Quru. Buludlu. Havanın temperaturu +19° C, trasın temperaturu +28° C
Mövsümlərarası fasilənənin ənənəvi qüvvələr nisbəti sualı bu dəfə cavabsız qalıb – reqlament çox ciddi dəyişib, testlərdə hər bir komanda çoxlu problemlərlə üzləşib. Bir çoxları deyirdilər ki, mövsümün ilk yarışını keçirmək hələ tezdir – bütün problemlər hələ həll olunmayıb, amma komandalar martın ortasında Melburna toplaşıblar.
Sıralanma turu yağış altında keçib, start sahəsində sürücülərin düzümü maraqlı alınıb. Lyuis Həmilton gözlənildiyi kimi poul qazanıb, Daniel Rikkardo gözlənilmədən ikinci olub – avstraliyalı sürücü ev trasında Red Bull-un heyətində debüt edib. McLaren komandasının debütantı Kevin Maqnussen dördüncü, Toro Rosso-nun debütantı Daniil Kvyat isə səkkizinci nəticə göstərib. Üç dünya çempionu – Batton, Rəykkönen və Fettel isə sonuncu sessiyaya keçə bilməyiblər.
Valtteri Bottas və Esteban Qutyerres dünən cərimə olunmuşdular – onların maşınlarında ötürmələr qutusu vaxtından əvvəl dəyişdirildiyi üçün hər iki sürücü startda 5 yer itirməli olub. Həftəsonu Lotus üçün çox uğursuz davam edib – Pastor Maldonado sıralanma turunda heç bir nəticə göstərə bilməyib, amma stüardlar tərəfindən yarışın startına buraxılıb, Roman Qrojan isə cərimələnib – komanda “bağlı park” rejimini pozaraq maşın üzərində işləmək qərarını qəbul edib.
Yarış ərəfəsində həll olunmamış problemlər kifayət qədər çox olub, həm də sürücülər ilk dəfə yarış məsafəsini imitasiya rejimində deyil, real mübarizə rejimində 100 kq yanacaq sərfiyyatı ilə qət etməli idilər. Yağışlı sıralanma turundan sonra startda sürücülər azad seçim qarşısında olublar, ona görə də Fettel və Qutyerres Medium, digər sürücülər isə Soft tərkibinə üstünlük veriblər.
Qızdırma dövrəsinin əvvəlində Maks Çilton start sahəsinə qalıb – Marussia-nın mexanikləri maşını boksa çəkərək işə salıblar və pit-leyndə Qrojanın arxasında yer alıblar. Amma ilk cəhddən start yenə də alınmayıb – bu dəfə ikinci Marussia maşınında motir sönüb. Sürücülər ikinci qızdrıma dövrəsinə yollanıblar – Jül Byanki isə komanda yoldaşının arxasında pit-leyndə yer alıb.
Startda Rosberq önündəki iki maşını qabaqlayaraq birinci döngəyə lider kimi daxil olub, amma Rikkardo da Həmiltonu keçdiyi üçün ikinciliyini qoruya bilib. Həmiltonu isə bir neçə döngədən sonra Maqnussen də üstələyib. Birinci döngənin girişində Kobayaşi arxadan Massaya çırpılıb – hər iki sürücü trasdan çıxaraq mübarizəni dayandırıblar. 2-ci dövrənin sonunda ilk onluq: Rosberq – Rikkardo – Maqnussen – Həmilton – Hülkenberq – Alonso – Vern – Rəykkönen – Kvyat – Bottas.
3-cü dövrədə Hülkenberq də Həmiltonu keçib – britaniyalı sürücüyə əvvəlcə maşını saxlaması əmr olunsa da, sonradan yarışı davam edə bilməsi barədə xəbər verildi. Rəykkönen Verni, Bottas isə Kvyatı üstələyiblər. Dövrənin sonunda Həmilton maşını boksda saxlayıb.
5-ci dövrədə Bottas Verni də keçərək yeddinci yerə yüksəlib. Fettel yarışı dayandırmalı olub – son dörd ilin çempionu üçün mövsümün ilk yarışı qısa alınıb. Dövrənin sonunda Rosberqin Rikkardo üzərində üstünlüyü dörd saniyəyə çatıb, Daniel də öz növbəsində Maqnusseni dörd saniyə qabaqlayıb.
8-ci dövrədə Bottas həmyerlisi Rəykköneni də üstələyərək altıncı yerə çıxıb. 10-cu dövrənin sonunda ilk onluq: Rosberq – Rikkardo – Maqnussen – Hülkenberq – Alonso – Bottas – Rəykkönen – Vern – Kvyat – Batton.
