Azərbaycan-2021: Qazananlar və itirənlər

Azərbaycan Qran Prisi bu dəfə də təəccübləndirmədi. Təəccüblü hadisələr çox oldu və olmaması təəccüb doğurardı. F-1.az olaraq, sürprizlərlə dolu yarışın qazananlarına və itirənlərinə toxunaq.

QAZANANLAR

Serxio Peres

Red Bull komandasına keçidi rəsmiləşdikdə, hamını bir sual düşündürürdü: peletonun ən yaxşılarından olan Maks Ferstappenə qarşı nə edə biləcək? Özü də demişdi ki, komandaya öyrəşməsi üçün 5 yarış lazımdır. Görünən budur ki, “Çeko” düz hesablayıb. İlk yarışlarda komanda yoldaşının kölgəsində qalan Peres Red Bull ilə çıxdığı məhz 6-cı yarışda mövsümdə və komandada ilk, karyerasında ikinci qələbəsini əldə etdi.

Düzdür, bu zəfərdə Ferstappenin şanssız qəzasının və Həmiltonun səhvinin böyük rolu var. Amma bunlar kölgə salmamalıdır. Serxio yarış boyu hər şeyin ən əlasını etdi; altıncı yerdən başladığı yarışda startda dərhal Saynsı ötərək həlledici həmləni etdi, ardınca Qasli ona mane olmadı, bir qədər sonra isə yarış tempindən əsər-əlamət olmayan Leklerin Ferrari-sini keçərək üçüncü yerə yüksəldi. Lakin bununla da bitmədi. Həmilton kimi, onu da pit-stop zamanı gecikdirsələr də, trasa öndə qayıda bildi. Son dünya çempionunun bir neçə hücumuna məhəl qoymayaraq, yüksək tempdə yarışını davam etdirdi. Restartdan sonra da etməli olduğu maşını finişə hamıdan öndə çatdırmaq idi, əsas rəqibi ilk döngədə dönmədən düz getdiyi üçün heç də çətin olmadı.

Son yarışımızın ən böyük qazananı, şübhəsiz ki, Serxio Peresdir.

 

Sebastyan Fettel

Tarixdə onun qədər tənqid olunan multiçempion yoxdur. Üstəlik, dördqat dünya çempionudur. Bunda təbii ki, özünün və karyerasındakı mərhələlərin rolu böyükdür. İllərlə güclü Red Bull-da Mark Vebberdən daha çox qayğı görərək qazandığı 4 titulu bir çoxları ciddi qəbul etmir. Ardınca Rikkardoya yenilərək Ferrari-yə keçməsi, orda da axtardığını tapmaması əleyhinə olan çıxışların artmasına xidmət edib. Ferrari dövründə böyük xal fərqi ilə üstün olsa da, çempionluğu əldən verməsi və saysız-hesabsız yerində fırlanmalarla karyerasının ən böyük enişini yaşayıb.

Lakin Aston Martin onun üçün özünü sübut etmək şansı idi. Düşünürəm ki, Sebastyan bunun öhdəsindən gəlir. Hər nə qədər komanda keçənilki qədər iddialı olmasa da. Son iki yarışda çox qiymətli xallar əldə edib. Bunda komandanın xüsusilə də Bakıda seçdiyi mükəmməl strategiyanın da rolu var. Lakin yarışa 11-ci yerdə başlayaraq podiumun 2-ci pilləsinə qalxmaq üçün bu, bəs etmir. Maşın çox yox, bir qədər imkan versəydi, əminəm ki, son 2 dövrədə Peresə Həmiltonun edə bilmədiyi hücumları da edəcəkdi və kim bilir, bəlkə sürpriz bir qələbə izləyəcəkdir.

Fettel son yarışda təkcə podium və 18 xal yox, həm də bir çox azarkeşin simpatiyasını qazanıb. Formula1-in ona çox ehtiyacı var və biz ondan belə nəticələr çox görəcəyik…

 

Pyer Qasli

Ümumi görünüşə baxdıqda, Bakıda əla tempi olan maşın ilə sıralamada dördüncü olan, önündəki 3 sürücünün heç birinin podium görmədiyi yarışı üçüncü yerdə tamamlamaq uğur kimi təsir bağışlamaya bilər. Lakin məsələ belə deyil. İstənilən halda, peletonda yarış tempi daha əla olan maşınlar var idi. Elə ilk dövrənin ilk döngələrində “böyük qardaş” Red Bull-un qələbəsi üçün də həlledici addımı atdı, ona tapşırılanı edərək Peresi önə buraxdı. Bu qədər xaotik yarışda heç bir səhvə yol vermədən karyerasında 3-cü podiumunu əldə etdi.

