Avtoidman dünyası Massaya xoş arzularını çatdırıb

Felipe Massa şənbə günü mövsümün sonunda karyerasını bitirəcəyini elan edib. Görünür, günün sonuna qədər sosial şəbəkələrdən və dostlarından gələn yüzlərlə mesajı, xoş arzuları cavablamalı olacaq.

F-1.az xəbər verir ki, Felipenin bəyanatına ilk reaksiya elə həmkarlarından – sürücülərdən, jurnalistlərdən, bir sözlə, avtoidman barədə yazan, danışan şəxslərdən gəlib.

İlk yazanlardan biri Sauber komandası olub. Bu təsadüfi deyil, çünki braziliyalı sürücü Formula1-də 2002-ci ildə məhz Peter Zauberin komandasında debüt etmişdi: “Formula1-ə illərlə davam edən sadiq və ehtiraslı məhəbbətin üçün çox sağ ol, Felipe. Bütün komanda gələcək macəralarında hər şeyin ən yaxşısını arzulayır”.

 

 

Keçən mövsümü çempion kimi başa vurduqdan sonra heç kimin gözləmədiyi halda karyerasını bitirdiyini açıqlayan Niko Rosberq də Felipeyə arzularını çatdırmaqda gecikməyib: “Xoş istirahətlər, Felipe. Son iki yarışdan həzz al”. Xatırladaq ki, məhz Nikonun Formula1-dən getməsindən sonra Valtteri Bottas Mercedes-ə keçmiş, karyerasını bitirdiyini açıqlamış Massa isə bu mövsüm də Williams-da yarışmışdı.

 

 

Sabiq sürücü və Sky Sports-un əməkdaşı Martin Brandl isə çox qısa, amma yaxşı cümlə yazıb: “Yaxşı oğlanlardan biri. Əlvida, Felipe!”

 

 

Yeri gəlmişkən, Massanın insani keyfiyyətləri və professionallığı həm paddokda, həm də onun hüdudlarından kənarda həmişə yüksək qiymətləndirilib. Həmyerlisi, İndyCar sürücüsü Elio Kastroneveş də öz arzularını çatdıranlardan biri olub və onun başqa seriyalarında yarışa biləcəyini deməsinə diqqət çəkib: “Görəsən, biz səni prototiplərin yarışında görəcəyik? Uğurlar, qardaş”.

 

 

Mark Uebberin də dərhal cavab verməsi təsadüfi olmamalıdır: “Bir daha təbriklər, dostum. Sənin karyeran gözəl idi”.

 

 

Formula1 barədə yazmağa hələ Felipe Formula1-də debüt etməmişdən xeyli əvvəl başlayan Diter Renken: “Çao, Felipe. Yaxşı vaxtlar, super vaxtlar, pis vaxtlar, məyus olduğun vaxtlar, amma hamısı ləyaqətli vaxtlar idi. Mən sənin karyeranı belə xatırlayıram”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*