F-1.az xatırladır ki, dünən baş tutan sərbəst yürüşlərdə Maks Ferstappen üstün olmuşdusa da, bu gün keçirilən son məşqlərdə Mercedes AMG liderliyi yenidən ələ almışdı və Bottas hamıdan sürətli olmuşdu.
Pirelli ölkəmizə orta üçlüyü – Medium, Soft və SuperSoft tərkibləri gətirib. Medium tərkiblərdən əsasən bu gün baş tutan məşq sessiyasının əvvəlində istifadə edilib. Sürücülər bura gətirilmiş ən yumşaq tərkib olan SuperSoft-ları belə qızdırmaqda çətinlik çəkiblər.
Birinci sessiyada Palmer istisna olmaqla, bütün sürücülər SuperSoft təkərlərlə boksları tərk ediblər – britaniyalı sürücünün maşınında yağ sızıntısı aşkarlanıb və problemi vaxtında aradan qaldırmaq mümkün olmadığından sıralanma turunda iştirak etməyib. Səhvlər yenə də müşahidə edilib – Sayns, Maqnussen və Qrojan 2-ci, Massa isə 8-ci döngədə səhvə yol verib. Mercedes AMG, Ferrari və Red Bull-un sürücüləri ikinci cəhdlərinə çıxmayıblar.
Protokollara rekord nəticə ilə Həmilton başçılıq edib – 1:41.983. Palmerlə yanaşı, mübarizəni dayandıran digər sürücülər isə Alonso, Qrojan, Eriksson və Vandorn olublar.
İkinci sessiyada da sürücülərin hamısı trasa SuperSoft-la çıxıblar. Həmilton bu dəfə də rekordunu bir qədər yaxşılaşdırıb – 1:41.275. Ferrari və Red Bull sürücüləri onun nəticəsinə 0.6 saniyədən çox uduzublar. Bottas sessiyanın sonunda komanda yoldaşına bir qədər yaxın nəticə göstərib və ona 0.227 saniyə uduzub. Kvyat, Sayns, Maqnussen, Hülkenberq və Verlyayn mübarizəni dayandırıblar.
Son sessiyada Stroll və Force İndia-nın sürücüləri istisna, qalan 7 sürücü dərhal trasa çıxıb. İlk cəhdlərdən sonra Bottas Həmiltonun rekordunu 0.001 saniyə yaxşılaşdıraraq liderliyə yüksəlib – 1:41.274. Finlandiyalı həmin dövrəsində 8-ci döngədə kiçik səhvə də yol verib. İlk iki sektorun rekordu ilə gələn Həmilton isə 16-cı döngədə trasdan çıxıb və vaxt itirib. Lakin britaniyalı yenə də ikinci nəticəni göstərə bilib. Sessiyanın sonuna 3 dəqiqədən bir qədər çox qalmış, Rikkardonun maşını 6-cı döngənin çıxışında sürüşərək divara dəyib. RB13-ün arxa asılqanı sınıb. Sessiya qırmızı bayraqlarla dayandırılıb.
Yaşıl işıqlar təxminən 9 dəqiqə sonra yanıb. Poul uğrunda mübarizə qaldığı yerdən davam edib – ilk sektordan sonra Bottas daha üstün olub, lakin Lyuis ikinci sektorda möhtəşəm nəticə göstərərək rəqiblərini trasın təkcə bu hissəsində 0.3 saniyə üstələyib. Bottas nəticəsini yaxşılaşdırıb – 1:41.027. Həmilton isə 1:40.593-lük nəticə göstərib və keçənilki poul nəticəsini 2 saniyədən çox üstələyərək trasın yeni rekorduna imza atıb.
66-cı poulunu qazanan britaniyalı Ayrton Sennanı keçib. Mixael Şumaxerə çatmaq üçün isə cəmi 2 poul qalıb. Sabahkı yarışa Lyuisin yanından komanda yoldaşı Valtteri başlayacaq. İkinci cərgəni isə Ferrari sürücüləri zəbt ediblər – Rəykkönen bu dəfə Fetteli qabaqlayıb. Üçüncü cərgədən isə Ferstappen və Peres start alacaqlar.
Sabah bizi saat 17:00-dan etibarən gərgin yarış gözləyir. Azərbaycan Qran Prisi çox maraqlı olacaq!
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1 | 1:41.983 | 6 | 1 | 1:41.275 | 6 | 1:40.593 | 8 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 7 | 1:43.026 | 6 | 2 | 1:41.502 | 9 | 1:41.027 | 8 |
3 | 7 | Kimi Rəykkönen | Ferrari | 3 | 1:42.678 | 8 | 5 | 1:42.090 | 7 | 1:41.693 | 8 |
4 | 5 | Sebastyan Fettel | Ferrari | 6 | 1:42.952 | 9 | 3 | 1:41.911 | 7 | 1:41.841 | 7 |
5 | 33 | Maks Ferstappen | Red Bull | 2 | 1:42.544 | 7 | 4 | 1:41.961 | 7 | 1:41.879 | 8 |
6 | 11 | Serxio Peres | Force İndia | 9 | 1:43.162 | 8 | 8 | 1:42.467 | 7 | 1:42.111 | 6 |
7 | 31 | Esteban Okon | Force İndia | 8 | 1:43.051 | 6 | 10 | 1:42.751 | 8 | 1:42.186 | 7 |
8 | 18 | Ləns Stroll | Williams | 12 | 1:43.613 | 10 | 7 | 1:42.284 | 8 | 1:42.753 | 3 |
9 | 19 | Felipe Massa | Williams | 10 | 1:43.165 | 9 | 9 | 1:42.735 | 7 | 1:42.798 | 6 |
10 | 3 | Daniel Rikkardo | Red Bull | 4 | 1:42.857 | 8 | 6 | 1:42.215 | 7 | 1:43.414 | 5 |
11 | 26 | Daniil Kvyat | Toro Rosso | 5 | 1:42.927 | 11 | 11 | 1:43.186 | 8 | ||
12 | 55 | Karlos Sayns | Toro Rosso | 11 | 1:43.489 | 11 | 12 | 1:43.347 | 9 | ||
13 | 20 | Kevin Maqnussen | Haas | 14 | 1:44.029 | 11 | 13 | 1:43.796 | 7 | ||
14 | 27 | Niko Hülkenberq | Renault | 13 | 1:43.930 | 9 | 14 | 1:44.267 | 3 | ||
15 | 94 | Paskal Verlyayn | Sauber | 15 | 1:44.317 | 10 | 15 | 1:44.603 | 8 | ||
16 | 14 | Fernando Alonso | McLaren | 16 | 1:44.334 | 9 | |||||
17 | 8 | Roman Qrojan | Haas | 17 | 1:44.468 | 10 | |||||
18 | 9 | Marks Ferstappen | Sauber | 18 | 1:44.795 | 10 | |||||
19 | 2 | Stoffel Vandorn | McLaren | 19 | 1:45.030 | 8 | |||||
20 | 31 | Paskal Verlyayn | Renault | 20 | – | – |