Azərbaycan Qran Prisi üçün yerli media nümayəndələrinin akkreditasiyası başlayıb

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti iyun ayında 5-ci dəfə keçiriləcək Azərbaycan Qran Prisinə yerli media nümayəndələrinin akkreditasiyası prosesinə start verib.

F-1.az xəbər verir ki, Azərbaycan Qran Prisi daxil olmaqla bütövlükdə 2020-ci ilin Formula1 üzrə Dünya Çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FİA) və  Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur.

Yerli media nümayəndələrinin yarışa qeydiyyatı əməliyyat şirkətinin vasitəçiliyi ilə həyata keçirilir. Akkreditasiya prosesi fevralın son gününədək davam edəcək. Qeydiyyatdan keçmək istəyən jurnalistlər əməliyyat şirkətinin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri və yarışın milli mətbuat katibi Nigar Arpadarai builki yarışa böyük maraq gözlədiyini bildirib.

Nigar Arpadarai: “Artıq beş ildir ki, biz paytaxtımıza dünyanın ən baxımlı sürət yarışını gətiririk və eynilə dəyərli media təmsilçiləri olaraq siz də bu yarışların ən gözəl şəkildə ictimaiyyətə təqdim olunmasında əvəzsiz xidmətlər göstərirsiniz.

Bu il səylərimizi daha da artırmalıyıq. Çünki bu il beşinci yarışa evsahibliyi edirik və həmçinin Formula1 üzrə Dünya Çempionatının da 70 illiyidir. Bu əlamətdar ildə keçiriləcək yarışa biz xüsusilə hazırlaşırıq və inanıram ki, siz də öz dəstəyinizlə indidən yarışa töhfə verməyə çalışacaqsınız.

Hər il olduğu kimi bu il də qeydiyyat prosesi ciddi qaydalar əsasında aparılır. Maraqlı olan və şərtləri ödəyən hər bir kəsi tezliklə qeydiyyatdan keçməyə dəvət edirəm. İnanıram ki, builki yarışa hər dəfə olduğundan daha çox maraq göstəriləcək və beşinci yarışımız ona yaraşan səviyyədə – möhtəşəm şəkildə işıqlandırılacaq”.

Akkreditasiya prosesi ilə əlaqədar əlavə məlumat əldə etmək istəyənlər (+994 12) 4041383 nömrəsinə zəng edə və ya [email protected] email ünvanına yaza bilərlər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*