Maraqlı paradoksdur – səni daha güclü olan Red Bull-a götürürlər, burada heç vaxt podium üzü görmürsən, yalnız bir dəfə 4-cü olursan. Komanda səni uğursuzluqlarına görə yenidən köhnə komandana qaytarır. Burada isə 2 ildən az müddətdə 3 dəfə podiumda şampan şərabının dadına baxmağa nail olursan. Hətta podiumun hər dəfə müxtəlif pillələrində olaraq. Red Bull artıq çoxdan dərk edib ki, Elbonu Red Bull-a gətirmək, Maksı gətirmək qədər doğru addım deyildi.

 

Fernando Alonso

Alpine bu il demək olar ki, ən yaxşı təsir bağışladığı yarışı geridə qoydu. Artıq cümə günündən bəlli idi ki, komanda hər iki sürücü ilə son sessiyaya keçəcək gücdədir, lakin ikinci sessiyada Okonun son dövrəsinə qırmızı bayraqlar mane olmasaydı, bəlkə də, bu, reallaşardı. Fernando yarışda xüsusi heç nə etməsə də, “qoca qurd” amili köməyinə çatdı. Yarışın hər anında üzərinə düşəni artıqlaması ilə etdi.

Yarışın ortasında Soft təkərlərə keçərək dərhal bir-neçə yer qazansa da, Rikkardoya yaxınlaşa bilməməsi təəssüf doğurmuşdu, lakin restartdan sonra 2 dövrədə ardıcıl hücumlarla və Lyuisin geri düşməsi ilə 4 pillə yüksələ bildi, çempionatda da komanda yoldaşının önünə keçdi.

 

Red Bull

Turboera başladıqdan bəri Mercedes-in biləyi bükülmür. Ferrari buna nail olmağa yaxınlaşmışdı, lakin onun da hansı yollara baş vurduğu sonradan məlum oldu. Biz 2014-cü ildən bəri həm ən güclü, həm ən etibarlı, həm də ən çalışqan komanda kimi Mercedes-i görmüşük. Lakin bu il mövsümöncəsi testlərdən hiss olunurdu ki, Red Bull ciddi rəqibdir, hətta üstün ola bilər. Bu, özünü ilk yarışlarda da doğrultdu. Hamı artıq Mercedes-in ənənəvi olaraq, vəziyyəti lehinə dəyişəcəyini gözləyirdi, lakin ilk 6 yarışda bu baş vermədi.

Bakıya mübahisəli yeniliklə gələn Red Bull-un sıralanma turunda ilk cərgəyə heç bir sürücüsü yüksələ bilmədi. Mercedes-in yarış tempinin daha yaxşı olduğu proqnozlaşdırılsa da, bazar günü bizə tam əksini göstərdi. Həmilton hər nə qədər liderliyə yüksəlsə də, pit-stopda ləngidikdən sonra gerisinə düşdüyü hər iki Red Bull sürücüsünə tempdə uduzdu. Hətta geri düşməsəydi belə, ən azı, Maks tərəfindən keçiləcəyini də ehtimal etmək olar. Red Bull Monakoda Mühəndislər Kubokunda əldə etdiyi minimal üstünlüyü artıq 26 xala çatdırıb. İki komandanın 4 sürücüsündən üçünün xal qazanmadığı yarışda Peresin 25 xalı doğrudan da səhrada tapılan su kimidir.

 

İTİRƏNLƏR

Maks Ferstappen

Bu mövsümə çempionluq hədəfi ilə başlayan, geridə qalan bütün yarışları ilk iki yerdə tamamlamağı bacaran Maks Monakoda karyerasında ilk dəfə çempionatda liderliyə yüksəlmişdi. Bakıda da bunu daha da möhkəmlədəcəyi gözlənilən idi. Düzdür, sıralanma turunun nəticələri onun azarkeşləri üçün bir qədər məyusedici sayıla bilərdi. Start da sakit keçdi, getdikcə vəziyyət onun lehinə çevrildi. Lekleri ötdükdən sonra Həmiltona sürətlə yaxınlaşması tempin daha yaxşı olmasından xəbər verirdi. Lyuisin pit-stopda ləngiməsi fonunda cəmi bir dövrə sonra (həmin dövrəni super keçərək) 1.9 saniyəlik möhtəşəm pit-stop edərək trasa ciddi fərqlə əsas rəqibinin önündə qayıda bildi.

