F-1.az xatırladır ki, cümə və şənbə günlərində baş tutan hər üç məşq sessiyasında Lyuis Həmilton protokollara başçılıq edib. Dünən baş tutan sıralanma turu isə Mercedes-in hegemonluğu ilə başa çatıb – poulun sahibi Həmilton və ona cüzi uduzan Bottas bütün rəqiblərini 0.7 saniyə üstələyiblər.
Üç sürücü – Aleksander Elbon, Lando Norris və Corc Rassel Melburnda debüt ediblər. Maraqlıdır ki, hər üç debütant sıralanma turunu təcrübəli komanda yoldaşının önündə tamalayıb.
Yarışa ilk cərgədən Mercedes sürücüləri, ikinci cərgədən Fettel və Ferstappen, üçüncü cərgədən isə Lekler və Qrojan başlayıblar.
Startdan əvvəl sürücülər qrup halında şəkil çəkdiriblər, eyni zamanda bir neçə gün əvvəl dünyasını dəyişmiş Çarli Uaytinqin və Yeni Zelandiyada baş vermiş terrorun qurbanlarının xatirəsi yad edilib.
Pirelli bu ildən etibarən hər yarış üçün gətirdiyi təkərləri standart olaraq Hard, Medium və Soft adlandırır. Təchizatçı Melburna orta sərtlikdəki 3 tərkibi – C2, C3 və C4 təkərlərini gətirib. Həftəsonu boyunca ən sərt tərkib demək olar ki, istifadə edilməyib. Covinatsi, Kvyat, Stroll, Qasli və Rassell Medium, Kubitsa Hard, yerdə qalan sürücülər isə Soft təkərlərlə start alıblar.
Startda Bottas Həmiltonu keçərək liderliyə yüksəlib. Rikkardo asfaltdan kənara çıxıb və ön qanadını qırıb. Maqnussen Qrojanı üstələyib. Kubitsa da ön qanadını itirib. 2-ci dövrədə ilk onluq: Bottas – Həmilton – Fettel – Ferstappen – Lekler – Maqnussen – Qrojan – Hülkenberq – Rəykkönen – Norris.
Rikkardo və Kubitsa ön qanadlarını dəyişmək üçün pitə yollanıblar və eyni zamanda yeni təkərlərə keçiblər. Bottas Həmiltondan, o da Fetteldən uzaqlaşmağa başlayıb.
Lekler 8-ci dövrədə trasdan çıxsa da, mövqeyini qoruya bilib. 3 dövrə sonra isə Saynsın maşını tüstülənib və ispan sürücü müübarizəni dayandırmalı olub. Rəykkönen 13-cü dövrədə pit-stop dalğasını başladıb. Onu 14-cü dövrədə Hülkenberq və Peres, 15-ci dövrədə Fettel, Maqnussen və Elbon, 16-cı dövrədə isə Həmilton, Qrojan və Norris izləyiblər. Qrojan pit-stop zamanı 8 saniyə itirib.
Norris bir neçə dəfə Covinatsini keçməyə cəhd edib, lakin Albert Park trasının ötmələrə çox da imkan verməməsi debütantın işini çətinləşdirib. Bottas 23-cü dövrədə təkərlərini dəyişib və trasa hələ pit-stop etməmiş Ferstappenin arxasında ikinci yerdə qayıdıb. Maks da iki dövrə sonra pit yoluna yönəlib. Norris nəhayət ki, 27-ci dövrədə italyan rəqibini keçə bilib.
Ferstappen Fettellə olan fərqi sürətlə azaldıb və 31-ci dövrədə onu ötərək üçüncü yerə yüksəlib. İşləri qaydasında getməyən Rikkardo mübarizəni dayandırıb, buna səbəb komandanın telemetriya ilə bağlı bəzi problemlər aşkarlaması olub. 32-ci dövrədə ilk onluq: Bottas – Həmilton – Ferstappen – Fettel – Lekler – Qasli – Maqnussen – Hülkenberq – Rəykkönen – Stroll.
