SIRALANMA TURU
Valtteri Bottasın qazandığı poul karyerasında ikinci, Mercedes komandasının tarixində isə 80-ci olub.
Sebastyan Fettelin sıralanma turunda ikinci olması ilə Ferrari pilotları mövsümdə 9-cu dəfə yarışa ilk cərgədən başlayıblar. Bu, 2011-2016-cı illərdəki ümumi nəticəyə bərabərdir.
2014-cü ildə keçirilən Britaniya Qran Prisindən bəri ilk dəfə Williams-ın hər iki sürücüsü sıralanma turunun ilk sessiyasında mübarizəni dayandırıblar.
YARIŞ
Valtteri Bottas karyerasında ikinci qələbəsini qazanıb. Ondan əvvəl cəmi üç finlandiyalı sürücü iki və ya daha artıq qələbə əldə edib, hər üç sürücü sonda dünya çempionu ola bilib.
Mercedes AMG Avstriyada ardıcıl 4 il qalib gələn ilk komanda olub.
Avstriya Qran Prisi cari mövsümdə Fettel və Həmiltondan ən azı birinin liderlik etmədiyi ilk yarış olub. Maraqlıdır ki, son 3 yarışda Rikkardo 18, Həmilton 30, Bottas 69, Fettel isə cəmi 3 dövrə liderlik edib. Lakin buna baxmayaraq, Ferrari-nin alman sürücüsü çempionatda Lyuis üzərindəki üstünlüyünü 12 xaldan 20-ə qaldırıb.
İkinci yeri tutan Sebastyan Fettel Avstriyada ilk, karyerasında isə 93-cü podiumunu əldə edib. Fernando Alonsoya çatmağa cəmi 4 podium qalıb…
Yer | Sürücü | Podium sayı |
1 | Mixael Şumaxer | 155 |
2 | Lyuis Həmilton | 109 |
3 | Alen Prost | 106 |
4 | Fernando Alonso | 97 |
5 | Sebastyan Fettel | 93 |
Sebastyan Fettel ardıcıl 9-cu yarışdan sonra da çempionata liderlik edir. Bu, 2004-cü ildən bəri bir mövsümdə qeydə alınan ən uzun seriyadır – Mixael Şumaxer həmin il bütün mövsüm ərzində liderliyi heç kimə verməmişdi.
Ardıcıl 5 yarışda podium – Daniel Rikkardonun karyerasında ən yaxşı seriyadır. O, hazırda karyerasını davam etdirənlər arasında buna nail olan beşinci sürücüdür. Digərləri Alonso, Rəykkönen, Fettel və Həmiltondur.
Yarışı dördüncü yerdə başa vuran Həmilton ardıcıl 2 yarışda podiuma yüksələ bilməyib. Belə hal turboerada ilk dəfə baş verib.
Roman Qrojanın tutduğu 6-cı yer cari mövsümdə Haas komandasının ən yaxşı nəticəsidir. Komanda həm də tarixində ilk dəfə ardıcıl 5 yarışda xal qazanıb.
Sürücüləri yeddinci və səkkizinci yerləri tutan Force İndia cari mövsümdə 7-ci dəfə hər iki maşını ilə xal zonasına düşüb. Komanda iki dəfə – Monako və Bakıda buna nail ola bilməyib.
Williams komandası mövsümdə ilk dəfə hər iki maşınla xal qazanıb. Lakin Force İndia ilə Mühəndislər Kubokundakı xal fərqi artıq 49-a çatıb…
Colion Palmer son dörd yarışda üçüncü dəfə finiş xəttini 11-ci yerdə keçib. Bu dəfə ona mövsümdə ilk xalını qazanmaq üçün cəmi 0.5 saniyə çatmayıb. Covinatsi və Battonu saymasaq, Palmer cari mövsümdə xal qazana bilməyən üç sürücüdən biridir. Onun komanda yoldaşı Niko Hülkenberqin hesabında isə 18 xal var…
Maks Ferstappen ardıcıl üçüncü yarışı başa vura bilməyib. Gənc sürücü bu il 5 yarışda finiş görə bilməyib və qət edilən ümumi məsafəyə görə sonuncu yerdədir – 49.95%. Hesabında 45 xal və 107 xalı olan komanda yoldaşı Daniel Rikkardo artıq ondan çox uzaqdadır…
Fernando Alonso Şpilberqdə ardıcıl üçüncü, karyerasında isə beşinci dəfədir ki, ilk dövrədə mübarizəni dayandırır. İspan sürücü burada yalnız bir dəfə – 2014-cü ildə Ferrari-də çıxış edərkən finiş görüb.
Sauber qələbəsiz 341-ci yarışını keçirib və Minardi komandasının 340 yarışlıq göstəricisini “üstələyib”.
McLaren komandasının sürücülərinin çempionata sonuncu dəfə liderlik etməsinin üzərindən düz 100 yarış keçib (sonuncu dəfə Lyuis Həmilton 2012-ci ildə Kanada Qran Prisindən sonra lider olmuşdu).