Avstriya-2017: Yarış

Şpilberqdə cümə günündən etibarən tribunaların əksəriyyəti dolmuşdu. Hava bu dəfə proqnozları doğrultmayıb. Həftəsonu boyunca isti hava müşahidə edilib. Bu günə yağış yağacağı bildirilsə də yenə hava şəraiti əla olub.

Keçən il xüsusilə Red Bull sürücüləri sarı porebriklərdən şikayət etmişdilər. On santimetr hündürlüyü olan bu porebriklər hətta asılqanların qırılmasına da səbəb olurdu. Bu il isə onların yerində bir qədər dəyişiklik edildiyindən, ciddi insident yaşanmayıb.

Bottas dünən karyerasında ikinci poulu qazanmışdı, ona cüzi uduzan Fettel isə ikinci olmuşdu. Üçüncü nəticə göstərən Həmiltonu isə ötürmələr qutusunu dəyişdiyi üçün 5 sıra cəza gözləyirdi və britaniyalı səkkizinci yerdən start almalı olmuşdu. Start düzlüyündə isə onun yerini Rəykkönen tutmuşdu. Verlyaynın maşınında güc qurğusu dəyişdirildiyindən, yarışa pit yolundan başlamalı idi.

Pirelli Avstriyaya yumşaq üçlüyü – Soft, SuperSoft və UltraSoft tərkibləri gətirib. Burada tərkiblər arasındakı fərq gözləniləndən az olub. Həmilton fərqli strategiya seçib və ilk onluqda yarışa SuperSoft-la başlayan yeganə sürücü olub. Lyuisdən başqa Hülkenberq, Maqnussen, Stroll və Verlyayn da SuperSoft-la start alıblar. Palmer və Massa isə Soft-la başlayıblar.

Bottas əla start alıb. Rəqibləri onun yerindən vaxtından əvvəl tərpənməsindən şübhələniblər. FİA növbəti dəqiqələrdə məsələni araşdırsa da, qayda pozuntusu tapmayıb. Ferstappen və Sayns startda ləngiyiblər. İlk döngədə Kvyat Alonsoya, o da Ferstappenə çırpılıb və nəticədə hər iki sürücü yarış xarıcı qalıb. Rusiyalı sürücü isə pit-stop etməli olub və mübarizəni davam etdirib. Rəykkönen iki mövqe itirsə də, tezliklə Qrojanı qabaqlaya bilib, amma Rikkardoya çata bilməyib. 2-ci dövrədən sonra ilk onluq belə olub: Bottas – Fettel – Rikkardo – Rəykkönen – Qrojan – Peres – Həmilton – Okon – Massa – Stroll.

Həmilton 6-cı dövrədə Peresi, 8-ci dövrədə isə Qrojanı keçib. Kvyata startdakı insidentə görə pitdən keçmək cəzası verilib və rusiyalı sürücü cəzasını çəkdikdən sonra trasa sonuncu yerdə qayıdıb. Bottas Fettellə fərqi artırıb, 16-cı dövrədə Hülkenberq pit-stopa gedib. Həmilton Rəykkönenə çatsa da, sürətlər arasındakı fərq az olduğundan, hücum imkanı əldə etməyib. 30-cu dövrədə Maqnussenin maşınında hidravlik problem yaranıb və Haas sürücüsü boksa qayıdaraq mübarizəni dayandırıb. 32-ci dövrədən sonra ilk onluq belə olub: Bottas – Fettel – Rikkardo – Rəykkönen – Həmilton – Qrojan – Peres – Okon – Massa – Stroll.

Həmilton 32-ci dövrədə təkərlərini dəyişib. Ferrari isə Rəykköneni trasda saxlayıb. Növbəti dövrələrdə sürücülərin əksəriyyəti pit-leynə yollanıblar. Lider Bottas isə yalnız 42-ci dövrədə pit-stop edib. Ön təkər vaxtında taxılmadığından bir qədər vaxt itirən Valtteri trasa Rəykkönenin arxasında qayıtsa da, tezliklə onu keçib. Rəykkönenə göy bayraqlar altında vaxtında yol verməyən Vandorna pit-leyndən keçmək cəzası verilib. Ferrari-nin finlandiyalı sürücüsü nəhayət, 46-cı dövrədə pitə yollanıb. Sayns da mexaniki problemlər üzündən yarışı dayandırıb. 32-ci dövrədən sonra ilk onluq belə olub: Bottas – Fettel – Rikkardo – Həmilton – Rəykkönen – Qrojan – Peres – Okon – Massa – Stroll.

