F-1.az xatırladır ki, dünənki ilk məşqlərin qalibi Karlos Saynz olub, ikinci sessiyada isə komanda yoldaşı Şarl Lekler protokollara başçılıq edib. Bugünkü son sərbəst yürüşlərdə isə Lando Norris hamıdan sürətli olub.
İlk iki yarışı koronavirusa yoluxduğu üçün buraxmalı olan Sebastyan Fettel nəhayət ki, mövsümdə debüt etmək imkanı qazanıb.
Pirelli ənənəyə zidd olaraq, bura ardıcıl tərkibləri gətirməyib. Melburnda sürücülərin ixtiyarına C2 və C3-lərlə birlikdə C5 tərkibi verilib ki, ondan yalnız sıralanma turunda istifadə olunacaq.
İlk Sessiyada bütün sürücülər Soft təkərlərlə trasa çıxıblar. İlk cəhddə Lekler sürətli olsa da, Sayns onu üstələyib. Ferstappen üçüncü nəticə göstərib. Lakin komanda yoldaşı daha yaxşı nəticə göstərib. İkinci cəhdlərdə isə Ferstappen hamıdan sürətli olub – 1:18.580. İlk sektorda Tsunoda və Həmilton arasındakı insidentə heç bir cəza verilməyib.
Sona 2 dəqiqə qalmış sessiya qırmızı bayraqlarla dayandırılıb. Buna səbəb Latifi və Strollun qəzası olub. Latifi əvvəlcə Strollu önə buraxıb, lakin sonradan sürətlənərək onu keçməyə cəhd edib və nəticədə ciddi qəza baş verib. Fasilə 15 dəqiqə davam edib, bu da Aston Martin komandasına Fettelin maşınını bərpa etmək imkanı yaradıb. Restart verilib və alman sürücü dərha trasa çıxıb. Lakin vurduğu yeganə dövrə növbəti sessiyaya keçməyə kifayət etməyib. Onunla yanaşı, Elbon, Maqnussen, Latifi və Stroll mübarizəni dayandırıblar.
İkinci Sessiyada da hamı ən yumşaq təkərlərlə boksu tərk edib. Ferstappen 1:18.611-lik nəticə ilə ilk sıranı tutub. Üçüncü sektorda sarı bayraqlar dalğalanıb. Peres ikinci nəticə göstərib, lakin sarı bayraqlar altında sürətini azaltmayıb və stüardlar məsələni sıralanma turundan sonra araşdıracaqlar. Alonso bir qədər sonra ikinci ən yaxşı nəticəni göstərib.
Peres ikinci cəhdində protokollara başçılıq edib. Komanda Ferstappenə arxadan gələn Həmiltonun sürətli dövrədə olması barədə məlumat verməyib və sürücülər qəzadan son anda qurtulublar. Qasli, Bottas, Tsunoda, Çjou və Şumaxer üçün təsnifat mərhələsi yekunlaşıb. Bottasın 103 yarışlıq sıralanma turunda son sessiyaya keçmək seriyası başa çatıb.
Son sessiyada gözlənildiyi kimi, hamı Soft təkərlərlə trasa çıxıb. Ferstappen 1:18.399-luq nəticə göstərsə də, komanda yoldaşı onu 0.001 saniyə fərqlə üstələyib. Lekler isə hər iki sürücüdən üstün olub – 1:18.239. Olduqca sürətli gələn Alonso 11-ci döngədə qəza edib və qırmızı bayraqlar növbəti dəfə peyda olublar. Sayns finişə çatmağa bir neçə metr qalmış qırmızı bayraq elan olunduğundan, nəticəsi sayılmayıb. Fasilə 13 dəqiqə davam edib. Peres növbəti cəhdində Leklerə çox cüzi fərqlə uduzub – yenə də 0.001 saniyə. İlk iki sektoru zəif keçən Maks son sektorda mükəmməl nəticə göstərərək liderliyə yüksəlib. Lakin Leklerə vurduğu son dövrə poulu gətirib – 1:17.868! Sayns trasa gec buraxılıb və vurduğu dövrə yalnız 9-cu olmasına kömək edib.
Beləliklə, Şarl Lekler mövsümdə ikinci, karyerasında isə 11-ci poulunu əldə edib. Sabahkı yarışa onun yanından Maks Ferstappen başlayacaq. İkinci cərgədə Serxio Peres və Lando Norris, üçüncü cərgədə isə Mercedes pilotları qərarlaşıblar.
Sabah Bakı vaxtı ilə 09:00-da bizi gərgin mübarizə gözləyir…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 16 | Şarl Lekler | Ferrari | 3 | 1:18.881 | 5 | 3 | 1:18.606 | 8 | 1:17.868 | 8 |
2 | 1 | Maks Ferstappen | Red Bull | 1 | 1:18.580 | 7 | 4 | 1:18.611 | 8 | 1:18.154 | 6 |
3 | 11 | Serxio Peres | Red Bull | 2 | 1:18.834 | 7 | 1 | 1:18.340 | 5 | 1:18.240 | 9 |
4 | 4 | Lando Norris | McLaren | 7 | 1:19.280 | 6 | 6 | 1:19.066 | 8 | 1:18.703 | 6 |
5 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 8 | 1:19.401 | 8 | 8 | 1:19.106 | 10 | 1:18.825 | 10 |
6 | 63 | Corc Rassell | Mercedes AMG | 9 | 1:19.405 | 8 | 7 | 1:19.076 | 9 | 1:18.933 | 9 |
7 | 3 | Daniel Rikkardo | McLaren | 12 | 1:19.665 | 10 | 9 | 1:19.130 | 6 | 1:19.032 | 6 |
8 | 31 | Esteban Okon | Alpine | 11 | 1:19.605 | 9 | 10 | 1:19.136 | 8 | 1:19.061 | 6 |
9 | 55 | Karlos Sayns | Ferrari | 4 | 1:18.983 | 7 | 2 | 1:18.469 | 9 | 1:19.408 | 6 |
10 | 14 | Fernando Alonso | Alpine | 5 | 1:19.192 | 6 | 5 | 1:18.815 | 7 | – | 2 |
11 | 10 | Pyer Qasli | AlphaTauri | 10 | 1:19.580 | 11 | 11 | 1:19.226 | 8 | ||
12 | 77 | Valtteri Bottas | Alfa Romeo | 6 | 1:19.251 | 5 | 12 | 1:19.410 | 8 | ||
13 | 22 | Yuki Tsunoda | AlphaTauri | 13 | 1:19.742 | 10 | 13 | 1:19.424 | 7 | ||
14 | 24 | Quanyu Çjou | Alfa Romeo | 14 | 1:19.910 | 11 | 14 | 1:20.155 | 5 | ||
15 | 47 | Mik Şumaxer | Haas | 15 | 1:20.104 | 11 | 15 | 1:20.465 | 8 | ||
16 | 23 | Aleksander Elbon | Williams | 16 | 1:20.135 | 11 | |||||
17 | 20 | Kevin Maqnussen | Haas | 17 | 1:20.254 | 11 | |||||
18 | 5 | Sebastyan Fettel | Aston Martin | 18 | 1:21.149 | 3 | |||||
19 | 6 | Nikolas Latifi | Williams | 19 | 1:21.372 | 8 | |||||
20 | 18 | Ləns Stroll | Aston Martin | 20 | – | 2 |