Alonsoya hücum zamanı Bottas divara toxunub – arxa təkər deşilib: rezin diskdən ayrılıb və trasda qalıb. Daha sonra diskin də maşından ayrılması trasa Təhlükəsizlik Maşının (TM) çıxmasına səbəb olub – Bottas boksa qayıda bilib və trasa 16-cı qayıdıb. TM-in trasa çıxmasına Batton cə Peres dərhal reaksiya veriblər, növbəti dövrədə isə digər sürücülər də mexaniklərinə qonaq olublar. Kvyat və Peres Medium təkərlərinə keçiblər, digər sürücülər isə Soft tərkibini seçiblər. Batton bir dövrə erkən pit-stopu sayəsində altıncı yerə yüksəlib. TM-in arxasında ilk onluq: Rosberq – Rikkardo – Maqnussen – Hülkenberq – Alonso – Batton – Vern – Rəykkönen – Sutil – Kvyat. Bottas 16-cı yerə düşüb.
16-cı dövrədə restart elan olunub. Rosberq liderliyini qoruyub. Bottas Qutyerresi, bir dövrə sonra isə Peresi qabaqlayıb. 18-ci dövrədə Kvyat Sutili keçib. Növbəti iki dövrə ərzində Bottas növbə ilə Qrojanı, Maldonadonu və Sutili ötərək ilk onluğa qayıdıb. 20-ci dövrənin sonunda ilk onluq: Rosberq – Rikkardo – Maqnussen – Hülkenberq – Alonso – Batton – Vern – Rəykkönen – Kvyat – Bottas.
25-ci dövrədə Bottas Kvyatı üstələyib. 29-cu dövrədə sarı bayraqlar dalğalanıb – Erikson mübarizəni dayandırıb, iki dövrə sonra isə Maldonado da dayanıb.
33-cü dövrədə Batton və Peres təkərlərini dəyişiblər, 34-cü dövrədə Hülkenberq və Vern boksa yollanıblar. 35-ci dövrədə Bottas Rəykköneni daha bir dəfə keçib – Kimi əylənmədə təkərləri bloka salıb. 36-cı dövrədə Alonso ikinci, Sutil isə birinci pit-stopunu gerçəkləşdiriblər. Alonso pit-stop sayəsində Hülkenberqi qabaqlasa da, Battonun arxasına düşüb.
37-ci dövrədə Rikkardo, Bottas, Rəykkönen və Kvyat, 38-ci dövrədə Maqnussen, 39-cu dövrədə Rosberq sonuncu dəfə boksa müraciət ediblər – Niko trasa yarışın lideri kimi qayıdıb. 43-cü dövrənin sonunda ilk onluq: Rosberq – Rikkardo – Maqnussen – Batton – Alonso – Hülkenberq – Vern – Bottas – Rəykkönen – Kvyat.
45-ci dövrədə Qrojan yarışı dayandırmalı olub – hər iki Lotus maşını bu gün mübarizədən kənar qalıb. 47-ci dövrədə Bottas Verni üstələyib. 50-ci dövrənin sonunda ilk onluq: Rosberq – Rikkardo – Maqnussen – Batton – Alonso – Hülkenberq – Bottas – Vern – Rəykkönen – Kvyat.
52-ci dövrədə Bottas Hülkenberqi də keçərək altıncılığa yüksəlib, onun həmyerlisi Rəykkönen isə Verni üstələyib.
Niko Rosberq inamlı qələbə qazanıb – almaniyalı sürücü ən yaxın rəqibindən 24.5 saniyə üstün olub və karyerasında dördüncü qələbəsini qazanıb.
Mövsümün ilk yarışı yeni nəsil sürücülər üçün uğurlu alınıb. Rikkardo Red Bull-da keçirdiyi ilk yarışında ikinci olub, Maqnussen debüt yarışında podium qazanıb, rusiyalı Kvyat da debüt yarışında xal qazanaraq tarixin xal qazanmış ən gənc sürücüsü olub. Valtteri Bottas isə çoxsaylı ötmələr edərək finişdə altıncı olub.
Yarışın finişindən bir neçə saat sonra Daniel Rikkardonun nəticəsi protokollardan çıxarılıb – Red Bull komandası yanacağın artıq sərfində günahlandırılır, komanda bu qərardan şikayət edəcəyini bildirib.
