Azərbaycan-2018: Maraqlı statistika

F-1.az Azərbaycan Qran Prisindən sonra maraqlı statistik məlumatları sizin nəzərinizə çatdırır…

SIRALANMA TURU

Sebastyan Fettel mövsümdə ardıcıl üçüncü, karyerasında  53-cü poulunu qazanıb. O, həm də ilk cərgədən start almaq sayına görə (87) Ayrton Sennaya çatıb.

Bakı Şəhər Halqası Sebastyan Fettelin poul qazandığı 23-cü, ilk cərgədən yarışa başladığı 26-cı tras olub.

Sebastyan Fettel Felipe Massadan sonra ardıcıl üç poul qazanan ilk Ferrari sürücüsü olub. Braziliyalı sürücü 2007-ci ildə Malayziya, Bəhreyn və İspaniya Qran Prilərinə öndən başlamışdı.

Bakı Şəhər Halqası Ferrari komandasının azı bir poul qazandığı 49-cu tras olub.

Sıralanma turunda ikinci olan Lyuis Həmilton 120-ci dəfə yarışa ilk cərgədən başlayıb. Britaniyalı sürücü bu göstəriciyə görə mütləq liderdir.

Valtteri Bottas ardıcıl üçüncü yarışda üçüncü yerdən start alıb.

Sıralanma turunda altıncı olan Kimi Rəykkönen 2016-cı ildə Meksika Qran Prisindən bəri ən pis nəticəsini əldə edib. O, keçən il Yaponiyadakı yarışa 10-cu yerdən start vermişdi, lakin buna səbəb ötürmələr qutusu dəyişdirildiyi üçün 5 yer itirməsi olmuşdu.

 

YARIŞ

Son altı ayda (keçənilki ABŞ Qran Prisindən bəri) ilk dəfə qalib gələn Lyuis Həmilton karyerasında 63-cü qələbəsini qazanıb.

Lyuis Həmilton Formula1-də yarışdığı 12-ci mövsümündə də qalib gəlib və çempionat tarixində buna nail olan yeganə sürücüdür.

Bakı Şəhər Halqası Lyuis Həmiltonun qələbə qazandığı 25-ci tras olub – britaniyalı sürücü bu göstəriciyə görə də vahid liderdir.

Lyuis Həmilton karyerasında 120-ci dəfə podiuma yüksəlib.

Yarışda ikinci olan Kimi Rəykkönen 29 müxtəlif trasda podiuma yüksəlmiş olub və Alen Prostun nəticəsini təkrarlayıb. Finlandiyalının aktivində artıq 94 podium var.

Yarışı üçüncü yerdə başa vuran Serxio Peres 8 dəfə podiuma yüksələn ilk meksikalı sürücü olub. O, Pedro Rodrigesi üstələyib.

Finiş xəttini altıncı keçən Şarl Lekler Formula1 tarixində xal qazanmış ikinci Monakolu sürücü olub. Digəri isə təbii ki, Lui Şirondur.

Brendon Hartli çempionatda Kris Amondan sonra xal qazanan ilk yeni zelandiyalı sürücü olub.

Yarışın sön dövrələrində lider gedərkən təkəri partladığı üçün mübarizəni dayandıran Valtteri Bottasın 18 yarışlıq məhsuldar seriyası sona çatıb.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*