Azərbaycan-2017: Cümə axşamı, paddok, 22.06.2017

Bakıda yarış həftəsidir. Çempionat iştirakçılarının hamısı artıq paytaxtımızdadır. Bu gündən etibarən isə yarış ab-havası daha çox hiss olunur. F-1.az saytı hər zaman olduğu kimi, yenə Formula1-də baş verən hər bir şeyi nəzərinizə çatdırmaqda davam edəcək. Bu gün isə bir qədər fərqli yazı ilə qarşınızdayıq.

Son üç ilin çempion kollektivində üzlər gülür. Düzdür, bu mövsüm onlar üçün bir qədər çətin keçir – Ferrari artıq ilk yarışdan iddialı olduğunu nümayiş etdirib. İlk altı yarışdan sonra hesab 3:3 idi və Monakodakı məğlubiyyət Berkli təmsilçisinin artıq Maranellolu rəqibindən xeyli geri qaldığı təəssuratını oyatmışdı. Lakin Kanadada Lyuis Həmiltonun əzmkar qələbəsi göstərdi ki, hələ heç kim onları üstələməyib.

Bir başqa məqam isə, komandadaxili vəziyyətdir. Niko Rosberq karyerasını bitirdiyindən, sanki çempionatda gərginlik də azalıb. Ya da mövsümün hələ ilk hissəsi olduğundan, bizə belə gəlir. Lyuisin yeni komanda yoldaşı ilə münasibəti də yaxşıdır. Ən azından, yuxarıdakı şəkildə olduğu kimi, bu il əsasən belə olduğunu görürük. Valtteri Bottas komandada təzədir, Rusiya Qran Prisi istisna olmaqla, qalan yarışlarda Lyuisdən bir qədər geridə olduğunu görmüşük. Bəs mövsümün davamında nələr baş verəcək? Valtteri daha yüksək nəticələr əldə etsə, ikili yenə mehriban olacaqmı? Valtterinin daha inamlı çıxış edəcəyinə inanmaq olar – finlandiyalının Mercedes AMG ilə müqaviləsi cəmi birillikdir və komandada qalmaq istədiyini dəfələrlə dilə gətirib…

Lakin bir məsələ də komandanı narahat edə bilər: Monakodakı məğlubiyyəti bir çoxları W08-in daha uzun təkər bazasının olmasına bağlamışdı. Bakı Şəhər Halqası Monte Karlo qədər dar olmasa da, bəzi yerlərdə bu amil komandaya mənfi təsir edə bilər…

 

Ferrari rəsmiləri Bakıda bir il əvvəl olduğu kimi, yenə bir qədər stresli görünürlər. Mövsüm onlar üçün son illərlə müqayisədə, çox yaxşı başlayıb. Artıq heç kim əminliklə Mercedes AMG-nin çempion olacağını demir. Lakin hələ cəmi 7 yarış geridə qalıb və mövsümün əsas hissəsi irəlidədir. Son dövrlərə nəzər salsaq görürük ki, komanda mövsüm ərzində inkişafda əsas rəqiblərindən xeyli geri qalır. Buna geridə qoyduğumuz mövsümü də misal göstərmək olar – Red Bull məhz keçən ilin bu dövrlərindən etibarən üstünlüyü ələ almışdı.

Lakin builki çıxışları Formula1-in ən titullu komandasına olan inamı xeyli artırıb. Əsas məsələ də bu çıxışı davam etdirə bilməkdir. Bəlkə də onları düşündürən Bakı Şəhər Halqasının quruluşudur – axı uzun düzlüklər Mercedes motorlarının sevdiyi bir şeydir. Bakımızda keçirilən ikinci yarışda hansı nəticələri göstərəcəkləri çox maraqlıdır. Güc qurğusunda ciddi yeniliklər edildiyi deyilir. Əgər bu həqiqətən belədirsə və müsbət nəticə verərsə, eyni zamanda da daha uzun təkər bazası Mercedes AMG-nin başını ağrıdarsa, yerli tiffozilər Bakımızda Ferrari-nin qələbəsinə sevinə bilərlər…

 

Daniel Rikkardo həmişəki kimi, yenə də peletonun gülən üzüdür. Onun adı həmişə başqa komandalarla, xüsusilə də, Ferrari ilə yanaşı çəkilir. Lakin sürücü bütün çıxışlarında Red Bull-da qalmaq istədiyini bildirir. Renault motorunun düzlük sürətinin az olması komandanın əleyhinə olan amillərdən biridir. Bakı Şəhər Halqası kimi uzun düzlüklərə sahib traslar da RB13 üçün çox da sevimli traslar deyil.

