Fettel Avstriyaya çempionatın lideri kimi gəlib. Həmiltonun isə yarışa ilk yerdən başlamayacağı dünəndən dəqiq idi – britaniyalı ötürmələr qutusu dəyişdirildiyi üçün yer itirməklə cəzalandırılmışdı. Maraqlıdır ki, keçən il burada startda yer itirən sürücülər Lyuisin əsas rəqibləri Fettel və Rosberq olmuşdular.
Cümə günü baş tutan sərbəst yürüşlərdə Lyuis hamıdan sürətli olmuşdu, lakin bu gün baş tutan məşqlərdə Fettel protokollara başçılıq etmişdi. Tras qısa olduğundan, nəticələr də çox sıx olmuşdu.
Pirelli Avstriyaya ən yumşaq üçlüyü gətirib. İtalyan təchizatçı cari mövsümdə artıq beşinci dəfədir ki, Soft, SuperSoft və UltraSoft tərkiblərə üstünlük verir.
Birinci sessiyada yalnız Fettel, Rəykkönen və Bottas SuperSoft tərkiblərlə boksu tərk ediblər, digər sürücülər isə UltraSoft-larla başlayıblar. Təkərləri qızdırmaq üçün ardıcıl dövrələr vurmaq lazım gəlib. Həmilton ilk cəhdində 1:05.064-lük nəticə göstərib və bu dövrə sessiyada sona qədər ən sürətli olub. Rəykkönenin nəticəsi Lyuisə yaxın olsa da, yerdə qalanlar ona azı yarım saniyə uduzublar. Williams-ın hər iki sürücüsü növbəti sessiyaya yüksələ bilməyib. Mübarizəni dayandıran digər sürücülər isə Palmer, Eriksson və Verlyayn olublar.
İkinci sessiyaya Həmilton SuperSoft-la başlayıb. Sürücü bu addımı yarışda fərqli strategiya seçmək üçün atıb. Lyuis 65 saniyənin altına düşən ilk sürücü olub, lakin UltraSoft-la dövrə vuran Bottas onun nəticəsini dərhal 0.2 saniyə yaxşılaşdırıb – 1:04.640. Rəykkönen və Ferstappen ikinci cəhdlərindən imtina ediblər. Bottas isə nəticəsini daha da yaxşılaşdıraraq protokollara başçılıq edib – 1:04.316. Hülkenberq, Alonso, Vandorn, Kvyat və ikinci sessiyada boksdan çıxmayan Maqnussen üçün sıralanma turu başa çatıb.
Son sessiyada Bottas elə ilk cəhdindəcə trasın yeni rekordunu müəyyənləşdirib və protokollara başçılıq edib – 1:04.251! Həmilton Fetteldən də geri qalaraq üçüncü olub. İkinci cəhdinə yollanan britaniyalı ilk döngədə səhvə yol verib və ən sürətli dövrəni vurmaq şansını qaçırıb. Bir qədər sonra isə Qrojanın trasda dayanmasına görə sarı bayraqlar dalğalanıb. Heç bir sürücü nəticəsini yaxşılaşdıra bilməyib. Ferstappen isə yeddinci döngədə çınqıllığa çıxıb.
Beləliklə, Valtteri Bottas karyerasında ikinci poulunu qazanıb. Ona cəmi 0.042 saniyə uduzan Fettel ikinci olub. Sıralanma turunu üçüncü yerdə başa vuran Həmilton sabah yarışa 8-ci yerdən başlamalıdır. İkinci cərgədən isə Rəykkönen və Rikkardo start alacaqlar. Sonda isə italyan aparıcı Davide Valsekkinin xahişinə baxmayaraq, Fettel və Həmilton bir-birinin əlini sıxmayıblar…
Sabah Bakı vaxtı ilə 16:00-dan etibarən bizi qələbə uğrunda gərgin mübarizə gözləyəcək.
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 77 | Valtteri Bottas | Mercedes AMG | 5 | 1:05.760 | 5 | 1 | 1:04.316 | 7 | 1:04.251 | 6 |
2 | 5 | Sebastyan Fettel | Ferrari | 3 | 1:05.585 | 6 | 2 | 1:04.772 | 6 | 1:04.293 | 5 |
3 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1 | 1:05.064 | 5 | 3 | 1:04.800 | 5 | 1:04.424 | 7 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | 2 | 1:05.148 | 9 | 5 | 1:05.004 | 3 | 1:04.779 | 5 |
5 | 3 | Daniel Rikkardo | Red Bull | 7 | 1:05.854 | 5 | 6 | 1:05.161 | 8 | 1:04.896 | 9 |
6 | 33 | Maks Ferstappen | Red Bull | 6 | 1:05.779 | 5 | 4 | 1:04.948 | 3 | 1:04.983 | 8 |
7 | 8 | Roman Qrojan | Haas | 8 | 1:05.902 | 12 | 7 | 1:05.319 | 11 | 1:05.480 | 7 |
8 | 11 | Serxio Peres | Force İndia | 9 | 1:05.975 | 6 | 8 | 1:05.435 | 8 | 1:05.605 | 7 |
9 | 31 | Esteban Okon | Force İndia | 11 | 1:06.033 | 8 | 10 | 1:05.550 | 7 | 1:05.674 | 7 |
10 | 55 | Karlos Sayns | Toro Rosso | 4 | 1:05.675 | 12 | 9 | 1:05.544 | 6 | 1:05.726 | 5 |
11 | 27 | Niko Hülkenberq | Renault | 14 | 1:06.174 | 10 | 11 | 1:05.597 | 6 | ||
12 | 14 | Fernando Alonso | McLaren | 13 | 1:06.158 | 8 | 12 | 1:05.602 | 6 | ||
13 | 2 | Stoffel Vandorn | McLaren | 15 | 1:06.316 | 8 | 13 | 1:05.741 | 6 | ||
14 | 26 | Daniil Kvyat | Toro Rosso | 10 | 1:05.990 | 10 | 14 | 1:05.884 | 6 | ||
15 | 20 | Kevin Maqnussen | Haas | 12 | 1:06.143 | 6 | 15 | – | – | ||
16 | 30 | Colion Palmer | Renault | 16 | 1:06.345 | 10 | |||||
17 | 19 | Felipe Massa | Williams | 17 | 1:06.534 | 8 | |||||
18 | 18 | Ləns Stroll | Williams | 18 | 1:06.608 | 11 | |||||
19 | 9 | Markus Eriksson | Sauber | 19 | 1:06.857 | 12 | |||||
10 | 94 | Paskal Verlyayn | Sauber | 20 | 1:07.011 | 11 |