F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, Albert Parkda cüzi dəyişikliklər edilib. Belə ki, 2-ci və 3-cü döngələrdə sol tərəfdə olan qoruyucu baryerlərin yeri dəyişdirilib, indi onlar trasa daha yaxındırlar. Pit-leynin çıxışı ilə tras arasındakı sahədə asfalt örtük yenilənib və indi daha hamar olub.
Mövcud FİA təlimatlarına uyğun olaraq, yanğınsöndürmə texnikasının yerləşdiyi trasın müəyyən yerlərində yanğınsöndürən təsviri olan lövhələr quraşdırılıb.
Melburnda iki DRS zonası əvvəlki kimi olacaq. FİA yeganə interval ölçmə nöqtəsi ilə bu iki DRS zonasını təsdiq edib: hər il olduğu kimi əgər 14-cü döngənin apeksinə 13 metr qalmış maşınlar arasında interval ölçülən nöqtədə interval bir saniyədən az olarsa, onda hücum edəcək sürücü DRS sistemini iki ardıcıl düzlükdə aktivləşdirə bilər – start düzlüyündə (sonuncu döngədən 30 metr sonra) və ikinci-üçüncü döngələr arasındakı düzlükdə (2-ci döngədən 32 metr sonra).
Bundan başqa FİA artıq iki ildir Albert Parkda əlavə DRS zonası tətbiq edir. Bu ötmə zonasının deteksiya nöqtəsi 11-ci döngədən 170 metr öndə yerləşəcək. Əgər bu nöqtədə iki maşın arasındakı interval bir saniyədən az olarsa, onda arxadakı sürücü 12-ci döngədən 102 metr sonra arxa qanadın hərəkətli elementini işə sala biləcək.