Avstriya-2023: Yarış

Maks Ferstappen Red Bull-un ev yarışına böyük üstünlüklə və üzərində heç bir təzyiq olmadan gəlib.

F-1.az xatırladır ki, burada həftəsonu ərzində keçirilən bütün sessiyalarda – yeganə məşqlər, sıralanma turu, sprint yarışının sıralanma turu və sprint yarışında qalib Maks Ferstappen olub.

Yarış başlamazdan əvvəl şənbə günü Spada həlak olan gənc niderlandlı sürücü Dilano van’t Hoffun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Pirelli buraya ən yumşaq üçlüyü – C3, C4 və C5 təkərlərini gətirib. Alonso, Bottas və Maqnussen sərt, qalan hamı isə orta təkərlərlə start alıb.

Yarışa ilk cərgədən Ferstappen və Lekler, ikinci cərgədən Sayns və Norris, üçüncü cərgədən isə Həmilton və Stroll başlayıblar.

Startda Maks yerini qoruyub, Həmilton Norrisi keçib. Tsunoda və Bottasın mübarizəsində yapon sürücü çınqıllığa çıxıb. Təhlükəsizlik Maşını trasa daxil olub. Maqnussen ERS-dəki problemlərə görə sürət itirib. o və Tsunoda pit-stop ediblər. İkinci dövrədə ilk onluq: Ferstappen – Lekler – Sayns – Həmilton – Norris – Alonso – Hülkenberq – Stroll – Qasli – Elbon.

Dördüncü dövrədə restart elan edilib. İlk onluq mövqelərini qoruyub. Stroll Hülkenberqi qabaqlayıb. Çjou 9-cu dövrədə təkərlərini dəyişib. Stroll Hülkenberqi keçərək yeddinci yerə yüksəlib. Peres Rasselli ikinci cəhdində geridə qoyub. Qasli Hülkenberqi üstələyib və alman sürücü pit yoluna üz tutub. Həmiltona trasın limitlərini pozduğu üçün xəbərdarlıq edilib.

Peres Elbonu keçib, de Friz təkərlərini dəyişib. Hülkenberq 14-cü dövrədə motor güc itirdiyi üçün dayanıb. VTM rejimi elan edilib. Həmilton, Norris, Qasli, Elbon, Rassell, Okon, Piastri və Sarcent təkərlərini dəyişiblər.

Tsunoda trasın hüdudlarını dəfələrlə pozduğuna görə ağ-qara bayraq göstərilib. Lekler, Sayns, Alonso və Stroll 16-cı dövrədə pit-stop ediblər. Həmilton və Tsunodaya tras hüdudlarını dəfələrlə pozduqları üçün 5 saniyəlik cəza verilib.

17-ci dövrədə Rassell Bottası, Sayns isə Norrisi qabaqlayıb. 18-ci dövrədə Okon 13-cü yer üçün Bottası üstələyib. 19-cu dövrədə Sayns 4-cü döngədə Həmiltonu keçərək dördüncü yerə yüksəlib. İspan sürücü bir qədər sonra da Peresi ötüb. Əvvəlcə Elbon və Okon, daha sonra isə Stroll, Tsunoda və Piastri Maqnusseni qabaqlayıblar.

Ferstappen təkərlərini 25-ci dövrədə dəyişib. Okon da pit-leynə təhlükəli daxil olduğu üçün 5 saniyəlik cəzalandırılıb. Peres Rasselli ötüb. Ferstappen 35-ci dövrədə liderliyi Leklerdən geri alıb. Elbon və de Friz də tras hüdudlarına görə cəzalananlar sırasına qoşulublar. Həmilton 43-cü dövrədə cəzasını da ödəyərək pit-stop edib.

Peres beşincilik mübarizəsində Alonsodan üstün olub. Rassell Sarcenti ötüb. Qasli də 5 saniyəlik cəzaya məruz qalıb. Bir qədər sonra fransız sürücü Norrsiə keçilib. Bir qədər sonra cəzasını ödəyərək təkər dəyişən Sayns Norrisdən geri düşsə də, dərhal hücum edərək onu keçib. Tsunodaya eyni səbəbdən 10 saniyəlik cəza verilib.

Liderlər 48-ci dövrədən etibarən növbəti dəfə təkər dəyişiblər. 56-cı dövrədə Peres Norrisi geridə qoyub. 57-ci dövrədə ilk onluq: Ferstappen – Lekler – Sayns – Peres – Norris – Alonso – Həmilton – Rassell – Qasli – Elbon.

Meksikalı sürücü bir neçə hücum cəhdindən sonra istədiyinə nail olub və Saynsı geridə qoyub. Sarcent və Maqnussenə də 5 saniyəlik cəza verilib. Ferstappen Leklerlə arasındakı böyük fərqdən istifadə edərək 70-ci dövrədə sürətli dövrə üçün yeni təkərlərə keçib və istədiyinə nail olub.

Beləliklə, Maks Ferstappen ardıcıl beşinci, mövsümdə yeddinci və karyerasında isə 42-ci qələbəsini qazanaraq Ayrton Sennanı geridə qoyub. Şarl Lekler mövsümdə ikinci dəfə podiuma yüksəlib. Serxio Peres isə gerilərdən gələrək podiumu tamamlayıb.

Mübarizə gələn həftə Silverstounda davam edəcək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*