Azərbaycan-2018: Yarış

Bakıda Formula1 üç ildir ki, keçirilir. Əvvəlki illərdəki yarışlarda Peres və Stroll kimi sürücülər burada gözlənilmədən podiuma yüksəlmişdilər. Hətta keçən il qalib gələn Rikkardo yarışın favoriti də deyildi. Bu il isə mövsümün əvvəli çox maraqlı alınıb. Mercedes Bakıya qədər baş tutan üç yarışda qalib gələ bilməyiblər, cəmi bir dəfə Melburnda poulun sahibi olublar. İlk üç yarışdan sonra sürücülər çempionatında Fettelin, Mühəndislər Kubokunda Mercedes-in lider olması, son yarışda isə Red Bull-un qalib gəlməsi Azərbaycan Qran Prisinin gərgin keçəcəyindən xəbər verirdi.

Əvvəlki illərdə yarış iyunun sonlarında baş tutduğundan, bu dəfə hava müqayisədə nəzərə çarpacaq qədər sərin olub. Lakin bu ciddi problem yaratmayıb. Sadəcə güclü külək sürücülərin işini çətinləşdirib. Bakı “Küləklər şəhəri” adını doğruldub.

F-1.az xatırladır ki, cümə günü ilk sərbəst yürüşlərdə Bottas, ikinci sərbəst yürüşlərdə isə Rikkardo protokollara başçılıq edib. Dünən səhər baş tutan məşqlərdə Fettel hamıdan sürətli olub. Gərgin mübarizəyə səhnə olan sıralanma turunda Fettel mövsümdə üçüncü poulunu əldə edib. O, Həmiltonu cüzi fərqlə üstələyib.

Pirelli Bakıya bu il daha yumşaq tərkibləri – Soft, SuperSoft və UltraSoft təkərləri gətirib. UltraSoft təkərlər sürücülərə nəzərəçarpacaq üstünlük verib, lakin artıq məşqlərdən onların resursunun burada tez tükəndiyi məlum olub.

Sıralanma turunun ikinci sessiyasında top komandaların sürücüləri SuperSoft təkərlərlə boksu tərk ediblər ki, yarışa məhz bu tərkiblə başlasınlar. Lakin Rəykkönen səhvə yol verdiyindən, ikinci cəhdində UltraSoft təkərlərə keçməyə məcbur olub.

Ötürmələr qutusu dəyişdirildiyi üçün Hülkenberq startda 5 yer itirib. Eyni halla Qrojan da qarşılaşıb, lakin bu cərimə sıralanma turunda sonuncu olan fransızın mövqeyinə heç bir təsir etməyib. Rəykkönen, Okon, Peres, Sayns, Lekler və Qasli UltraSoft, Hartli və Qrojan Soft, digər sürücülər isə SuperSoft təkərlərlə yarışa başlayıblar.

Fettel əla start alaraq rəqiblərinə hücum şansı verməyib. Okon Rəykkönenlə toqquşmadan sonra mübarizəni dayandırıb. Sirotkin Pereslə təmas yaşasa da, maşınlara zərər dəyməyib, lakin stüardlar onu cəzalandırıblar. Rus sürücü daha sonra Hülkenberq və Alonsonun arasında qalıb, təmasda asılqanı qırılıb və yarış onun üçün başa çatıb. Eriksson da Maqnussenlə insidentə görə 10 saniyə cəzalandırılıb. Təhlükəsizlik Maşını trasa daxil olub. Sağ tərəfdəki hər iki təkəri deşilən Alonso məcburi pit-stop edib və Soft təkərlərə keçib. Hartli də təkərlərini dəyişib. Rəykkönenin maşının ön qanadı yenisi ilə əvəzlənib. TM arxasında ilk onluq: Fettel – Həmilton – Bottas – Rikkardo – Ferstappen – Sayns – Stroll – Peres – Hülkenberq – Qasli.