Əminliklə qələbəyə doğru irəliləyərkən son dövrələrdə lider gedən bir sürücünün başına gələ biləcək ən pis şeylə qarşılaşdı – öz səhvi olmadan, yan təsirlərə görə qəza edərək xalsız qalmaq. Bu dəfə baş rolda Pirelli-nin təkərləri idi və bundan bir qədər əvvəl də Strollu yarı yolda qoymuşdular. Maks üçün yarışın bu hissəsi hər nə qədər kabus kimi keçsə də, restartdan dərhal sonra Lyuisin səhvi əminəm ki, onu çox sevindirdi. Azından, Maks paytaxtımızdan əlavə üstünlüklə gedə bilməsə də, geri də düşmədi – 4 xal fərqlə üstünlük yerində qalıb. Bunun fonunda, maşının tempi ona və komandasına pozitiv düşünmək üçün əsas verir…

 

Lyuis Həmilton

Lyuisin Monakoda istədiyini əldə edə bilməməsi və çempionatda liderliyi əldən verməsi deyəsən əsəblərinə xeyli toxunub. Bakıda bunu həm trasda, həm də kənarda kifayət qədər hiss etdirdi. Lakin sıralanma turunda özünün də gözləmədiyi ikincilik, gözlənilən yarış tempi, poulda Leklerin olması artıq onu qələbəyə bir nömrəli namizəd etmişdi. Elə yarışın başlanğıcı da bunu göstərdi – Lekleri ötərək liderliyə yüksəlməsi çox vaxtını almadı. Pit-stopdan əvvəlki bir neçə dövrəyə qədər də hər şey əla gedirdi, Maksın ona yaxınlaşması fonunda verilən pit-stop qərarı da doğru idi. Amma bundan sonra yarışın məcrası dəyişdi.

Ləng baş tutan pit-stopun fonunda Maksın maşınına mükəmməl xidmət edilməsi, təkərlərini isidənə qədər hətta özü kimi pit-stopda ləngidilən Peresin arxasına düşməsi işlərini çətinləşdirdi. Peresi qovmaq onun ən böyük üstünlüyünü – təkərləri daha yaxşı qorumağı da əlindən alırdı. Yəni trasda baş verən hər şey onun əleyhinə idi. Peresə belə çata bilmədiyi üçün artıq üçüncülüklə də barışmışdı ki… Məhz bu dəmdə Ferstappenin qəzası baş verdi. Maksın xalsız qalması fonunda qazanılacaq 18 xal ona çempionatda böyük üstünlük verəcəkdi.

Lakin Lyuis deyəsən buna qane olmaq istəmədi. Restartda əyləci çox gec basdı, ya buna görə, ya da komandanın versiyasında səslənildiyi kimi, səhv düyməyə toxunduğuna görə ilk döngəyə girə bilmədi, trasa ən geridə qayıtdı və xal zonasına yenidən düşmək üçün sadəcə vaxt və məsafə qalmadı. Səbəb hər nə olur olsun, Lyuisin öz səhvi idi. Sakitcə yarışı ikinci, hətta ilk onluqda hər hansı bir yerdə tamamlasaydı belə, onun xeyrinə idi…

 

Şarl Lekler

Lekler son iki yarışda poul əldə edib. Hər iki halda da sessiya insidentlə başa çatıb ki, Monakodakında baş qəhrəman məhz özü idi. Bakıda Ferrari-dən heç kim poul gözləmirdi, baş verdi. Lakin yenə də, maşının Şarla qələbə imkanı verəcəyinə inanan çox az idi. Startdan sonra cəmi bir neçə dövrə tab gətirə bildi və axradakı sürücülər ardıcıl olaraq onu çox asanlıqla keçdilər.

