Bu dəfə də Red Bull Rinqdəki porebriklər əsas müzakirə mövzusu olub. Bir neçə sürücü maşını zədələyib, lakin porebriklərin öz funksiyasını yerinə yetirdiyini, sürücülərin trasın hüdudlarından çıxmalarına maneçilik törətdiyini deyənlər də az olmayıb.
F-1.az bildirir ki, nəticələr həmişəki kimi, çox sıx olub. Cümə günü məşqlərində Həmilton üstün olub, şənbə günü isə Fettel fərqlənib. Bottas sıralanma turunda hamını üstələyərək Şpilberqdə ardıcıl ikinci poulunu qazanıb.
Sıralanma turunda Saynsı bloklayan Fettelə 3 yer itirmək cəzası verilib. Lekler ötürmələr qutusu dəyişdirildiyi üçün 5 yer itirib, Hartli isə yeni mühərriyə keçdiyi üçün peletonun sonuna göndərilib. Ön qanadın və MGU-K generatorunun dəyişdirilməsi üçün qapalı parkın qaydaları pozulduğundan, Alonso yarışa pit-leyndən başlayıb.
Yarışa Bottas və Həmilton birinci, Rəykkönen və Ferstappen ikinci, Qrojan və Fettel isə üçüncü cərgədən başlayıblar. Pirelli bura Soft, SuperSoft və UltraSoft tərkibləri gətirib. İlk onluqdan Mercedes və Red Bulll sürücüləri SuperSoft, digərləri isə ən yumşaq təkərlərlə start alıblar.
Startda Bottas bir qədər ləngiyib, Həmilton ilk döngədən lider kimi çıxıb. Rəykkönen Bottasa hücumlar edib. Ferstappen Rəykköneni, Fettel isə Maqnusseni ötüb. Vandorn və Qasli toqquşub. Belçikalı sürücü dərhal boksa qayıdaraq təkərlərini dəyişib. 3-cü dövrədə ilk onluq: Həmilton – Bottas – Ferstappen – Rəykkönen – Rikkardo – Qrojan – Fettel – Maqnussen – Hülkenberq – Okon.
12-ci dövrədə motoru sıradan çıxan Hülkenberq dayanmalı olub. İki dövrə sonra isə Bottas mübarizəni dayandırıb – finlandiyalı sürücünün maşınında hidravlik sistemin təzyiqi aşağı düşdüyündən, ötürmələr qutusu işləməyib. Maşının təxliyə olunması üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. Ferstappen, Rəykkönen, Rikkardo, Fettel, Qrojan, Okon, Sayns, Qasli və Lekler dərhal pit-stopa yollanıblar. İlk onluqdan yalnız Həmilton, Maqnussen və Peres təkərlərini dəyişməyiblər və Mercedes-in strateqləri yarışın gedişində Lyuislə danışarkən səhvlərini etiraf ediblər. 17-ci dövrədə ilk onluq: Həmilton – Ferstappen – Rəykkönen – Rikkardo – Fettel – Maqnussen – Peres – Qrojan – Okon – Sayns.
20-ci dövrədə Rəykkönen səhvə yol verib və Rikkardo onu keçib. Həmilton yalnız 25-ci dövrədə pit-stopa çağrılıb və trasa Fettelin arxasında dördüncü yerdə qayıdıb. Peres və Maqnussen də növbəti dövrələrdə təkərlərini dəyişiblər.
Həmilton Rəykkönenə, o da Rikkardoya çatıb. Üç sürücü gərgin mübarizə apararkən arxadan Fettel də onlara yaxınlaşıb. Yalnız 38-ci dövrədə hər iki sürücü Rikkardonu keçib, o da arxa sağ təkər çox zədələndiyindən dərhal pitə yollanaraq təkərlərini dəyişib. Növbəti dövrədə Fettel Həmiltonu keçərək üçüncü yerə yüksəlib. 40-cı dövrədə ilk onluq: Ferstappen – Rəykkönen – Fettel – Həmilton – Rikkardo – Qrojan – Okon – Maqnussen – Peres – Eriksson.
Həmilton hücum məsafəsinə qədər yaxınlaşsa da, Fetteli üstələyə bilməyib. Arxa təkərlər çox aşındığından, bir neçə dövrə sonra tempini azaldıb. Maqnussen 49-cu dövrədə Okonu keçərək yeddinci olub. 53-cü dövrədə Həmilton ikinci pit-stopunu edərək SuperSoft təkərlərə keçib və trasa beşinci yerdə qayıdıb. Növbəti dövrədə Rikkardo ötürmələr qutusu problemi ilə üzləşərək mübarizəni dayandırıb. 58-ci-cı dövrədə ilk onluq: Ferstappen – Rəykkönen – Fettel – Həmilton – Qrojan – Maqnussen – Okon – Peres – Qasli – Lekler.
Okon 60-cı dövrədə komandanın xahişi ilə Peresə yol verib. 63-cü dövrədə Lekleri keçən Alonso ilk onluğa düşüb. Yarışın 64-cü dövrəsində isə motoru güc itirən Həmilton təhküləsizlik zonasında maşını saxlayıb. Mercedes etibarlılıq probleminə görə yarışı hər iki sürücüsü ilə erkən başa vurub.