5-ci dövrədə restart verilib. Fettel yenə liderliyini qoruyub, Ferstappen və Sayns Rikkardonu keçiblər. Fettel 2 dövrə ərzində Həmiltonla fərqi 3 saniyəyə çatdırıb. Rəykkönen bariyerlərlə sürtünüb, lakin maşın zədələnməyib. Hər iki Red Bull sürücüsü ERS sisteminin problemi ilə qarşılaşıblar. Nəticədə 9-cu dövrədə Sayns Ferstappeni, növbəti dövrədə isə Hülkenberq Rikkardonu keçib. Alman sürücü dərhal Ferstappenə hücumlar etməyə başlayıb və onu da keçib. 10-cu dövrədə ilk onluq: Fettel – Həmilton – Bottas – Sayns – Hülkenberq – Ferstappen – Rikkardo – Stroll – Lekler – Rəykkönen.

Hülkenberq bu dəfə də Bakıdakı yarışı başa vura bilməyib. 11-ci dövrədə bariyerlərlə təmasda araxa sol təkəri zədələyib və mübarizəni dayandırıb. Rikkardo bir neçə dəfə Ferstappenə hücumlar edib, təkər-təkərə mübarizələr insidentsiz ötüşüb. Qasli 13-cü dövrədə pit-stop edib, Rəykkönen Strollu üstələyərək 8-ci yerə yüksəlib. Növbəti dövrələrdə Sayns və Vandorn təkərlərini dəyişiblər. Strollu bu dəfə Peres keçib.

Həmiltn 23-cü, Stroll 24-cü, Lekler 25-ci dövrədə pit yoluna üz tutublar. İki dövrə sonra Rikkardo birinci döngədə Ferstappeni keçib, lakin hollandiyalı sürücü ikinci döngədə mövqeyini geri alıb. 31-ci dövrədə Fettel də təkərlərini dəyişib. Rikkardo nəhayət, Ferstappeni keçib. Daniel 38-ci, Maks isə 39-cu dövrədə UltraSoft təkərlərə keçiblər. Maks trasa komanda yoldaşının önündə qayıdıb.

Yarışın 40-cı dövrəsində start düzlüyündə Rikkardo Ferstappenə hücum edib. Bu zaman toqquşma baş verib və hər iki sürücü mübarizəni dayandırmalı olub. Təhlükəsizlik Maşını bir daha trasa daxil olub. Ferrari və Mercedes sürücüləri dərhal UltraSoft təkərlərə keçiblər, Peres isə SuperSoft-a üstünlük verib. TM arxasında ilk onluq: Bottas – Fettel – Həmilton – Rəykkönen – Peres – Sayns – Lekler – Stroll – Alonso – Maqnussen.

Qrojan 43-cü dövrədə TM arxasında maşını bariyerə vuraraq mübarizəni dayandırıb. Tibbi Maşın və Təxliyə Maşını trasa daxil olub. Qrojan xəsarət almayıb. 47-ci dövrədə restart verilib. Fettel Bottasa hücum edərkən əyləcləri çox gec basıb və trasdan bir qədər çıxıb. Həmilton və Rəykkönen dərhal fürsətdən yararlanaraq onu ötüblər. Alonso isə Strollu qabaqlayaraq daha bir mövqe qazanıb. Təkərləri yeyilən Fettel Peres tərəfindən də keçilib.

49-cü dövrədə daha bir gözlənilməz hadisə baş verib – qələbəyə doğru gedən Bottasın arxa sağ təkəri start düzlüyündə deşilib və finlandiyalı sürücü üçün yarış başa çatıb.