Şarl əla mövsüm keçirir. Çempionatda 5-ci yerdədir ki, Monakodakı həm qəza, həm şanssızlıq baş verməsəydi, indi onu daha yaxşı yerdə görə bilərdik. İstənilən halda, poul qazanmış sürücünün düz arxasındakı iki nəfərin xal belə qazana bilmədiyi yarışı dördüncü yerdə başa vurması məyusedicidir. Üstəlik, başına heç bir hadisə gəlmədən. Ferrari zəifliklərini aradan qaldırmaq əvəzinə, şou dalınca qaçmaq adətindən uzun illərdir ki, əl çəkmir. Öyrəşmişik…

 

Valtteri Bottas

Monakoda komanda yoldaşından fərqli olaraq, əla təsir bağışlayan Valtteri böyük şanssızlığın qurbanı olaraq yarışı yarımçıq saxlamalı olmuşdu. Bu istənilən pilota ciddi mənfi təsir göstərə biləcək amildir. Lakin Valtteriyə nəyinsə təsir göstərməsinə ehtiyac yoxdur, o mübarizə aparmaq barədə çoxdan düşünmür. İlk 5 yarışın ikisini tamamlaya bilməyib, qalan üçündə isə podiumun üçüncü pilləsini tutub. Yəni, nə komanda yoldaşını bir dəfə üstələyə bilib, nə də Ferstappeni. Bakıda sıralanma turunda 10-cu olmasını haradasa komandanın strategiyasına görə güzəştə getmək olar – Bottas Həmiltona hava boşluğu yaratmaq üçün bir növ sıralanma turunu qurban verdi.

Lakin idarə etdiyi bolidin Mercedes olduğu bir pilota Bakı kimi keçidlərə yüksək imkan verən trasda və peletonda az qala hər kəsin ötmə etdiyi yarışda ümumiyyətlə kiməsə hücum edə bilməməsi, yarışı başladığı onuncu yerdə və ya daha yaxşı mövqedə tamamlamaq bir tərəfə, hətta öndə yarış bitirə bilməyən sürücülərin olmasına rəğmən, 12-ci yerdə finiş xəttini keçməyi güzəştə getmək olmaz! Üstəlik, heç bir problemlə üzləşmədiyi halda. Görünən budur ki, gələn mövsüm komandada olmayacağı dəqiqdir. Hətta çempionatdakı vəziyyətə görə, yay fasiləsində də göndərilə bilər. Mən isə bu gedişlə, Mercedes-in heç avqust ayını da gözləyəcəyini düşünmürəm…

 

Mercedes AMG

Son 7 ilin çempion komandası Monako yarışından sonra vaxtını Bakıya hazırlaşmaqdan çox, əsas rəqiblərinin qanad məsələsinə ayırdı. Bunun illeqal olduğunu, dərhal yoxlanılmalı olduğunu bildirdilər, lakin keçənilki DAS sisteminə olan yanaşma deyəsən yadlarına belə düşmədi. Daha doğrusu, bu, sərf etmədi. Bakıdakı sıralanma turunda Həmiltonun ikinci yerdən startı özlərinin də dediyi kimi, çox da gözlənilmirdi və yaxşı nəticə hesab etdilər. Yarış tempinə görə də, demək olar ki, hamı Mercedes-in Bakı küçələrində baş tutan 5-ci yarışda 4-cü qələbəsini qazanacağını gözləyirdi.

Bu baş verə bilərdi, Lyuis pit-stopda bu qədər ləngiməsəydi. Düzdür, eyni şanssızlığı Peres də yaşadı, lakin Mercedes mexanikləri bu işin öhdəsindən lazımi şəkildə gəlsəydilər, Lyuis Peresin önündə olardı, Maksın qəzasından sonrakı restarta da hamıdan öndə başlayardı və o səhvi bəlkə də, etməzdi. Olanlar olub, nəticə etibarı ilə, Mercedes son iki yarışda cəmi bircə sürücü ilə 7 xal qazanmağa nail olub. Mümkün 88 xaldan sadəcə 7-si… Bunun fonunda isə Red Bull 62 xal əldə edib və Mühəndislər Kubokunda fərqi artıq 26-a çatdırıb.

Bakıda xalsız qalan Mercedes üçün bu hal hibrid motorlara keçiddən sonra cəmi üçüncü dəfədir ki, baş verdi…

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*