Yarışın son dövrələrində Həmilton Rikkardoya, Fettel isə Bottasa çatıb. Lakin çempionatın liderlərinin hücum cəhdləri heç bir nəticə verməyib. Bottas mövsümdə və karyerasında ikinci qələbəsini əldə edib. İkinci olan Fettel çempionatda Həmiltonla olan xal fərqini daha da artırıb. Rikkardo isə finiş xəttini üçüncü yerdə keçərək ardıcıl beşinci yarışda da podiuma yüksələ bilib.

Növbəti yarış isə gələn həftəsonu keçiriləcək. İştirakçılar artıq bu gündən etibarən vaxt itirmədən Formula1-in ilk yarışının keçirildiyi tarixi və əfsanəvi məkana – Silverstouna yola düşəcəklər.

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 77 Valtteri Bottas Mercedes AMG 1:21:48.523 1
2 5 Sebastyan Fettel Ferrari + 0:00.658 1
3 3 Daniel Rikkardo Red Bull + 0:06.012 1
4 44 Lyuis Həmilton Mercedes AMG + 0:07.430 1
5 7 Kimi Rəykkönen Ferrari + 0:20.370 1
6 8 Roman Qrojan Haas + 1:13.160 1
7 11 Serxio Peres Force İndia + 1 dövrə 1
8 31 Esteban Okon Force İndia + 1 dövrə 1
9 19 Felipe Massa Williams + 1 dövrə 1
10 18 Ləns Stroll Williams + 1 dövrə 1
11 30 Colion Palmer Renault + 1 dövrə 1
12 2 Stoffel Vandorn McLaren + 1 dövrə 2
13 27 Niko Hülkenberq Renault + 1 dövrə 1
14 94 Paskal Verlyayn Sauber + 1 dövrə 1
15 9 Markus Eriksson Sauber + 2 dövrə 1
16 26 Daniil Kvyat Toro Rosso + 3 dövrə 3

 

Sürətli dövrə: Lyuis Həmilton (Mercedes AMG) – 1:07.411 (57-ci dövrə, 280.919 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Karlos Sayns Toro Rosso 45 mexaniki problem
Kevin Maqnussen Haas 30 hidravlika
Maks Ferstappan Red Bull 1 qəza
Fernando Alonso McLaren 1 qəza

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 5 Sebastyan Fettel Scuderia Ferrari 171
2 44 Lyuis Həmilton Mercedes AMG Petronas F1 Team 151
3 77 Valtteri Bottas Mercedes AMG Petronas F1 Team 136
4 3 Daniel Rikkardo Red Bull Racing 107
5 7 Kimi Rəykkönen Scuderia Ferrari 83
6 11 Serxio Peres Sahara Force İndia F1 Team 50
7 33 Maks Ferstappen Red Bull Racing 45
8 31 Esteban Okon Sahara Force İndia F1 Team 39
9 55 Karlos Sayns Scuderia Toro Rosso 29
10 19 Felipe Massa Williams Martini Racing 22
11 18 Ləns Stroll Williams Martini Racing 18
12 27 Niko Hülkenberq Renault Sport Formula 1 Team 18
13 8 Roman Qrojan Haas F1 Team 18
14 20 Kevin Maqnussen Haas F1 Team 11
15 94 Paskal Verlyayn Sauber F1 Team 5
16 26 Daniil Kvyat Scuderia Toro Rosso 4
17 14 Fernando Alonso McLaren Honda Formula 1 Team 2

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 287
2 Scuderia Ferrari Ferrari 254
3 Red Bull Racing TAG Heuer 152
4 Sahara Force İndia F1 Team Mercedes 89
5 Williams Martini Racing Mercedes 40
6 Scuderia Toro Rosso Renault 33
7 Haas F1 Team Ferrari 29
8 Renault Sport Formula 1 Team Renault 18
9 Sauber F1 Team Ferrari 5
10 McLaren Honda Formula 1 Team Honda 2
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*