F-1.az olaraq bildirək ki, Bakı Şəhər Halqasına çəkilən yeni asfalt qatına görə sürücülərin mümkün qədər ehtiyatlı davranması, yeni formata əsasən, cəmi bir sessiyadan ibarət məşqlərin xeyli hissəsinin qırmızı bayraqlarla dayandırılması sürücülərin yarışa yaxşı hazırlaşmasına, yeniliklərin tam sınaqdan keçirilməsinə imkan verməyib. Buna görə də, gördüyüm güc balansları tam reallığı əks etdirməyə bilər.
1. Red Bull
Komanda bu il öz liqasında yarışır – Maks Ferstappen və Serxio Peres yarışa ilk onluqdan start alacaqları təqdirdə, ilk iki yerdə yarışı başa vuracaqlarına az adam şübhə edər. Ədrian Nyui möhtəşəm maşın hazırlayıb. Şəhər traslarında əla çıxış edən Serxio Bakıda 2 qələbə qazanan ilk sürücü olub. Komanda yoldaşı da itirdiyi yerləri inamlı ötmələrlə geri qazanıb, lakin pit-stopdakı bəxtsizliklə qələbənin komanda yoldaşına getməsinə mane ola bilməyib.
Maşın çox sürətlidir, Red Bull rəqiblərindən azı 2 ay öndədir desək, yanılmarıq. RB19 artıq özünü hər növ trasda yaxşı tərəfdən göstərib. BU həftəsonu Mayamidə də keçilməz olacaqlarını əminliklə demək olar.
2. Ferrari
Mövsümə pis başlayan qırmızılar müəyyən mənada keçən mövsümki vəziyyətlərini xatırladıblar – Şarl Lekler hər iki sıralanma turunda qalib gəlib, lakin hər iki halda da yarışda liderliyini qoruya bilməyib. Komanda özünü yaxşı göstərmək üçün təsnifat rejiminə maşını kökləmək adətindən əl çəkmir.
Amma buna baxmayaraq, həftəsonunun ikinci ən güclü komandası adlandıra bilərik. Həm mövsümdə ilk podiumlarını qazandılar, həm də yarış içində digər komandalardan olan rəqiblərinə tempdə uduzmadılar. Şarl yarışın böyük bir hissəsində arxasındalı Fernando Alonso ilə fərqə çox ustalıqla nəzarət edərək təcrübəli rəqibinə hücum şansı vermədi. Karlos Saynsın da 4-cü olması komandaya Mühəndislər Kubokunda qiymətli xallar qazandırdı.
3. Aston Martin
Mövsümə yaxşı başlayan komanda Bakıda podium seriyasınl davam etdirə bilmədi. Bir çoxları Fernandonun təkəri tez yeyilən Şarlı keçəcəyini düşünsə də, bu baş vermədi. İspan sürücü hətta hücum belə edə bilmədi. Əslində bu həftəsonu onlar hətta Mercedes-dən də üstün görünmürdülər. Baxmayaraq ki, əvvəlki yarışlarda AMR23-ü asanlıqla ən yaxşı ikinci maşın adlandırmaq mümkün idi.
Lakin Mercedes-ə uduzmadılar da. Yarışı onlardan daha önlərdə bitirərək daha çox xal topladılar ki, bu da Mühəndislər Kubokunda ikinciliyi davam etdirmələrinə imkan verdi. Lakin komanda uğurlu tendensiyasını davam etdirmək istəyirsə, mütləq mövsümiçi inkişaf tempində təcrübəli rəqiblərindən geri qalmamalıdır…
4. Mercedes
Komanda üçün artıq alışdığımız bir həftəsonu oldu deyə bilərik. Hər nə qədər hər iki sürücü xal qazansa da, nəinki qələbə, heç podium uğrunda mübarizəyə belə qoşula bilmədilər. Halbuki keçən yarışda Lyui Həmilton hətta podiumun ikinci pilləsinə yüksələ bilmişdi.
Bakının uzun düzlükləri Aston Martin kimi, onlara da mane olan faktorlardan biri idi – hər iki komanda uzun düzlüyü olan trasları xoşlamır. Lakin çempionatda söz sahibi ola bilmək üçün Mercedes-in artırmalı olduğu çox şey var…
5. McLaren
Mövsümə bərbad başlayan, uzun illərdir özünə gələ bilməyən, üstəlik rəhbər dəyişikliyi olan və təcrübəli Daniel Rikkardonun əvəzinə başqa bir gənc avstraliyalı Oskar Piastrını gətirən narıncılar üçün Bakıdakı həftəsonunu digər 5 komandaya nisbətən uğurlu hesab etmək olar. Azından az sayda da olsa, xal əldə edə biliblər.
Komanda paytaxtımıza ən çox yeniliklər gətirən komandalardan biridir. Amma onlar yenə də ilk dörd komandaya az da olsa, yaxınlaşmağa kömək etməyib. Həm sürücü heyətinin gəncliyi, həm rəhbər dəyişikliyi komandanın bu ili də orta qrupda müəyyən üstünlük əldə etməyə çalışacağını göstərir…
— *** —
Bakı yarışının nəticələri ilk beşliyi belə formalaşdırmağımıza səbəb olub. Növbə isə Mayamidədir. Görək okeanın o sahilində güc nisbətləri necə olacaq və ya hər hansı sürpriz irəliləyiş izləyəcəyik?..