Son illərdə Avstriya yarışı əksər hallarda maraqlı keçib. Məsələn, 2016, 2017 və 2018-ci, hətta 2019-cu ildəki yarışlarda azarkeşlər Avstriyada maraqlı yarış izləmişdilər. Bu il də deyəsən belə olacaq. Çünki dünənki qısa sprint yarışında bir yarışda görə biləcəyimiz hər şeyi gördük. Düzdür, bunda yağışlı havanın da rolu var idi, ancaq Red Bull Rinqdə quru keçən yarışlarda da maraqlı mübarizələrə şahidlik etmişik.
Sprint yarışında hər şey startdan başladı. İki Red Bull sürücüsünün startda bir-birlərilə mübarizə aparması ilə azarkeşlər bir anlıq nəfəslərini tutdular. Əvvəlcə Maks Ferstappen startda onun yanına gələn Serxio Peresi pit divarına doğru sıxdı. Daha sonra isə Serxio Peres gənc niderlandlını qazonlu sahəyə doğru itələdi. Formula1 azarkeşlərinin gözündə bir anlıq 2010-cu il Türkiyə ya da 2018-ci il Azərbaycan yarışları canlansa da, bu dəfə insident baş vermədi. Əvəzində Ferstappen Peresi keçdi. Bu arada temp itirən meksikalı sürücünü Niko Hülkenberq də keçdi.
Əksəriyyət Peresin tezliklə Haas komandasının sürücüsü Hülkenberqi keçəcəyini düşünsə də, almaniyalı sürücü çox inamla müdafiə olundu. Hələ Çeko ilə fərq də açdı. Bundan layiqincə istifadə edən Maks Ferstappen isə demək olar ki, hər dövrə sürətli dövrələr vuraraq, fərqi artırdı. Düzdür, sonradan Peres təkərləri yeyilmiş Hülkenberqi keçdi, amma artıq gec idi.
Ümumilikdə Peresin Hülkenberqin arxasında bu qədər ləngiməsi onun üçün xoş hal deyildi. Nəticədə Red Bull peletonun ən sürətli maşınıdır. Amma meksikalı sürücü rəqibini keçmək üçün 12 dövrə gözlədi…
Günün adamı sözsüz ki, Niko Hülkenberqdir. Almaniyalı sürücü startda ikinciliyi alaraq, özünəinamlı formada irəliləyirdi. Ancaq Haas bolidlərinin təkəri tez yeməsi onu yenə də geriyə saldı. Buna baxmayaraq, trasın qurumalı ilə medium təkərlərə keçən Niko rəqiblərini bir-bir keçərək, yenidən 6-cı yerə qədər yüksəldi. Buna görə də bu yarışı almaniyalı sürücünün aktivinə yazmaq olar. Onsuz da Haas ilə qayıtdıqdan sonra komanda yoldaşı Maqnussendən daha yaxşı performans göstərir.
Şənbə gününün ən sevimli komandası Aston Martin idi. Yarışın qarışıq startından sonra Ləns Stroll təcrübəli komanda yoldaşı Fernando Alonsonu geridə qoydu. Bundan sonra Alonsonun kanadalı sürücücünü keçməsi üçün bir neçə fürsəti olsa da, ayağını qazdan götürdü. İspaniyalı sürücü komanda yoldaşının əhvalını yüksəltmək üçün əlindən gələni edir.
Ancaq “yaşıllar” sprint yarışında Red Bull-dan sonra ən çox xal toplayan komanda oldu. Red Bull komandası sprint yarışında 15 xal, Aston Martin isə 9 xal çıxardı. Bu britaniyalı komanda üçün yaxşıxəbərdir. Onlar turnir cədvəlində həm Mercedes-ə yaxınlaşdılar, həm də Ferrari-dən uzaqlaşdılar.
Günün uğursuzu isə sözsüz ki, Şarl Lekler idi. Monakolu sürücü yaş havadan quru havaya keçən şəraitdə həmişə zəif performans göstərib. Dünənki sprint yarışında da belə oldu. Əvvəlcə sıralanma turunda rəqibini əngəllədiyi üçün startda 3 yer itirmək cəzası aldı. Daha sonra isə yarışda Esteban Okonla mübarizədə səhvlər edərək, həm Norrisin, həm də Həmiltonun gerisinə düşdü. Komanda yoldaşı Karlos Saynsın 3-cü olduğu və 6 xal topladığı sprint yarışından xalsız ayrıldı. Düzdür, bugünkü əsas yarışa ikinci yerdən başlayacaq və az da olsa, qələbə şansı var, amma Lekler də əzəli rəqibi Ferstappen kimi hərtərəfli sürücü olmaq istəyirsə, belə şəraitlərdə performansını düzəltməlidir.
Günün digər uğursuzları Mercedes komandasının sürücüləri idi. Sprint yarışının sıralanma turunda uğursuzluq yaşamaları onların yarışına da təsir etdi. Rassell yarışa 15-ci, Həmilton isə 18-ci yerdən başladılar. Yekunda Rassell 8-ci, Həmilton 10-cu yeri tutsalar da, normal bir yerdən start alacaqları halda, hər iki sürücü də rahatlıqla beşliyə düşəcəkdilər.
Günün digər uğursuzu isə şübhəsiz ki, McLaren komandasının gənc sürücüsü Lando Norris idi. Britaniyalı sürücü yarışa üçüncü yerdən başlasa da, startda 10-cu yerə qədər gerilədi. Bu da demək olar ki, onun bütün yarışını məhv etdi.
Bütün bunlara baxmayaraq, əsas yarış bu gündür və böyük xallar bu gün paylanacaq. Buna görə də əksər sürücülər sprint yarışındakı uğursuzluğa görə çox da məyus olmurlar. Bəs bu gün necə olacaq? Bunun üçün əsas yarışı gözləmək lazımdır. Yarış Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.