Lyuis Həmilton mövsümdə və Azərbaycanda ilk, karyerasında 63-cü qələbəsini əldə edib. Xatırladaq ki, Lyuis son qələbəsini keçən il ABŞ-da qazanmışdı. O, həm də sürücülər çempionatında liderliyə yüksəlib. Rəykkönen ikinci yeri tutub, Peres isə yenə də Bakıda podiuma yüksələ bilib – hər üç sürücü mövsümün ilk dörd yarışındakı ən yaxşı nəticələrini əldə ediblər. Lekler və Hartley karyeralarında ilk xallarını qazanıblar. Stroll da komandasının bu mövsümdəki xal hesabını açıb.

Azərbaycan Qran Prisi yenə də unudulmaz hadisələri və dramatikliyi ilə yadda qalıb. Mübarizə iki həftə sonra Barselonada davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 44 Lyuis Həmilton Mercedes AMG 1:43.44.291 1
2 7 Kimi Rəykkönen Ferrari + 0:02.460 1
3 11 Serxio Peres Force İndia + 0:04.024 1
4 5 Sebastyan Fettel Ferrari + 0:05.329 1
5 55 Karlos Sayns Renault + 0:07.515 1
6 16 Şarl Lekler Sauber + 0:09.158 1
7 14 Fernando Alonso McLaren + 0:10.931 1
8 18 Ləns Stroll Williams + 0:12.546 1
9 2 Stoffel Vandorn McLaren + 0:14.152 3
10 28 Brendon Hartli Toro Rosso + 0:18.030 2
11 9 Markus Eriksson Sauber + 0:18.512 2
12 10 Pyer Qasli Toro Rosso + 0:24.720 1
13 20 Kevin Maqnussen* Haas + 0:30.663 1
14 77 Valtteri Boyyas Mercedes AMG 1

 

* Maqnussenin nəticəsinə Qasli ilə insidentə görə 10 saniyə əlavə olunub.

Sürətli dövrə: Valtteri Bottas (Mercedes AMG) – 1:45.149 (37-ci dövrə, 205.252 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Roman Qrojan Haas 43 qəza
Daniel Rikkardo Red Bull 39 qəza
Maks Ferstappen Red Bull 39 qəza
Niko Hülkenberq Renault 10 qəza
Sergey Sirotkin Williams 1 qəza
Esteban Okon Force İndia 1 qəza

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes AMG Petronas Motorsport 70
2 5 Sebastyan Fettel Scuderia Ferrari 66
3 7 Kimi Rəykkönen Scuderia Ferrari 48
4 77 Valtteri Bottas Mercedes AMG Petronas Motorsport 40
5 3 Daniel Rikkardo Aston Martin Red Bull Racing 37
6 14 Fernando Alonso McLaren F1 Team 28
7 27 Niko Hülkenberq Renault Sport Formula 1 Team 22
8 33 Maks Ferstappen Aston Martin Red Bull Racing 18
9 11 Serxio Peres Sahara Force India F1 Team 15
10 55 Karlos Sayns Renault Sport Formula 1 Team 13
11 18 Pyer Qasli Red Bull Toro Rosso Honda 12
12 20 Kevin Maqnussen Haas F1 Team 11
13 16 Şarl Lekler Alfa Romeo Sauber F1 Team 8
14 2 Stoffel Vandorn McLaren F1 Team 8
15 18 Ləns Stroll Williams Martini Racing 4
16 9 Markus Eriksson Alfa Romeo Sauber F1 Team 2
17 31 Esteban Okon Sahara Force India F1 Team 1
18 28 Brendon Hartli Red Bull Toro Rosso Honda 1

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Scuderia Ferrari Ferrari 114
2 Mercedes AMG Petronas Motorsport Mercedes 110
3 Aston Martin Red Bull Racing Renault 55
4 McLaren F1 Team Renault 36
5 Renault Sport Formula 1 Team Renault 35
6 Sahara Force İndia F1 Team Mercedes 16
7 Red Bull Toro Rosso Honda Honda 13
8 Haas F1 Team Ferrari 11
9 Alfa Romeo Sauber F1 Team Ferrari 10
10 Williams Martini Racing Mercedes 4
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*