, bu da xal şanslarını minimuma endirirdi.

Lakin əvvəldən proqnoz verərkən hardan biləydik ki, yarış bu qədər xaotik alınacaq? Bizim yarışımızda demək olar ki, hər bir şey baş verdi. Fernando isə həmişəki kimi, təcrübəsini və ustalığını nümayiş etdirərək bütün hadisələrdən yayındı və finişə 9-cu yerdə çataraq komandasının və özünün cari mövsümdə ilk xallarını qazandı.

 

Ləns Strolldan ilk podium!

 

Williams komandası keçən il Ləns ilə müqaviləni elan etmək üçün onun 18 yaşının bitməsini gözləmişdi. Bir çoxları komandanın bu addımını tənqid edir və gənc kanadalı üçün Formula1-də iştirak etməyin çox tez olduğunu düşünürdülər. Stroll qış testlərindən onlara müəyyən qədər haqq qazandırdı. Mövsüm başladı, yarışlar bir-bir baş tutdu, Stroll üçün isə finişə qədər çatmaq problemə çevrildi. Lakin özünü toplaması çox çəkmədi. Monako kimi çətin bir trasda səhvsiz sürdü, amma mexaniki problem yarışı tamamlamasına imkan vermədi. Öz ölkəsindəki yarışda isə 9-cu olaraq ilk xallarını topladı. Bu, Ləns üçün əlavə stimul demək idi və Bakıya kefi kök gəlirdi.

Onu paytaxtımızda atası da tək qoymadı. Gənc sürücü yarışın son metrlərinə qədər ikinci yerdə idi, lakin Bottasın inadkarlığına qarşı müqavimət göstərə bilmədi və üçüncü oldu. Buna baxmayaraq, ilk podium onu çox sevindirirdi. Haqlı olaraq, “Günün Sürücüsü” seçilən Lənsə Bakıdakı uğurun çox köməyi dəyəcəyini əminliklə deyə bilərik. İlk podiumunu əldə etdiyi Bakı Şəhər Halqası da onun üçün hər zaman xüsusi olacaq.

 

10 komandadan 9-u Bakıdan xal apardı

Belə hadisə çox nadir hallarda baş verir. Son illərə nəzər salsaq görərik ki, yalnız 2015-ci ildə Rusiya Qran Prisində doqquz müxtəlif komandanın sürücüləri ilk onluğa düşüblər. Bakıdan əliboş gedən yeganə komanda Renault oldu. Problemlər Colion Palmerdən əl çəkmədi, Niko Hülkenberq isə yeddinci döngədə divarla toqquşaraq asılqanı qırdı və yarışı yarımçıq saxladı. Sauber komandasından Paskal Verlyayn mövsümdə ikinci dəfə xal zonasına düşə bildi.

 

Azərbaycan Qran Prisində baş verənlər təbii ki, bunlarla bitmir. Bizim yarışımızda sürət, ötmələr, adrenalin, mübarizə, stress, ehtiras, həyəcan, sevinc, kədər – bir sözlə, hər bir şey var idi. Azərbaycan Qran Prisi burada maraqsız yarış gözləyənlərə çox yaxşı cavab verdi. Elə bir cavab ki, heç vaxt unudulmayacaq. Ölkəmizin adını daşıyan ilk yarış elə ölkəmizin adına layiq oldu. Biz əminik ki, gələn il paytaxtımıza yarışımızı izləmək üçün daha çox azarkeş gələcək. Onlar hətta indidən səbirsizlənirlər. Bizim kimi…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*