Alonso, Lekler və Eriksson tempi aşağı düşmüş Qaslini keçiblər. Vandorn 69-cu dövrədə boksa qayıdaraq mübarizəni dayandırıb. Rəykkönen son dövrələrdə Ferstappenə xeyli yaxınlaşsa da, hücum məsafəsinə çata bilməyib.
Maks Ferstappen Red Bull-un ev yarışında mövsümdə ilk, karyerasında dördüncü qələbəsini qazanıb. Rəykkönen ikinci yeri tutub. Üçüncü olan Fettel isə sürücülər çempionatında yenidən liderliyə yüksəlib. Cəmi iki sürücü yarışı liderlə eyni dövrədə başa vurub.
Növbəti yarış bir həftə sonra əfsanəvi Silverstounda baş tutacaq.
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | 33 | Maks Ferstappen | Red Bull | 1:21:56.024 | 1 |
2 | 7 | Kimi Rəykkönen | Ferrari | + 0:01.504 | 1 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | + 0:03.181 | 1 |
4 | 8 | Roman Qrojan | Haas | +1 dövrə | 1 |
5 | 20 | Kevin Maqnussen | Haas | +1 dövrə | 1 |
6 | 31 | Esteban Okon | Force İndia | +1 dövrə | 1 |
7 | 11 | Serxio Peres | Force İndia | +1 dövrə | 1 |
8 | 14 | Fernando Alonso | McLaren | +1 dövrə | 1 |
9 | 16 | Şarl Lekler | Sauber | +1 dövrə | 1 |
10 | 9 | Markus Eriksson | Sauber | +1 dövrə | 1 |
11 | 16 | Pyer Qasli | Toro Rosso | +1 dövrə | 1 |
12 | 55 | Karlos Sayns | Renault | +1 dövrə | 2 |
13 | 35 | Sergey Sirotkin | Williams | +2 dövrə | 2 |
14 | 18 | Ləns Stroll* | Williams | +2 dövrə | 2 |
15 | 2 | Stoffel Vandorn | McLaren | +6 dövrə | 2 |
* – Mavi bayraqlara məhəl qoymadığı üçün nəticəsinə 10 saniyə əlavə olunub.
Sürətli dövrə: Kimi Rəykkönen (Ferrari) – 1:06.957 (71-ci dövrə, 232.160 km/saat).
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Lyuis Həmilton | Mercedes AMG | 64 | güc qurğusu |
Brendon Hartli | Toro Rosso | 54 | ötürmələr qutusu |
Daniel Rikkardo | Red Bull | 53 | ötürmələr qutusu |
Valtteri Bottas | Mercedes AMG | 14 | hidravlika |
Niko Hülkenberq | Renault | 12 | güc qurğusu |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 146 | |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG Petronas Motorsport | 145 | |
3 | 7 | Kimi Rəykkönen | Scuderia Ferrari | 101 | |
4 | 3 | Daniel Rikkardo | Aston Martin Red Bull Racing | 96 | |
5 | 33 | Maks Ferstappen | Aston Martin Red Bull Racing | 93 | |
6 | 77 | Valtteri Bottas | Mercedes AMG Petronas Motorsport | 92 | |
7 | 20 | Kevin Maqnussen | Haas F1 Team | 37 | |
8 | 14 | FernandoAlonso | McLaren F1 Team | 36 | |
9 | 27 | Niko Hülkenberq | Renault Sport Formula 1 Team | 34 | |
10 | 55 | Karlos Sayns | Renault Sport Formula 1 Team | 28 | |
11 | 11 | Serxio Peres | Sahara Force İndia F1 Team | 23 | |
12 | 31 | Esteban Okon | Sahara Force İndia F1 Team | 19 | |
13 | 10 | Pyer Qasli | Red Bull Toro Rosso Honda | 18 | |
14 | 16 | Şarl Leklker | Alfa Romeo Sauber F1 Team | 13 | |
15 | 8 | Roman Qrojan | Haas F1 Team | 12 | |
16 | 2 | Stoffel Vandorn | McLaren F1 Team | 8 | |
17 | 18 | Ləns Stroll | Williams Martini Racing | 4 | |
18 | 9 | Markus Eriksson | Alfa Romeo Sauber F1 Team | 3 | |
19 | 28 | Brendon Hartli | Red Bull Toro Rosso Honda | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Scuderia Ferrari | Ferrari | 247 |
2 | Mercedes AMG Petronas Motorsport | Mercedes | 237 |
3 | Aston Martin Red Bull Racing | Renault | 189 |
4 | Renault Sport Formula 1 Team | Renault | 62 |
5 | Haas F1 Team | Ferrari | 49 |
6 | McLaren F1 Team | Renault | 44 |
7 | Sahara Force İndia F1 Team | Mercedes | 42 |
8 | Red Bull Toro Rosso Honda | Honda | 19 |
9 | Alfa Romeo Sauber F1 Team | Ferrari | 16 |
10 | Williams Martini Racing | Mercedes | 4 |