F-1.az xatırladır ki, cümə günü baş tutan ilk məşqlərlə yanaşı, dünənki məşqlərdə də ən sürətli Maks Ferstappen olub. İkinci sərbəst yürüşlərdə isə Lyuis Həmilton protokollara başçılıq edib. Sıralanma turunda da Maks Ferstappen fırtınası davam edib.
Pirelli keçən həftə orta üçlüyü gətirmişdisə də, bu dəfə daha fərqli strategiyalara şərait yaratmaq üçün ən yumşaq tərkibləri gətirib. Səmərəliliyini tez itirən Soft təkərlərlə yalnız AlphaTauri və Aston Martin sürücüləri start alıb. Sayns və Rəykkönen Hard, qalan sürücülər isə Medium təkərləri seçiblər.
Startda ilk yeddi yerdəki sürücülər öz müvqelərini qoruyublar, Rassell və Sayns isə iki yer itiriblər. Okon Covinatsi ilə mübarizədə asılqanını qırıb və yarış onun üçün başa çatıb. Antonio təkərlərini dəyişmək üçün pit-stopa yollanıb, Təhlükəsizlik Maşını (TM) trasa çıxıb. Restart üçüncü dövrədə verilib. Covinatsi təhlükəsizlik maşını xəttini basdığı üçün 5 saniyəlik cəzalandırılıb.
Maks liderliyini qoruyub, Peres Norrisə hücumlar edib. Lando onu trasdan çıxarıb, çınqıllığa düşən Peres 10-cu yerdə geri qayıda bilib. Norris buna görə 5 saniyə cəzası alıb. Bottas Həmiltonu keçsə də, britaniyalı sürücü mövqeyini bərpa edib. Maks Norrisdən uzaqlaşıb, Həmilton həmyerlisinə hücumlar etsə də, sürət fərqi keçidə imkan verməyib.
Sayns 12-ci dövrədə Rasseli üstələyib. 13-cü dövrədə pit-stopa gələn Tsunodaya da pit-leynə girərkən qaydaları pozduğu üçün 5 saniyəlik cəza verilib. Bir dövrə sonra Qasli yeni təkərlərə keçib. 15-ci dövrədə Lekler Peresi ötüb, Stroll pit yoluna üz tutub.
Rikkardo Fetteli keçərək 5-ci yerə yüksəlib, alman sürücü dərhal pit-stop edib. Həmilton nəhayət, 20-ci dövrədə Norrisi geridə qoya bilib. 2-ci dövrədən sonra ilk onluq: Ferstappen – Həmilton – Norris – Bottas – Rikkardo – Lekler – Peres – Sayns – Rassell – Rəykkönen.
29-cu dövrədə Mazepin, 30-cu dövrədə Rikkardo, 31-ci dövrədə isə Norris, Bottas və Rassell təkərlərini dəyişiblər. Həmilton 32-ci dövrədə pit-stopa yollanıb, ondan bir dövrə sonra isə Ferstappen təkərlərini dəyişərək trasa lider olaraq qayıdıb. Alonso və Peres də onunla eyni dövrədə pit-stop ediblər.
Pit-stop dalğası Latifi, Lekler və Şumaxerlə davam edib. 41-ci dövrədə Lekler Peresə hücum edib, lakin təmas yaşanıb. Sürüclər yerlərini qorusalar da, Peres növbəti 5 saniyəlik cəzanı alan sürücü oub. Lakin bu, Peres üçün sonuncu olmayıb. Şarl 47-ci dövrədə bir daha onu keçməyə çalışıb. Serxio bu dəfə rəqibinə trasda yer qoymayıb və Ferrari sürücüsü çınqıllığa çıxmalı olub. “Çeko” daha bir 5 saniyəlik cəzaya məruz qalıb. Stroll, Mazepin, Sayns və Fettel növbəti dövrələrdə təkərlərini dəyişiblər. Daha bir 5 saniyəlik cəza da pit yolunda sürət həddini aşdığı üçün Lənsə verilib.
Həmilton hündür porebriklərdən birinin üzərinə çıxaraq maşını zədələyib. Bottas sürətlə ona yaxınlaşıb və komanda sürücülərdən yerlərini dəyişmələrini istəyib. Valtteri 53-cü dövrədə komanda yoldaşını keçib. Peres isə beşincilik mübarizəsində Rikkardonu keçib. Eyni dövrədə Həmilton Norrisdən də geri qalıb. Lyuis pit-stopa yollanıb.
Ferstappen ikinci pit-stopunu 61-ci dövrədə edib. Lekler 66-cı dövrədə Rikkardoya hücum etmək üçün Saynsı komadanın istəyi ilə irəli buraxıb. Alonso 68-ci dövrədə xala yaxın olan Rasselli keçib və onuncu olub. Sayns Rikkardonu 71-ci dövrədə keçə bilib.
