F-1.az xəbər verir ki, yağış hələ kəsmədiyi üçün trasda su çox olub və sürücülər trasa yağış təkərləri ilə çıxıblar.
Yerli azarkeşlərin sevimlisi Cək Duhən trasa birinci çıxıb və trasdakı vəziyyətdən gileylənib. Startdan 5 dəqiqə keçməmiş Oliver Birman və Cək Krouford qəzaya uğrayıblar – sessiya qırmızı bayraqlarla dayandırılıb.
15 dəqiqəlik fasilədən sonra sessiyaya restart verilib. Protokolların zirvəsi uğrunda Duhənlə Ayzek Həcər arasında mübarizə başlayıb. Daha sonra Artur Lekler, Dennis Hauqer və Enzo Fittipaldi də protokollara başçılıq ediblər.
106 saniyənin altına ilk düşən isə Viktor Marten olub. Amma yeni yağış təkərləri ilə trasa qayıdan Ayumu İvasa liderliyi ələ keçirib. Elə bu zaman Marten 5-ci dəqiqədən maşını ciddi dağıdıb. Sessiyanın sonuna 3 dəqiqə qaldığı üçün davam etməmək qərara alınıb. Sürətli dövrədə olan və İvasanın nəticəsini yaxşılaşdıran sürücülər çox məyus olunublar.
Beləliklə, DAMS komandasının yaponiyalı sürücüsü mövsümdə ilk pouluna sevinib. İlk üçlüyü ART GP komandasının sürücüləri Teo Purşer və Viktor Marten tamamlayıblar.
Reversiv qaydaya görə sabah sprint (qısa) yarışın startında ilk cərgədə Niderlandın istehsal etdiyi Kroon Oil yağlarının dəstəklədiyi MP MotorSport komandasının sürücüsü Dennis Hauqer və Hitech komandasından Cək Krouford dayanacaqlar.