F-1.az xatırladır ki, bu gün baş tutan yeganə sərbəst yürüşlərdə Maks Ferstappen protokollara başçılıq edib.
10-cu döngədə trasdan tam çıxmaya görə sürücülərin həmin dövrəsi ilə birlikdə, növbəti dövrəsinin də ləğv ediləcəyi bildirilib.
Pirelli bura ən yumşaq üçlüyü – C3, C4 və C5 tərkiblərini gətirib.
İlk Sessiyada sürücülərin bir hissəsi dərhal, qalanları isə bir qədər sonra trasa çıxıb. Hamı Soft təkərləri seçib və ardıcıl 2-3 sürətli dövrə vurmağı planlaşdırıb. Sayns, Latifi, Stroll, Ferstappen, Elbon, Fettel və Rassell 10-cu döngədə tras hüdudlarını aşdıqları üçün nəticələri ləğv edilib. Ferrari sürücüləri və Maks ilk üçlükdə qərarlaşaraq ikinci cəhdlərindən imtina ediblər. Digərləri onların nəticələrinə çata bilməyib. Şarl Lekler ən sürətli nəticəni müəyyən edib – 1:05.419. Fettel, Latifi, Çjou, Stroll və Rikkardo sıralanma turu ilə vidalaşıb.
İkinci Sessiyada sürücülər yenə də eyni təkər strategiyasını seçiblər. Norris səhvə yol verərək çınqıllığa çıxıb və pitə geri dönüb. Tsunoda, Peres, Norris və Həmiltonun nəticələri ləğv edilib. Lyuis ilk cəhddə hamıdan sürətli olsa da, Lekler və Ferstappen onu keçiblər. Monakolu sürücünün nəticəsi 1:05.287 olub. Norris, Tsunoda, Bottas, Elbon və Qasli üçün mübarizə başa çatıb. Beş komanda – Ferrari, Red Bull, Mercedes, Alpine və Haas tam heyətlə ilk onluğa düşüblər. Peresin sürətli dövrəsində trasdan çıxıb-çıxmadığı sıralanma turu başa çatdıqdan sonra araşdırılacaq.
Son sessiyada külək güclənib və sürücülərin işini çətinləşdirib. Həmilton yeddinci döngədə qəza edib və qırmızı bayraqlar dalğalanıb. Lyuis xəsarət almasa da, tibbi mərkəzə göndərilib və qısa vaxtdan sonra boksa qayıdıb. Şumaxerin nəticəsi trasdan tam çıxdığı üçün ləğv edilib. Restartdan bir qədər sonra sessiya yenə qırmızı bayraqlarla dayandırılıb. Bu dəfə səbəbkar Mercedes-in digər sürücüsü olub – Rassell sonuncu döngədə idarəetməni itirərək maşını baryerlərə vurub. Daha sonra icazə almadan trası piyada keçib boksa getməsi stüardlar tərəfindən qeyd edilib və yarışdan sonra qiymət veriləcək.
Fasilə 10 dəqiqə çəkib. Sessiyanın bitməsinə 2 dəqiqədən bir qədər çox vaxt qalıb və sürücülər mübarizə üçün dərhal trasa çıxıblar. Lekler və Sayns Ferstappenin ilk cəhddəki nəticəsini üstələyiblər, lakin niderlandlı sürücü ilk iki sektoru pis keçməsinə baxmayaraq, son sektorda əla nəticə göstərrək cüzi fərqlə birinci olub.
Beləliklə, Maks Ferstappen mövsümdə üçüncü, karyerasında isə 16-cı poulu qazanıb. Sabahkı sprint yarışına onun yanından Şarl Lekler başlayacaq. İkinci cərgədə Karlos Sayns və Serxio Peres, üçüncü cərgədə isə Corc Rassell və Esteban Okon qərarlaşacaq.
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 1 | Maks Ferstappen | Red Bull | 3 | 1:05.852 | 6 | 2 | 1:05.374 | 6 | 1:04.984 | 7 |
2 | 16 | Şarl Lekler | Ferrari | 1 | 1:05.419 | 8 | 1 | 1:05.287 | 10 | 1:05.013 | 8 |
3 | 55 | Karlos Sayns | Ferrari | 2 | 1:05.660 | 8 | 4 | 1:05.576 | 10 | 1:05.066 | 8 |
4 | 11 | Serxio Peres | Red Bull | 6 | 1:06.143 | 9 | 6 | 1:05.805 | 9 | 1:05.404 | 6 |
5 | 63 | Corc Rassell | Mercedes | 7 | 1:06.235 | 8 | 5 | 1:05.697 | 9 | 1:05.431 | 7 |
6 | 31 | Esteban Okon | Alpine | 13 | 1:06.468 | 10 | 8 | 1:05.993 | 10 | 1:05.726 | 7 |
7 | 20 | Kevin Maqnussen | Haas | 9 | 1:06.366 | 9 | 7 | 1:05.894 | 6 | 1:05.879 | 7 |
8 | 47 | Mik Şumaxer | Haas | 10 | 1:06.405 | 9 | 10 | 1:06.151 | 6 | 1:06.011 | 7 |
9 | 14 | Fernando Alonso | Alpine | 4 | 1:06.016 | 8 | 9 | 1:06.082 | 6 | 1:06.103 | 8 |
10 | 44 | Lyuis Həmilton | Mercedes | 5 | 1:06.079 | 8 | 3 | 1:05.475 | 8 | 1:13.151 | 4 |
11 | 10 | Pyer Qasli | AlphaTauri | 15 | 1:06.589 | 11 | 11 | 1:06.160 | 9 | ||
12 | 23 | Aleksander Elbon | Williams | 14 | 1:06.516 | 9 | 12 | 1:06.230 | 6 | ||
13 | 77 | Valtteri Bottas | Alfa Romeo | 11 | 1:06.442 | 8 | 13 | 1:06.319 | 6 | ||
14 | 22 | Yuki Tsunoda | AlphaTauri | 12 | 1:06.463 | 11 | 14 | 1:06.851 | 8 | ||
15 | 4 | Lando Norris | McLaren | 8 | 1:06.330 | 11 | 15 | 1:25.847 | 8 | ||
16 | 3 | Daniel Rikkardo | McLaren | 16 | 1:06.613 | 10 | |||||
17 | 18 | Ləns Stroll | Aston Martin | 17 | 1:06.847 | 12 | |||||
18 | 24 | Quanyu Çjou | Alfa Romeo | 18 | 1:06.901 | 9 | |||||
19 | 6 | Nikolas Latifi | Williams | 19 | 1:07.003 | 9 | |||||
20 | 5 | Sebastyan Fettel | Aston Martin | 20 | 1:07.083 | 12 |