Maks Ferstappen mövsümdə 5-ci, karyerasında isə 15-ci qələbəsini qazanıb və çempionatda xal fərqini 32-ə çatdırıb. Maks həm də karyerasında ilk dəfə Böyük Dəbilqə əldə edib. Valtteri Bottas ikinci olaraq komandanın Mühəndislər Kubokunda xal hesabında çox geri qalmasının qismən qarşısını ala bilib. Lando Norris isə podiumu tamamlayan sürücü olub.
Mübarizə iki həftə sonra əfsanəvi Silverstoun trasında davam edəcək. Orada bizi həm də, həftəsonunun yeni formatı gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | 33 | Maks Ferstappen | Red Bull | 1:23:54.543 | 2 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | + 0:17.973 | 1 |
3 | 4 | Lando Norris | McLaren | + 0:20.019 | 1 |
4 | 44 | Lyuis Həmilton | Mercedes AMG | + 0:46.452 | 2 |
5 | 55 | Karlos Sayns | Ferrari | + 0:57.144 | 1 |
6 | 11 | Serxio Peres * | Red Bull | + 0:57.915 | 1 |
7 | 3 | Daniel Rikkardo | McLaren | + 1:00.395 | 1 |
8 | 16 | Şarl Lekler | Ferrari | + 1:01.195 | 1 |
9 | 10 | Pyer Qasli | AlphaTauri | + 1:01.844 | 2 |
10 | 14 | Fernando Alonso | Alpine | +1 dövrə | 1 |
11 | 63 | Corc Rassell | Williams | +1 dövrə | 1 |
12 | 22 | Yuki Tsunoda * | AlphaTauri | +1 dövrə | 2 |
13 | 18 | Ləns Stroll * | Aston Martin | +1 dövrə | 2 |
14 | 99 | Antonio Covinatsi | Alfa Romeo | +1 dövrə | 2 |
15 | 7 | Kimi Rəykkönen * | Alfa Romeo | +1 dövrə | 1 |
16 | 6 | Nikolas Latifi * | Williams | +1 dövrə | 1 |
17 | 5 | Sebastyan Fettel | Aston Martin | +1 dövrə | 3 |
18 | 47 | Mik Şumaxer | Haas | +2 dövrə | 1 |
19 | 9 | Nikita Mazepin * | Haas | +2 dövrə | 2 |
* – Rəqibini trasdan çıxardığı üçün Peresin nəticəsinə 10 saniyə əlavə edilib.
* – Pit yolunda sürət həddini aşdığı üçün Strollun nəticəsinə 5 saniyə əlavə edilib.
* – Pit yolunun girişindəki xətti tapdaladığı üçün Tsunodanın nəticəsinə 5 saniyə əlavə edilib.
* – Fettellə insidentə görə Rəykkönenin nəticəsinə 20 saniyə əlavə edilib.
* – Sarı bayraqlara məhəl qoymadıqları üçün Latifi və Mazepinin nəticələrinə 30 saniyə əlavə edilib.
Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:06.200 (62-ci dövrə, 234.815 km/s)
MÜBARİZƏNİ DAYANDIRAN:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Esteban Okon | Alpine | 1 | qəza |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 33 | Maks Ferstappen | Red Bull Racing | 182 | |
2 | 44 | Lyuis Həmilton | Mercedes-AMG Petronas F1 Team | 150 | |
3 | 11 | Serxio Peres | Red Bull Racing | 104 | |
4 | 4 | Lando Norris | McLaren Racing | 101 | |
5 | 77 | Valtteri Bottas | Mercedes-AMG Petronas F1 Team | 92 | |
6 | 16 | Şarl Lekler | Scuderia Ferrari Mission Winnow | 62 | |
7 | 55 | Karlos Sayns | Scuderia Ferrari Mission Winnow | 60 | |
8 | 3 | Daniel Rikkardo | McLaren Racing | 40 | |
9 | 10 | Pyer Qasli | Scuderia AlphaTauri Honda | 39 | |
10 | 5 | Sebastyan Fettel | Aston Martin Cognizant F1 Team | 30 | |
11 | 14 | Fernando Alonso | Alpine F1 Team | 20 | |
12 | 18 | Ləns Stroll | Aston Martin Cognizant F1 Team | 14 | |
13 | 31 | Esteban Okon | Alpine F1 Team | 12 | |
14 | 22 | Yuki Tsunoda | Scuderia AlphaTauri Honda | 9 | |
15 | 7 | Kimi Rəykkönen | Alfa Romeo Racing ORLEN | 1 | |
16 | 99 | Antonio Covinatsi | Alfa Romeo Racing ORLEN | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Red Bull Racing | Honda | 286 |
2 | Mercedes AMG Petronas F1 Team | Mercedes | 242 |
3 | McLaren F1 Team | Mercedes | 141 |
4 | Scuderia Ferrari Mission Winnow | Ferrari | 122 |
5 | Scuderia AlphaTauri Honda | Honda | 48 |
6 | Aston Martin Cognizant F1 Team | Mercedes | 44 |
7 | Alpine F1 Team | Renault | 32 |
8 | Alfa Romeo Racing ORLEN | Ferrari | 2 |