Mövsümün startı gözlənilməz və maraqlı alınıb, proqnozların əksinə olaraq 14 maşın finiş görüb. İki həftədən sonra komandalar Malayziyada mübarizəni davam etdirəcəklər.
Yer | Pilot | Komanda | Motor | Vaxt |
01 | N.Rosberq | Mercedes AMG | Mercedes | 1:32:58.710 |
02 | K.Maqnussen | McLaren | Mercedes | + 0:26.777 |
03 | C.Batton | McLaren | Mercedes | + 0:30.027 |
04 | F.Alonso | Ferrari | Ferrari | + 0:35.284 |
05 | V.Bottas | Williams | Mercedes | + 0:47.639 |
06 | N.Hülkenberq | Force İndia | Mercedes | + 0:50.718 |
07 | K.Rəykkönen | Ferrari | Ferrari | + 0:57.675 |
08 | J.E.Vern | Toro Rosso | Renault | + 1:00.441 |
09 | D.Kvyat | Toro Rosso | Renault | + 1:03.585 |
10 | S.Peres | Force İndia | Mercedes | + 1:25.916 |
11 | A.Sutil | Sauber | Ferrari | + 1 dövrə |
12 | E.Qutyerres | Sauber | Ferrari | + 1 dövrə |
13 | M.Çilton | Marussia | Ferrari | + 2 dövrə |
NK | J.Byanki | Marussia | Ferrari | + 8 dövrə |
– | R.Qrojan | Lotus | Renault | – |
– | P.Maldonado | Lotus | Renault | – |
– | M.Erikson | Caterham | Renault | – |
– | S.Fettel | Red Bull | Renault | – |
– | L.Həmilton | Mercedes AMG | Mercedes | – |
– | F.Massa | Williams | Mercedes | – |
– | K.Kobayaşi | Caterham | Renault | – |
DSK | D.Rikkardo | Red Bull | Renault | + 0:24.525 |
Sürətli dövrə: Niko Rosberq (Mercedes AMG) – 1:32.478 (19-cu dövrə).
Qeyd: Daniel Rikkardo (Red Bull) yarış zamanı yanacaq limitini keçdiyi üçün diskvalifikasiya olunub (DSK), Jül Byanki (Marussia) yarış məsafəsinin 10%-ni qət etmədiyi üçün protokollarda nəzərə alınmayıb (NK).
Turnir cədvəli:
Yer | Pilot | Komanda | Motor | Xal |
01 | N.Rosberq | Mercedes AMG | Mercedes | 25 |
02 | K.Maqnussen | McLaren | Mercedes | 18 |
03 | C.Batton | McLaren | Mercedes | 15 |
04 | F.Alonso | Ferrari | Ferrari | 12 |
05 | V.Bottas | Williams | Mercedes | 10 |
06 | N.Hülkenberq | Force İndia | Mercedes | 8 |
07 | K.Rəykkönen | Ferrari | Ferrari | 6 |
08 | J.E.Vern | Toro Rosso | Renault | 4 |
09 | D.Kvyat | Toro Rosso | Renault | 2 |
10 | S.Peres | Force İndia | Mercedes | 1 |
11 | A.Sutil | Sauber | Ferrari | 0 |
12 | E.Qutyerres | Sauber | Ferrari | 0 |
13 | M.Çilton | Marussia | Ferrari | 0 |
14 | J.Byanki | Marussia | Ferrari | 0 |
15 | R.Qrojan | Lotus | Renault | 0 |
16 | P.Maldonado | Lotus | Renault | 0 |
17 | M.Erikson | Caterham | Renault | 0 |
18 | S.Fettel | Red Bull | Renault | 0 |
19 | L.Həmilton | Mercedes AMG | Mercedes | 0 |
20 | F.Massa | Williams | Mercedes | 0 |
21 | K.Kobayaşi | Caterham | Renault | 0 |
22 | D.Rikkardo | Red Bull | Renault | 0 |
Yer | Komanda | Motor | Xal |
01 | McLaren | Mercedes | 33 |
02 | Mercedes AMG | Mercedes | 25 |
03 | Ferrari | Ferrari | 18 |
04 | Williams | Mercedes | 10 |
05 | Force İndia | Mercedes | 9 |
06 | Toro Rosso | Renault | 6 |
07 | Sauber | Ferrari | 0 |
08 | Marussia | Ferrari | 0 |
09 | Lotus | Renault | 0 |
10 | Caterham | Renault | 0 |
11 | Red Bull | Renault | 0 |