SIRALANMA TURU
Lyuis Həmilton Bakıda 66-cı poulunu qazanıb və Ayrton Sennanı qabaqlayıb. Mixael Şumaxerin 68 poulluq rekorduna çatmaq üçün daha iki dəfə sıralanma turunda hamını üstələmək lazımdır.
Cari mövsümdə ikinci dəfə Mercedes AMG komandası startda ilk cərgəni zəbt edib – Bakıdakının əksinə, Saxirdə pouldan başlayan Valtteri Bottas olmuşdu.
Kimi Rəykkönen bu mövsüm ilk dəfə sıralanma turunda üçüncü yeri tutub.
Sıralanma turunda yeddinci olan Esteban Okon və səkkizinci olan Ləns Stroll karyeralarında ən yaxşı nəticələri göstəriblər. Ləns ilk dəfə komanda yoldaşı Felipe Massanı qabaqlayıb.
YARIŞ
Daniel Rikkardo karyerasında 5-ci qələbəsini qazanıb. Bu qələbələrin hamısı müxtəlif traslarda əldə edilib. Maraqlıdır ki, Rikkardo finiş xəttini birinci keçdiyi heç bir yarışa ilk üçlükdən başlamayıb.
Yarışda ikinci olan Valtteri Bottas karyerasında 14-cü dəfə podiuma yüksəlib.
Yarışı üçüncü yerdə başa vuran Ləns Stroll Formula1 tarixində podiuma yüksəlməyi bacarmış 208-ci sürücü olub. Ləns ata və oğul Vilnövlərdən sonra buna nail olan üçüncü kanadalıdır. Kanadalı sürücülər sonuncu dəfə 16 il əvvəl – 2001-ci ildə keçirilən Almaniya Qran Prisində podiuma yüksəlmişdilər. Jak Vilnöv həmin yarışda üçüncü olmuşdu.
Ləns Stroll 18 yaş 239 günlük olarkən podiuma yüksəlib və bunu bacaran ən gənc ikinsi sürücü olub – Maks Ferstappen keçən il İspaniyada qalib gələndə 18 yaş 228 günlük idi. Ləns həm də debüt mövsümündə podiuma yüksələn ən gənc sürücü olub.
Sıra | Sürücü | Yaş | Yarış |
1 | Maks Ferstappen | 18 yaş 228 gün | İspaniya, 2016-cı il |
2 | Ləns Stroll | 18 yaş 239 gün | Azərbaycan, 2017-ci il |
3 | Sebastyan Fettel | 21 yaş 73 gün | İtaliya, 2008-ci il |
4 | Daniil Kvyat | 21 yaş 91 gün | Macarıstan, 2015-ci il |
5 | Kevin Maqnussen | 21 yaş 162 gün | Avstraliya, 2014-cü il |
6 | Fernando Alonso | 21 yaş 237 gün | Malayziya, 2003-cü il |
7 | Robert Kubitsa | 21 yaş 278 gün | İtaliya, 2006-cı il |
8 | Ralf Şumaxer | 21 yaş 287 gün | Argentina, 1997-ci il |
9 | Elio de Ancelis | 21 yaş 307 gün | Braziliya, 1980-ci il |
10 | Bryus MakLaren | 21 yaş 322 gün | Böyük Britaniya, 1959-cu il |
Ləns Strollun podiumu Williams komandası üçün ötən il Kanadada Valtteri Bottasn əldə etdiyi podiumdan sonra ilk olub.
Bakıdakı podium sürücülərin ümumi yaşına görə (Rikkardo 27, Bottas 27, Stroll 18) Formula1 tarixində ən gənc 8-ci podium olub.
Sebastyan Fettel ardıcıl ikinci yarışda da podiuma yüksələ bilməyib və 4-cü olub. Azərbaycan Qran Prisi Lyuis Həmiltonun cari mövsümdə podiuma yüksələ bilmədiyi üçüncü yarış olub. Lakin onlar geridə qalan səkkiz yarışın hamısında xal qazanan yeganə sürücülərdir.
Esteban Okon ardıcıl ikinci yarışda 6-cı olub. Force İndia-nın sürücüsü çox sabit çıxış edir və bu il Monako Qran Prisi istisna olmaqla, bütün yarışlarda xal qazana bilib.
Fernando Alonso 9-cu yeri tutaraq komandasına cari mövsümdə ilk xallarını qazandırıb. Azərbaycan Qran Prisi cari mövsümdə hər iki McLaren sürücüsünün finişə çatdığı ilk yarış olub. Xatırladaq ki, Fernando Kanadada son dövrələrdə yarışı dayandırmalı olmuşdu.
Maks Ferstappen son 6 yarışda 4-cü dəfə finişə çata bilməyib.
Renault-nun hər iki sürücüsü yarışı yarımçıq saxlayıb və bu, cari mövsümdə komanda üçün ilk belə haldır. Renault Bakıda xal qazana bilməyən yeganə komanda olub – ilk onluğa düşən sürücülər 9 müxtəlif komandada çıxış edirlər.