F-1.az xatırladır ki, cümə günü baş tutan ilk sərbəst yürüşlərdə Maks Ferstappen hamıdan üstün olub, niderlandlı sürücü gücünü sıralanma turunda da göstərib. Çox əhəmiyyət daşımayan dünənki məşqlərə isə Karlos Sayns liderlik edib. Mövsümün ikinci sprint yarışında startdan finişə qədər üstünlüyünü qoruyan Maks Ferstappen qələbə qazanıb.
Pirelli Şpilberqə ən yumşaq üçlüyü – C3, C4 və C5 tərkiblərini gətirib. Çjou, Tsunoda, Fettel və Alonso ən sərt təkərlərlə, qalan sürücülər isə Hard təkərlərlə start alıblar.
Yarışa ilk cərgədən Ferstappen və Lekler, ikinci cərgədən Sayns və Rassell, üçüncü cərgədən isə Peres və Okon başlayıblar.
Startda Maks yerini qoruyub, Rassell əvvəlcə Saynsa hücum etsə də, özünü Peresin hücumlarından qorumalı olub. İkili toqquşub, Peres çınqıllığa çıxaraq yerində fırlanıb və xeyli vaxt itirib. Serxio pit-stop edib. İnsidentə görə Rassellə 5 saniyəlik cəza verilib. 2-ci dövrədə ilk onluq: Ferstappen – Lekler – Sayns – Rassell – Okon – Maqnussen – Həmilton – Şumaxer – Rikkardo – Norris.
Maks dünənkindən fərqli olaraq, Leklerdən uzaqlaşa bilməyib. Şumaxer Həmiltonu 5-ci dövrədə keçib, Norris isə Rikkardonu qabaqlayıb. Bottas 7-ci dövrədə təkərlərini dəyişməyə yollanıb. Rassell və Norris arxalarında xeyli sürücü toplayıblar. Lakin ötmələr olmayıb. Lekler 10-cu dövrədə Maksa hücum etsə də, ötə bilməyib. Lakin iki dövrə sonra 4-cü döngədəki cəhd uğurla nəticələnib və monakolu sürücü liderliyə yüksəlib. Rassell həm təkərlərini və ön qanadını dəyişib, həm də cəriməsini ödəyib.
Elbon da yeni təkərlərə keçib. Ona 13-cü dövrədə Rikkardo, Qasli, Latifi və Həmilton qoşulub. Həmilton 15-ci dövrədə hər iki Haas sürücüsünü keçib. Ferstappen Şumaxeri ötüb, Maqnussen pitə yollanıb. Okon və Şumaxer də 17-ci dövrədə təzə təkərlərə keçiblər. Dəfələrə trasdan çıxan Peresə xəbərdarlıq edilib. Həmilton Ferstappenlə mübarizədə uduzub və niderlandlı sürücü üçüncü yerə qalxıb. Okon Fetteli geridə qoyub.
Fettel 21-ci dövrədə təkərlərini dəyişib. Alonso daha təzə təkərlərdə olan Okonu irəli buraxıb. Fransız sürücü də Çjou və Tsunodanı üstələyərək 6-cı yerə qalxıb. Çjou Alonso və Maqnussendən də geri qalıb. Qasliyə də trasdan çıxdığı üçün xəbərdarlıq edilib. Şumaxer 26-cı dövrədə Alonsonu ötüb. Peres maşını pit yoluna gətirərək yarışdan çəkilib.
Lekler 27-ci dövrədə təkərlərini dəyişərək üçüncü yerdə trasa qayıdıb. Tsunoda pit-stop edib, Norris Alonsonu geridə qoyub. Alonso və Sayns da pit-stopa çağrılıblar, Karlos dördüncü yerdə trasa qayıdıb, Ferstappen yenidən liderliyə yüksəlib. Lyuis 29-cu, Stroll isə 30-cu dövrədə təzə təkərlərə keçiblər. Trasa qayıdan Həmilton bir qədər sonra Okonu keçib.
