Avstriyada cəzalarla dolu dramatik sonluq

Mövsümün 9-cu mərhələsi olan Avstriya geridə qaldı. Avstriyada görə biləcəyimiz hər şeyi gördük. Yağışlı sprint, yarışda liderlətin dəyişməsi və sürücülərin geridən dırmanması. Amma həftəsonuna tras limitlərinə görə verilən cəzalar damğasını vurdu.

Avstriyada əslində maraqlı yarış izlədik. Düzdür, Maks Ferstappen növbəti rahat qələbəsini qazandı və Pereslə xal fərqini 81-ə yüksəltdi. Bu isə o deməkdir ki, niderlandlı sürücü istəsə, Britaniya, Macarıstan və Belçika yarışlarına çıxmayıb, indidən yay tətilinə gedə bilər. Onsuz da ən yaxşı halda xal fərqi 3-ə enəcək. Təbii ki, bu bir zarafatdır.

Beləliklə, Maks Ferstappen bu il 7-ci, ardıcıl 5-ci qələbəsini əldə etdi. Bundan başqa Red Bull komandası ardıcıl 10-cu qələbəsini vətənində qazandı. Bu sahədə rekord əvvəl də qeyd etdiyimiz kimi McLaren komandasındadır. Britaniyalılar 1988-ci ildə bu uğura imza atmışdılar.

Maks Ferstappenin komanda yoldaşı Serxio Peres isə ikiaylıq fasilədən sonra yenidən podiuma yüksəldi. Özü də xəstə olduğu həftəsonunda… Yarışa 15-ci yerdən başlasa da, inamlı şəkildə yüksəldi və Mayami yarışından sonra yenidən fəxri kürsüdə yerini aldı.

perez sainz

Ferrari komandasında isə əsl dram yaşandı. Düzdür, Lekler ikinci olaraq, podiuma yüksəldi, amma Karlos Sayns üçün işlər çox pis keçdi. Əvvəlcə komandası ikili pit-stop etmək istərkən, ispaniyalı sürücünü gözlətdi. Karlos burada 9 saniyə itirdi. Yəni ki, virtual təhlükəsizlik maşını rejimindən heç nə qazana bilmədi. Əksinə itirdi. Daha sonra isə rəqiblərinə hücum edib keçərkən, tras limitlərini pozdu və buna görə 5 saniyə cəza aldı. Yəni ki, Ferrari yenə də yaxşı gedən yarışını pozdu. Yarışın sonlarında isə Peres ispaniyalı rəqibini keçərək, onu podiumdan etdi.

Ancaq Karlos Saynsın dramı bununla bitmədi. Yarışdan sonra Aston Martin-in etirazı ilə sürücülərin görünütülərinə yenidən baxıldı və Saynsa daha 10 saniyə cərimə verildi. Buna görə də 6-cı yerə yuvarlandı.

Fernando Alonso

Aston Martin komandasının sürücüləri isə onlar üçün çətin keçən həftəsonunda zərəri minimuma endirdi. Fernando Alonso rəqiblərinin cəzası ilə yarışı 5-ci yerdə bitirərək, 10 xal qazandı. Ləns Stroll isə 9-cu olaraq, komandasına vacib 2 xal gətirdi. Beləliklə, “yaşıllar” Mercedes-lə olan fərqi 3-ə endirdi.

Günün adamı isə sözsüz ki, Lando Norris idi. Mən düşündürdüm ki, Lando Norris Red Bull Rinq trasının soyuqluğuna görə sıralanma turunda güclü olub. Lakin McLaren komandası buraya yeniliklər gətirmişdi və bu yeniliklər təkcə Lando Norrisin maşınında idi. Britaniyalı sürücünün podium uğrunda mübarizə aparması və Piastrinin gerilərdə olması onu göstərir ki, “narıncılar”ın yenilikləri inqilaba bərabərdir. Lakin daha aerodinamik Britaniya yarışında hər şey məlum olacaq.

Həftəsonunun uğursuzu isə Mercedes idi. Barselona və Kanadadakı podiumlardan sonra burada 7 və 8-ci olan Mercedes yenə azarkeşlərini məyus etdi.

İndi isə keçək cəzalara. Avstriyada cəzalar daha çox həftəsonuna damğa vurdu. Amma yarışda bu cəza nəyə lazımdır? Sıralanma turunda anlayaram, vahid dövrəyə işləyirlər və 0.030 saniyə də olsa, qazanıb daha öndə ola bilirlər. Amma yarışda elə deyil axı. Hər kerbə etdikləri hücumda təkərlər və altlıq efektini itirir. Yəni qazandığından çox itirir. Həm də arxada hücum rejimində olan pilot rəqibini keçmək üçün yollar axtarır. Fikir verin, cəza alanlar hamısı rəqibin arxasında və hücum rejimində olan sürücülərdir.

Hətta Peres də sonda mübarizə vaxtı iki dəfə trasdan çıxmışdı. Trasdan çıxmayanda isə Alonso kimi düz və sıradan yarış çıxarırsan. Bu da azarkeşlərin xoşuna gəlmir. Nədir bəyəm? F1 maşınlarının paradıdır?
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*