F-1.az bildirir ki, dünənki məşqlərdə Həmilton hamıdan üstün olsa da, bu gün səhər protkolollara Fettel başçılıq edib. Bura böyük yeniliklərlə gələn Mercedes-in nələr edəcəyini görmək üçün bütün diqqətlər sıralanma turuna yönəlib.
Pirelli Avstriyaya Soft, SuperSoft və UltraSoft tərkiblərini gətirib. Dövrə kiçik olduğundan, tərkiblər arasındakı fərq də böyük olmayıb. Asfaltın hamar olması təkərləri qızdırmaqda çətinlik yaradıb.
Üçüncü məşqlərdə problem yaşayan Maksın maşınının mühərriyində dəyişikliklər edilib. Ötürmələr qutusunu vaxtından əvvəl dəyişməyə məcbur olan Leklerin isə startda beş yer itirəcəyi məlum olub. Yeni ön qanadı zədələyən Hartli sıralanma turunda qanadın köhnə versiyası ilə iştirak etməli olub.
Birinci sessiyada Ferrari sürücüləri Soft, yerdə qalanlar UltraSoft təkərlərlə mübarizəyə başlayıblar. Lekler porebrikin üzərinə çıxaraq maşını zədələyib və boksa qayıdıb, lakin sonra yenidən trasa çıxıb. Həmilton hamıdan sürətli olub – 1:04.080. Qrojan liderdən cəmi 0.162 saniyə geri qalmaqla, dördüncü nəticə göstərərək hamını təəccübləndirib. Lekler dördüncü döngədə yoldan çıxdığından sarı bayraqlar yellənib. Mübarizəni beş fərqli komandanın sürücüləri – Vandorn, Peres, Sirotkin, Hartli və Eriksson dayandırıblar.
İkinci sessiyada Mercedes və Red Bull sürücüləri sabah yarışa SuperSoft tərkiblərlə başlamaq üçün trasa məhz qırmızı təkərlərlə çıxıblar. Alonso isə ilk cəhdini Soft-la edib. İlk cəhddə Həmilton protokollara başçılıq edib – 1:03.577. Mercedes sürücüləri ikinci cəhdlərinə UltraSoft təkərlərlə çıxıblar, lakin nəticələrini yaxşılaşdırmayıblar. Fettel Saynsın sürətli dövrəsində ona mane olub və ispan sürücünü trasdan çıxmağa məcbur edib. Fettel daha sonra stüardlar tərəfindən startda üç yer itirməklə cəzalandırılıb. O, həm də sessiyanın qalibi olub – 1:03.544. Okon, Qasli, Lekler, Alonso və Stroll ilk onluğa düşə bilməyiblər.
Son sessiyada hamı UltraSoft təkərlərlə boksları tərk edib. İlk cəhddə Fettel və Həmilton səhvə yol versələr də, Bottas möhtəşəm nəticə göstərib – 1:03.264. Finlandiyalı sürücü ikinci cəhdində nəticəsini daha da yaxşılaşdırıb və poulun sahibi olub – 1:03.130.
Valtteri Bottas mövsümdə ilk, karyerasında beşinci, Red Bull Rinqdə isə ardıcıl ikinci poulunu əldə edib. Onun yanından yarışa Həmilton başlayacaq. Üçüncü yeri Fettel, dördüncü yeri Rəykkönen tutub. Qrojan altıncı olaraq builki ən yaxşı nəticəsini əldə edib.
Bizi sabah 17:10-dan etibarən maraqlı yarış gözləyir…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 77 | Valtteri Bottas | Mercedes AMG | 2 | 1:04.175 | 5 | 3 | 1:03.756 | 6 | 1:03.130 | 7 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1 | 1:04.080 | 8 | 2 | 1:03.577 | 6 | 1:03.149 | 7 |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 6 | 1:04.347 | 5 | 1 | 1:03.544 | 6 | 1:03.464 | 7 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | 3 | 1:04.234 | 7 | 4 | 1:03.975 | 6 | 1:03.660 | 8 |
5 | 33 | Maks Ferstappen | Red Bull | 5 | 1:04.273 | 6 | 5 | 1:04.001 | 3 | 1:03.840 | 9 |
6 | 8 | Roman Qrojan | Haas | 4 | 1:04.242 | 8 | 6 | 1:04.059 | 3 | 1:03.892 | 6 |
7 | 3 | Daniel Rikkardo | Red Bull | 8 | 1:04.723 | 5 | 8 | 1:04.403 | 8 | 1:03.996 | 9 |
8 | 20 | Kevin Maqnussen | Haas | 7 | 1:04.460 | 8 | 7 | 1:04.291 | 6 | 1:04.051 | 6 |
9 | 55 | Karlos Sayns | Renault | 10 | 1:04.948 | 8 | 9 | 1:04.561 | 5 | 1:04.725 | 6 |
10 | 27 | Niko Hülkenberq | Renault | 9 | 1:04.864 | 8 | 10 | 1:04.676 | 6 | 1:05.019 | 6 |
11 | 31 | Esteban Okon | Force İndia | 14 | 1:05.148 | 11 | 11 | 1:04.845 | 8 | ||
12 | 10 | Pyer Qasli | Toro Rosso | 13 | 1:05.011 | 9 | 12 | 1:04.874 | 7 | ||
13 | 16 | Şarl Lekler | Sauber | 12 | 1:04.967 | 11 | 13 | 1:04.979 | 8 | ||
14 | 14 | Fernando Alonso | McLaren | 11 | 1:04.965 | 9 | 14 | 1:05.058 | 8 | ||
15 | 18 | Ləns Stroll | Williams | 15 | 1:05.264 | 11 | 15 | 1:05.286 | 6 | ||
16 | 2 | Stoffel Vandorn | McLaren | 16 | 1:05.271 | 9 | |||||
17 | 11 | Serxio Peres | Force İndia | 17 | 1:05.279 | 11 | |||||
18 | 35 | Sergey Sirotkin | Williams | 18 | 1:05.322 | 10 | |||||
19 | 28 | Brendon Hartli | Toro Rosso | 19 | 1:05.366 | 11 | |||||
20 | 9 | Markus Eriksson | Sauber | 20 | 1:05.479 | 11 |