Rassell Rikkardo ilə mübarizədən qalib ayrılıb, Qasli və Norrisə tras hüdudlarını dəfələrlə pozduqları üçün 5 saniyəlik cəza verilib. Lekler sürətlə fərq bağladığı Ferstappeni asanlıqla keçərək yenidən lider olub və dərhal ondan uzaqlaşıb. Şumaxer 34-cü dövrədə komanda yoldaşını geridə qoyub. 35-ci dövrədə ilk onluq: Lekler – Ferstappen – Sayns – Həmilton – Okon – Şumaxer – Maqnussen – Norris – Rassell – Rikkardo.
Alonso Tsunodanı ötüb. Sayns Ferstappenə çataraq ona hücumlar etməyə hazırlaşarkən Red Bull sürücüsü pit-stopa yönəlib, Leklerdən 25 saniyə geridə üçüncü yerdə trasa qayıdıb. Sayns və Çjouya da trasdan çıxdıqları üçün xəbərdarlıq edilib. 40-cı dövrədə Qasli ilə Fettelin mübarizəsi ikincinin çınqıllığa düşməsi ilə nəticələnib. Qasliyə buna görə 5 saniyəlik cəza verilib. Bottas təkərlərini dəyişib.
Norris Maqnusseni keçib, Rassell və Qasli pit-stop ediblər. Həmiltona da eyni səbəbə görə xəbərdarlıq edilib. Şumaxer, Norris, Okon və Rikkardo növbəti dəfə yeni təkərlərə keçiblər. Rassell 45-ci dövrədə Strolla mübarizədən qalib ayrılıb. Norris də Tsunodanı ötüb. Çjou və Tsunoda daha bir pit-stop ediblər. Hər iki Haas sürücüsü Strollu üstələyib. Lekler və Stroll 50-ci dövrədə pit yoluna üz tutublar. Şarl üçüncü yerdə trasa qayıdıb. Sayns da bir dövrə sonra pit-stopa çağrılıb. Sükandakı problemdən şikayətlənən Lətifi 51-ci dövrədə mübarizəni dayandırıb.
Həmilton 52-ci dövrədə pit-stop edib. Bir dövrə sonra isə Lekler Ferstappeni üçüncü dəfə keçərək yenidən lider olub. Şumaxer də xəbərdarlıq edilən sürücülər sırasına qoşulub. Rassell Alonsonu keçərək altıncı yerə qalxıb. Sayns 57-ci dövrədə Ferstappenə hücum etmək istəyərkən anidən yavaşlayıb. Karlos maşını trasdan kənara çəkib və maşın qəfil alovlanıb. Sürücü kokpiti tərk edib, VTM rejimi elan olunub. Lekler, Ferstappen və Alonso növbəti pit-stoplarını ediblər. 59-cu dövrədə ilk onluq: Lekler – Ferstappen – Həmilton – Okon – Rassell – Şumaxer – Maqnussen – Norris – Alonso – Rikkardo.
Alonso 59-cu dövrədə yenidən pit-stop etməli olub. Restart 60-cı dövrədə elan edilib. Ferstappen sürətini artıraraq Leklerlə arasındakı 4 saniyəlik fərqi azaldıb. Rassell Okonu da üstələyib. Norris isə Maqnusseni geridə qoyub. Elbon son dövrələrdə Bottas və Alonsodan geri qalaraq xal zonasından uzaqlaşıb. Ferstappen Leklerə çata bilməyib.
Beləliklə, Şarl Lekler mövsümdə üçüncü, karyerasında isə beşinci qələbəsini qazanıb. Beləliklə, çempionatda Serxio Peresi üstələyib. Sürətli dövrənin sahibi Maks Ferstappen ikinci olub, podiumun son pilləsinə isə ardıcıl üçüncü yarışda da Lyuis Həmilton yüksəlib. Haas bu mövsüm ilk dəfə hər iki sürücüsü ilə xal alıb.