Amma bütün bunlar o demək deyil ki, Rikkardo üç yarışdır davam edən podium seriyasını Bakıda uzada bilməz. Həm də Red Bull bir il əvvəl olduğu kimi, yenə mövsümiçi inkişaf tempinə görə Ferrari-ni qabaqlasa, bu il Rikkardonu podiumda ayaqqabısından şampan şərabı içərkən çox görəcəyik.

 

Honda ilə 3-cü ildir ki, əməkdaşlıq edən, lakin hələ də istədiyi nəticəni əldə edə bilməyən McLaren rəhbərliyi Kanada Qran Prisi ərəfəsində artıq səbirlərinin tükəndiyini açıq-aşkar biruzə verdi. Onlar qısa müddətdə Honda-dan yaxşı nəticələrə imkan verəcək güc qurğusu gözləyirlər. Yaponlara özlərini təsdiq etmək üçün 3 ay müddət verildiyi bildirilir. Açığı, bunun baş verəcəyi heç də inandırıcı görünmür. Honda Motorsport-un rəhbəri Yusuke Haseqavanın açıqlamaları da bunu göstərir – heç bir şeyə söz verilmir və daha uzun müddətin lazım olduğu bildirilir.

Lakin bir məsələ də var ki, McLaren-dəkilər Honda-nın bunu edə bilməyəcəyini hamıdan yaxşı bilirlər. Artıq onların yenidən Mercedes motorlarına qayıdacaqları ilə bağlı şayiələr gəzir. Belə görünür ki, üç ay müddətin verilməsi bir növ hamını radikal dəyişikliklərə hazırlamaq xarakteri daşıyır. Bəs komanda Bakıda necə çıxış edəcək? Görəsən, bu məsələ barədə pozitiv düşünən var? Axı Honda-nın motoru bu mövsüm hələ xal qazanmağa belə imkan verməyib. Sürücülərdən biri buna yaxın olduqda da, son dövrələr olsa belə, motor “sevimli hobbisi” ilə “məşğul olur” – sıradan çıxır…

 

Fernando Alonso McLaren-ə qayıtdıqdan bəri, bir neçə hal istisna olmaqla, həmişə gülərüz görünüb, pozitiv və inamlı çıxışları ilə diqqət mərkəzinə düşüb. Lakin artıq onun da səbir kasası dolub. Honda motorunun yaxşı nəticəyə imkan verməməsi bir tərəfə qalsın, hətta sürücü özü əla çıxış etdikdə də, güc qurğusunun problemləri xal qazanmağa imkan vermir. Bəlkə də elə bu problemlərdən yaxa qurtararaq mübarizənin içində ola bilmək üçün İndy500-də yarışmağa yollanan Fernando yenə sevinə bilmədi – bəlkə də qələbə qazanacağı yarışı yarımçıq saxlamalı oldu. Səbəbin nə olduğu təbii ki, məlum məsələdir – yenə Honda motoru!

Fernando Kanadada bildirmişdi ki, 3 ay ərzində qələbə qazanmazsa, komandadan gedəcək. Bu da elə “mən gedirəm, buna hazır olun” deməkdir, çünki mövcud vəziyyətdə McLaren-dən Honda motoru ilə qələbə gözləmək üçün hətta həddən artıq optimist olmaq da kifayət etmir. Fernando şəkildə də gördüyünüz kimi, çox gərgindi. Amma bunun səbəbi çətin ki, Bakıda yaxşı nəticə əldə edə bilməmək qorxusu ola. O əla bilir ki, yaxşı nəticə qısa zamanda gəlməyəcək. Fernandonu narahat edən bəlkə də gələcəyi ilə bağlı yenə səhv seçim etmək qorxusudur. Çünki çıxışları kimi, verdiyi səhv qərarları da heç kim unutmur…

Fernando Bakı Şəhər Halqası ilə tanış olan, gəzən ilk sürücüdür. Təcrübəsi və rəqib komandaların problemlərlə üzləşməsi bəlkə də yarışımızın keçənilki səfirinə xal qazanmaqda kömək edər. Bu, Fernandodur və onun əldə edəcəyi heç bir yaxşı nəticə təəccüblə qarşılanmamalıdır…

 

Felipe Massanı gördükdə, istər-istəməz keçən ilin payızı yada düşür. Sürücü karyerasını bitirdiyini açıqlamışdı. Sürücü hətta səbirsizliklə mövsümün bitməsini gözlədiyini, çox yorulduğunu və istirahət etmək istədiyini bildirirdi. Braziliyadakı yarışı isə heç unutmaq olmaz. O göz yaşları bütün Formula1 azarkeşlərinə təsir etmişdi.

