Azərbaycan QP öncəsi: Liderlər qrupunda vəziyyət

Bakı mövsümün dördüncü yarışına ev sahibliyi edir. İlk 3 yarış müxtəlif xarakteristikalı traslarda baş tutub. Bakı Şəhər Halqası da o 3 trasa heç bənzəmir.

Buna baxmayaraq, əvvəlki 3 trasın bir çox xüsusiyyəti unikal Bakı Şəhər Halqasında birləşib.

Bakıdakı yarışa qədər təqvimdə 1 aylıq fasilə yaranıb və komandalar bunu ən yaxşı şəkildə dəyərləndirməyə çalışıblar. Maraqlıdır, görəsən bu həftəsonu qüvvələr nisbətində hər hansı dəyişikliklər müşahidə edəcəyik? Kimlər üstünlük əldə edəcək, kimlər geriləyəcək? F-1.az əsas 4 komanda barədə yazır…

 

Red Bull

Keçən ili böyük üstünlüklə başa vuran, verilən cəzalara baxmayaraq, bu mövsümə də fırtına kimi başlayan “Qırmızı Öküz”lər Bakıda aşkar favoritdirlər. Komandanın maşını rəqiblərinkinə qarşı o qədər üstündür ki, bu fərqin heç 2 ay ərzində də bağlanacağı inandırıcı görünmür. Odur ki, komanda buradakı qələbələrin sayında Merecedes-ə qarşı hesabı 4-3 edə bilər. Eyni zamanda, ardıcıl üçüncü dəfə qalib gələ bilər.

RB19-u hazırda peletonda ən yaxşı formada olan qarşısıalınmaz Maks Ferstappen və şəhər traslarında mükəmməl çıxış edə bilən Serxio Peres idarə edir. Hər iki sürücü bu trasda birdən artıq qələbə qazanmış ilk sürücü olaraq “Bakı Sindromu”nu qıra bilər…

 

Aston Martin

Mövsümün sürpriz komandası özünü artıq testlərdən etibarən göstərməyi bacarıb. İlk üç yarışda çox yaxşı çıxış ediblər və hazırda Mühəndislər Kubokunda ikinci sıradadırlar. Təbii ki, bu uğuru Bakıda da davam etdirmək istəyirlər. Maraqlıdır, ilk üç yarışı podiumda başa vurmuş Fernando Alonso bir zamanlar rəsmi elçisi olduğu Bakı Şəhər Halqasında da şampan şərabı içə biləcək?

Aston Martin-in bu səviyyədə mübarizəyə davam edə biləcəyi barədə bir çox şübhələr var və əksəriyyət bunu komandanın çempionluq mübarizəsində təcrübəli olmaması ilə əlaqələndirir. Lakin Alonso faktorunu da unutmaq olmaz. Komandada hamı yüksək motivasiyadadır. Qələbə hər nə qədər Red Bull sürücüləri finiş görəcəyi halda mümkünsüz hesab edilsə də, şəhər trasında hər bir hadisənin baş verə biləcəyini nəzərə alaraq, Fernandodan növbəti gözəl yarış izləyə bilərik.

 

Mercedes

Turboeraya damğasını vurmuş almanlar 2021-ci ildə Red Bull-un kəskin mübarizəsi ilə qarşılaşıb, keçən il isə açıq şəkildə uduzub. Mövsümün gedişatında inkişaf tempində hamını üstələsələr də, bu il hətta üçüncü komanda təsirini bağışlayırlar – komanda Aston Martin-i də ilk 3 yarışda irəli buraxıb…

Lyuis Həmiltonun qələbə qazana bilmədiyi yarış seriyası artıq 30-a yaxınlaşır. Corc Rassell də Mercedes ilə hələ cəmi 1 olan qələbə sayını artırmaq istəyir. Bakıda zəfər qazanmaq həm komandanın bu bir ayı necə keçirməsindən, həm də səhvlərin bağışlanmadığı şəhər trasında Red Bull sürücülərin başına gələ biləcək neqativ hadisələrdən asılıdır…

 

Ferrari

Keçən mövsümün startında azarkeşləri çox ümidləndirən italyanlar sonradan fiasko yaşamışdılar. Bu mövsüm isə heç o təntənəli start da olmayıb. Belə pis startla da mövsümiçi inkişafda axsayan komandadan gözləntilər çox deyil. Keçən il Bakıda poul qazanmışdılar, lakin bu il adları favoritlər siyahısında deyil.

Maraqlıdır, komanda bu bir ayda nə kimi yeniliklər gətirib? Onlar nə dərəcədə işləyəcək? Nəzərə alaq ki, yenilikləri yoxlaya biləcəkləri cəmi 1 saatlıq tək sərbəst yürüş sessiyası var. BŞH kimi bir trasda nələrin baş verdiyini əvvəlki illər görmüşük, ona görə də “əsla ola bilməz” deyə bilmərik. Amma belə görünür ki, əfsanəvi komanda Bakıda yeddinci yarışında da qələbəyə həsrət qalacaq…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*