Mübarizə 2 həftə sonra Fransada davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Mövqe |
1 | 16 | Şarl Lekler | Ferrari | 1:24:24.312 | 3 |
2 | 1 | Maks Ferspappen | Red Bull | + 0:01.532 | 3 |
3 | 44 | Lyuis Həmilton | Mercedes | + 0:41.217 | 2 |
4 | 63 | Corc Rassell | Mercedes | + 0:58.972 | 2 |
5 | 31 | Esteban Okon | Alpine | + 1:08.436 | 2 |
6 | 47 | Mik Şumaxer | Haas | +1 dövrə | 2 |
7 | 4 | Lando Norris | McLaren | +1 dövrə | 2 |
8 | 20 | Kevin Maqnussen | Haas | +1 dövrə | 2 |
9 | 3 | Daniel Rikkardo | McLaren | +1 dövrə | 2 |
10 | 14 | Fernando Alonso | Alpine | +1 dövrə | 3 |
11 | 77 | Valtteri Bottas | Alfa Romeo | +1 dövrə | 2 |
12 | 23 | Aleksander Elbon | Williams | +1 dövrə | 2 |
13 | 18 | Ləns Stroll | Aston Martin | +1 dövrə | 2 |
14 | 24 | Quanyu Çjou | Alfa Romeo | +1 dövrə | 2 |
15 | 10 | Pyer Qasli * | AlphaTauri | +1 dövrə | 2 |
16 | 22 | Yuki Tsunoda | AlphaTauri | +1 dövrə | 2 |
17 | 5 | Sebastyan Fettel ** | Aston Martin | +1 dövrə | 2 |
* – Pyer Qaslinin nəticəsinə Sebastyan Fettellə mübarizədə onu trasdan çıxardığı üçün 5 saniyə əlavə edilib.
** – Sebastyan Fettelin nəticəsinə dəfələrlə trasdan çıxdığı üçün 5 saniyə əlavə edilib.
Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:07.275 (4-cü dövrə, 231.063 km/s)
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Karlos Sayns | Ferrari | 57 | güc qurğusu |
Nikolas Latifi | Williams | 51 | sükan problemi |
Serxio Peres | Red Bull | 26 | mexaniki problem |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 1 | Maks Ferstappen | Red Bull Racing | 208 | |
2 | 16 | Şarl Lekler | Scuderia Ferrari | 170 | |
3 | 11 | Serxio Peres | Red Bull Racing | 151 | |
4 | 55 | Karlos Sayns | Scuderia Ferrari | 133 | |
5 | 63 | Corc Rassell | Mercedes-AMG Petronas F1 Team | 128 | |
6 | 44 | Lyuis Həmilton | Mercedes-AMG Petronas F1 Team | 109 | |
7 | 4 | Lando Norris | McLaren Racing | 64 | |
8 | 31 | Esteban Okon | Alpine F1 Team | 52 | |
9 | 77 | Valtteri Bottas | Alfa Romeo F1 Team ORLEN | 46 | |
10 | 14 | Fernando Alonso | Alpine F1 Team | 29 | |
11 | 10 | Kevin Maqnussen | Haas F1 Team | 22 | |
12 | 3 | Daniel Rikkardo | McLaren Racing | 17 | |
13 | 20 | Pyer Qasli | Scuderia AlphaTauri | 16 | |
14 | 5 | Sebastyan Fettel | Aston Martin Aramco Cognizant F1 Team | 15 | |
15 | 47 | Mik Şumaxer | Haas F1 Team | 12 | |
16 | 22 | Yuki Tsunoda | Scuderia AlphaTauri | 11 | |
17 | 24 | Quanyu Çjou | Alfa Romeo F1 Team ORLEN | 5 | |
18 | 23 | Aleksander Elbon | Williams Racing | 3 | |
19 | 18 | Ləns Stroll | Aston Martin Aramco Cognizant F1 Team | 3 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Oracle Red Bull Racing | Red Bull | 359 |
2 | Scuderia Ferrari | Ferrari | 303 |
3 | Mercedes-AMG Petronas F1 Team | Mercedes | 237 |
4 | McLaren F1 Team | Mercedes | 81 |
5 | Alpine F1 Team | Renault | 81 |
5 | Alfa Romeo F1 Team ORLEN | Ferrari | 51 |
6 | Haas F1 Team | Ferrari | 34 |
8 | Scuderia AlphaTauri | Red Bull | 27 |
9 | Aston Martin Aramco Cognizant F1 Team | Mercedes | 18 |
10 | Williams Racing | Mercedes | 3 |