Bütün bunlardan 7-8 ay keçib, Massa isə sanki bütün bunlar olmamış kimi, yenə də karyerasını davam etdirir. Nikonun gedişi və Bottasın onun yerinə keçməsi braziliyalının geri qayıtmasına səbəb oldu. 2009-cu ildəki ağır zədədən sonra karyerasında geriləmə olan sürücü uzun illərdir ki, komanda yoldaşını məğlub edə bilmir. Cari mövsümdə əlinə bu şans keçib və braziliyalı komanda yoldaşını üstələyib gedəcək? Açığı inanmırıq. Massada nə karyerasını bitirəcəyinə işarə söhbətlər var, nə də hərəkətləri bunu göstərir…

Bəs Felipedən Bakıda yaxşı nəticə gözləməyinə dəyər? İki il əvvəl olsaydı, dəyərdi. Lakin son illərdə Williams-da ciddi geriləmə var və komandada heç kim nəinki qələbə, heç podium barədə çox vaxt düşünmür…

 

Felipenin komanda yoldaşının da kefi yerindədir. Ləns Stroll mövsümə heç də yaxşı başlamamışdı – kanadalı gənc sürücü hətta finiş görə bilmirdi. Lakin getdikcə vəziyyəti düzəltməyə başladı. Əvvəlcə yarış tamamlaya bildi, öz ölkəsində isə çox əla çıxış edərək karyerasında ilk xalları qazandı. Ləns istedadlı sürücüdür – bunu aşağı seriyalardakı nəticələrinə baxdıqda da bilmək olur. Lakin yeni nəsil maşınlara xüsusilə də gənc sürücülər çox çətin alışırlar ki, bu da Lənsin əleyhinə olan faktordur. Lakin yarışdan-yarışa təcrübə qazandıqca, bu əngəl də aradan qalxır.

Dar Bakı küçələrində gənc Stroll necə çıxış edər? Burada yaxşı nəticə onda böyük ruh yüksəkliyi yarada bilər. Ardıcıl iki yarışda xal qazanmaq gənc sürücü üçün yaxşı nəticədir – xüsusilə də, ilk dördlüyə düşə bilməyən Williams-ın heyətində.

 

Niko Hülkenberqin yaxşı sürücü olmadığını deyən azarkeş və ya ekspert yox deyiləcək qədər azdır. Lakin alman sürücü Formula1-dəki debütündən 7 il keçməsinə və 122 yarışa çıxmasına baxmayaraq, hələ bir dəfə də olsun podiuma yüksələ bilməyib. Üstəlik Serxio Peres komanda yoldaşı olarkən bunu dəfələrlə bacardığı halda.

Cari mövsümdə isə onun çıxışını pis hesab etmək olmaz – komanda yoldaşı Colion Palmer hələ xal hesabını aça bilməsə də, Nikonun aktivində 18 xal var. Lakin bir çoxları bunu Nikonun üstün çıxışı kimi yox, Palmerin çox pis nəticələr əldə etməsi kimi qələmə verir. Nikonu gələn mövsüm yeni komanda yoldaşı gözləyir desək, yanılmarıq. Görəsən Hülkenberq Bakıda podium həsrətinə son qoya biləcək? Trasın konfiqurasiyasını nəzərə alsaq, Renault motoru ilə çox çətin görünür…

 

Karlos Saynsın gələn mövsüm McLaren-də yarışacağı barədə şayiələr artmaqdadır. Deyilənlərə görə, sürücü düşünmək üçün vaxt istəyib. Əgər belədirsə, əminliklə deyə bilərik ki, Karlos McLaren-də baş verəcəkləri müşahidə etmək, buna uyğun qərar vermək istəyir. Buna görə də növbəti aylarda ən çox danışılan sürücülərdən biri olacaq.

İspan sürücü kifayət qədər istedadlıdır – Red Bull məktəbinin yetirməsidir və son illərdə görürük ki, Helmut Marko təsadüfi sürücü seçmir. Komandanın vəziyyəti keçənilki ilə müqayisədə yaxşıdır. Karlos yeddi yarışın beşini başa vura bilib və hamısında xal zonasına düşüb. Bakıda da problemlərlə qarşılaşmasa, xal uğrunda mübarizə apara bilər, lakin üstünlük Mercedes motorundan istifadə edən komandalarda olacaq…

 

Yuxarıda bəzi sürücülərin, komandaların hazırki vəziyyətlərinə toxunduq, onların Azərbaycan Qran Prisindəki şanslarını az da olsa, qiymətləndirdik. Bəs bizim yarışda hansı sürücü hansı nəticəni əldə edəcək? Bu sualın cavabını bazar günü yuxarıdakı işıqların yanıb sönməsindən ən geci 2 saat sonra biləcəyik…

F-1.az-ın Azərbaycan Qran Prisi ilə bağlı xəbərləri, çəkilişləri, bir-birindən maraqlı materialları həftəsonu boyunca davam edəcək. Bizimlə qalın…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*