Həmilton təkərlərdən şikayət edib, lakin Ferstappen yaxınlaşdıqda tempini bir qədər yüksəldib və məsafəni qoruyub. Ferstappen ilk döngədə səhvə yol verib və yarım saniyə itirib. Lekler komanda yoldaşı Fettelə sürətlə yaxınlaşıb, lakin keçməyə cəhd etməyib. Sürətli dövrəyə əlavə bir xal verilməsi də yarışın gedişinə müəyyən qədər təsir edib. Ferstappen ən sürətli dövrəni vursa da, Bottas onun nəticəsini üstələməyə nail olub.
Valtteri Bottas karyerasında dördüncü qələbəsini əldə edib. O, həm də sürətli dövrəyə görə 1 xal qazandığı üçün Formula1 tarixində bir yarışda ən çox xal toplayan sürücü olub. Ona 20 saniyədən çox uduzan Lyuis Həmilton ikinci olub. Maks Ferstappen isə Honda-ya idmana qayıtdıqdan sonra ilk podiumunu qazandırıb.
Yarışı liderlə birlikdə cəmi 5 sürücü eyni dövrədə bitirə bilib. Williams sürücüləri isə Bottasa 3 dövrə uduzublar.
Mübarizə 2 həftə sonra Bəhreyndə davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:25.27.325 | 1 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | + 0:20.886 | 1 |
3 | 33 | Maks Ferstappen | Red Bull | + 0:22.520 | 1 |
4 | 5 | Sebastyan Fettel | Ferrari | + 0:57.109 | 1 |
5 | 16 | Şarl Lekler | Ferrari | + 0:58.230 | 1 |
6 | 20 | Kevin Maqnussen | Haas | + 1:27.156 | 1 |
7 | 27 | Niko Hülkenberq | Renault | +1 dövrə | 1 |
8 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | +1 dövrə | 1 |
9 | 18 | Ləns Stroll | Racing Point | +1 dövrə | 1 |
10 | 26 | Daniil Kvyat | Toro Rosso | +1 dövrə | 1 |
11 | 10 | Pyer Qasli | Red Bull | +1 dövrə | 1 |
12 | 4 | Lando Norris | McLaren | +1 dövrə | 1 |
13 | 11 | Serxio Peres | Racing Point | +1 dövrə | 1 |
14 | 23 | Aleksander Elbon | Toro Rosso | +1 dövrə | 1 |
15 | 99 | Antonio Covinatsi | Alfa Romeo | +1 dövrə | 1 |
16 | 63 | Corc Rassell | Williams | +2 dövrə | 2 |
17 | 88 | Robert Kubitsa | Williams | +3 dövrə | 3 |
Sürətli Dövrə: Valtteri Bottas (Mercedes AMG) 1:25.580 (57-ci dövrə, 223,075 km/s).
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Roman Qrojan | Haas | 30 | asılqan |
Daniel Rikkardo | Renault | 29 | mexaniki problemlər |
Karlos Sayns | McLaren | 10 | MGU-K |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 77 | Valtteri Bottas | Mercedes AMG Petronas Motorsport | 26 | |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG Petronas Motorsport | 18 | |
3 | 33 | Maks Ferstappen | Aston Martin Red Bull Racing | 15 | |
4 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 12 | |
5 | 16 | Şarl Lekler | Scuderia Ferrari | 10 | |
6 | 20 | Kevin Maqnussen | Rich Energy Haas F1 Team | 8 | |
7 | 27 | Niko Hülkenberq | Renault F1 Team | 6 | |
8 | 7 | Kimi Rəykkönen | Alfa Romeo Racing | 4 | |
9 | 18 | Ləns Stroll | Sportpesa Racing Point F1 Team | 2 | |
10 | 26 | Daniil Kvyat | Red Bull Toro Rosso Honda | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG Petronas Motorsport | Mercedes | 44 |
2 | Scuderia Ferrari | Ferrari | 22 |
3 | Aston Martin Red Bull Racing | Honda | 15 |
4 | Rich Energy Haas F1 Team | Ferrari | 8 |
5 | Renault F1 Team | Renault | 6 |
6 | Alfa Romeo Racing | Ferrari | 4 |
7 | Sportpesa Racing Point F1 Team | Mercedes | 2 |
8 | Toro Rosso Honda | Honda | 1 |