Azərbaycan QP: Ümumi vəziyyət

Artıq iki sərbəst yürüş sessiyası geridə qalıb və güc nisbətləri barədə müəyyən sözlər demək mümkündür - mövsümün ümumi vəziyyətinə baxdıqda, ciddi dəyişiklik yoxdur.

Ferrari

Mövsümə aşkar favorit kimi başlayan qırmızılar bura da qələbəyə əsas namizəd kimi gəlib. İlk sərbəst yürüşdə liderliyi az fərqlə əldən versələr də, ikinci sessiyada poula iddialı olduqlarını göstəriblər. Düzdür, komanda nə qədər sürətli olsa da, Ferstappenin finiş gördüyü yarışlarda rəqabətdə uduzurlar.

Burada qırmızıların heç bir sürücünsünün qələbəsi yoxdur. Sayns isə ümumiyyətlə son yarışlarda podium uğrunda mübarizədə belə çətinlik çəkir. Görəsən həm Ferrari, həm də Lekler Bakıda ilk qələbərəni qazana biləcəklər? Poul mübarizəsində isə bir nömrəli iddialı monakolu sürücüdür.

 

Red Bull

Avstriyalılar Bakıda ən uğurlu ikinci komandadırlar. Bakıda geridə qalan 5 yarışda 2 dəfə qalib gələn Red Bull həm də insidentlərlə yadda qalan komandadır. Məsələn, 2018-ci ildə sürücüləri bir-biri ilə toqquşaraq mübarizəni dayandırmışdılar, keçən il isə Ferstappen qələbəyə gedərkən təkəri partlamışdı.

Red Bull və Ferrari tamamilə başqa liqada yarışır, poul uğrunda mübarizə də məhz onlar arasında gedəcək. Komandanın hər iki sürücüsü bura qələbə əzmi ilə gəlib – Ferstappen keçən il yarım qalan işini tamamlayacağını deyir, son yarışlarda əla çıxış edən və Bakı trasında çox uğurlu olan Peres isə çempionatda iddiasını davam etdirmək üçün qələbəyə gözünü dikib.

 

Mercedes

Turboera başlayandan bəri titulları sıralayan “Gümüş oxlar” bu il köhnə günlərini axtarır. Liderlərdən çox geridədirlər və həlledilməli olan çox məsələ var. Bunlardan ən başlıcası isə maşının yırğalanmasıdır.

Mercedes düzlükləri sevir, amma Bakı Şəhər Halqasının 2.2 km-lik uzun düzlüyündə yırğalanma çox yüksək ola və komanda yenə potensialını sərgiləməkdə çətinlik çəkə bilər. Görəsə, Rassell Həmiltona qarşı hegemonluğunu bu il də davam etdirə biləcək?

 

McLaren

Ferrari kimi, McLaren-in də uğurlu günləri artıq keçmişdə qalıb. Bakı trasında onsuz da parlaq çıxış edə bilməyən komanda bu il tək sürücü ilə yarışı desək, yanılmarıq. Komandanın maksimumu Norrisin nəticələri ilə ölçülür.

Rikkardo isə… Peletonda ambissiyasız, həvəssiz görünən iki sürücü varsa, biri odur. İstedadından və potensialından qat-qat zəif çıxış etməsini bir çox səbəbə bağlayırlar. Komandanın onunla mövsüm sonunda vidalaşmaq istədiyi, amma müqaviləni vaxtından əvvəl yalnız sürücünün özünün poza biləcəyi deyilir…

 

Alpine

Rebrendinqdən sonra uzun müddətdə böyük hədəflər seçən komandadan bu il sürprizlər gözləyən çox idi, amma gözlənilənlər olmadı. Düzdür, orta sıralarda çox rəqabətcildirlər, eyni zamanda Alonsonun başına gələnlər bir çox şey barədə dəqiq söz deməyə imkan verməyib.

Dünənki məşqlər komandanın Bakıda kifayət qədər yaxşı vəziyyətdə olduğunu göstərib, baxmayaraq ki, əsas iki komandaya xeyli uduzurlar. Alonso hər iki sərbəst yürüşü top 5-likdə tamamlaya bilib. Uzun düzlük maşına çox uyğundur və Bakıda öyrəşdiyimiz xaotik bir yarış komandaya podyum, hətta qələbə gətirə bilər…

 

Yerdə qalan digər komandalarda ciddi dəyişiklik və ya qeyd edilməsi xüsusi bir şey yoxdur. Görünən odur ki, Aston Martin bir qədər tempini artırarsa, sıralanma turlarında son sessiyanın daimi sakini ola bilər. AlphaTauri bu il zəif görünsə də, gələn il mütləq daha yaxşı vəziyyətdə olacaq. Haas isə Şumaxerin maşınını tam bərpa edə bilməyib…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*