F-1.az bildirir ki, sıralanma turunda trasın rekordunu yeniləyən Lyuis Həmilton poulun sahibi olub. Keçən il poul nəticəsinə bir saniyə uduzan Sebastyan Fettel isə bu dəfə Lyuisdən 0.2 saniyə geri qalıb. Növbəti iki yeri isə Valtteri Bottas və Kimi Rəykkönen tutublar. Ötürmələr qutusunu dəyişən Ləns Strollun startda beş yer itirəcəyi hələ sıralanma turu başlamamışdan əvvəl məlum idi. Bu gün səhər isə Daniel Rikkardonun da ötürmələr qutusunu dəyişdiyi və yarışa pit yolundan başlayacağı açıqlanıb. Stroll bu yarışda çıxış edən yeganə debütant olmayıb. Paskal Verlyaynın yarışa hazır olmaması Antonio Covinatsi üçün ilk dəfə yarışa çıxmaq şansı yaradıb.
Pirelli Melburna Soft, SuperSoft və UltraSoft tərkiblərini gətirib. Artıq məşqlərdən məlum idi ki, hətta ən yumşaq tərkib olan UltraSfot ilə də böyük məsafə qət etmək mümkündür. Yarışa Eriksson və Stroll SuperSoft, Covinatsi, Maqnussen və Palmer Soft, qalan sürücülər isə UltraSoft təkərlərlə başlayıblar.
Startda heç kim ciddi səhvə yol verməyib. Öndəki sürücülər yerlərini qoruyublar. Eriksson və Maqnussen arasında təmas yaşanıb, lakin stüardlar bunu yarış insidenti kimi qəbul edərək heç bir cəza verməyiblər. Stroll beş yer qazanaraq 14-cü yerə yüksəlib. İkinci dövrədən sonra ilk onluq belə olub: Həmilton – Fettel – Bottas – Rəykkönen – Ferstappen – Massa – Qrojan – Sayns – Peres – Kvyat. Rikkardo yarışa iki dövrə sonra qoşulub və yerli tamaşaçılar tərəfindən alqışlanıb.
Həmilton Fetteldən uzaqlaşmaqda çətinlik çəksə də, beşinci dövrədən sonra fərqi bir saniyədən yuxarı çıxarıb və almaniyalının DRS-dən istifadə etməsinin qarşısını alıb. Qrojan 14-cü dövrədə yarışı saxlamalı olub. Növbəti dövrələrdə isə pit-stop dalğası başlayıb. Alonso və Hülkenberq 17-ci, Həmilton, Palmer və Peres isə 18-ci dövrədə təkərlərini dəyişiblər. Lakin Palmer növbəti dövrədə mübarizəni dayandırıb.
Pit-stop etməyən Fettel tempini artırıb və ardıcıl sürətli dövrələr vurub. Həmilton Soft təkərlərlə bir neçə qənaətbəxş dövrə vurduqdan sonra Ferstappenə çatıb. Hollandiyalı sürücünün arxasında xeyli vaxt itirən Lyuis liderlik şansını da əldən verib. Fettel yalnız 24-cü dövrədə pitə yollanıb, Soft təkərlərlə Ferstappenin önündə trasa qayıdıb.
Maks yarışın potensial lideri Fettelə hücumlar etsə də, alman sürücü mövqeyini qoruyub. Ötürmələr qutusu sıradan çıxan Eriksson da yarışı dayandırıb. Bottas və Ferstappen 25-ci, Rəykkönen isə 26-cı dövrədə təkərlərini dəyişiblər. İki dövrə sonra Rikkardo da mübarizəni dayandıran sürücülər sırasına qoşulub. Kvyat isə UltraSoft təkərlərlə 34 dövrə vurduqdan sonra pitə yollanıb. Yarışın 35-ci dövrəsindən sonra ilk onluq belə olub: Fettel – Həmilton – Bottas – Rəykkönen – Ferstappen – Massa – Peres – Sayns – Kvyat – Alonso.
Həmilton Fettelə yaxınlaşmağa cəhd etsə də, buna nail olmayıb. Əyləc probleminə görə boksa qayıdan Stroll da yarışı dayandırıb. Maqnussen də problemlə qarşılaşıb və finişə qədər gedə bilməyib. Yarışın 52-ci dövrəsindən sonra ilk onluq belə olub: Fettel – Həmilton – Bottas – Rəykkönen – Ferstappen – Massa – Peres – Sayns – Kvyat – Alonso.
Fernando Alonso 51-ci dövrədə boksa gəlib və maşını tərk edib. Sebastyan Fettel mövsümün ilk yarışını qələbə ilə başa vurub. Bu onun karyerasında 43-cü, 2015-ci il Sinqapur Qran Prisindən sonra isə ilk qələbəsidir. Lyuis ikinci, Bottas isə üçüncü yeri tutublar.
Ferrari turbo mühərriklər dövründə ilk dəfədir ki, Mühəndislər Kubokuna liderlik edir. Çempionat iki həftə sonra Çindəki yarışla davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:24:11.672 | 1 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | + 0:09.975 | 1 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | + 0:11.250 | 1 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | + 0:22.393 | 1 |
5 | 33 | Maks Ferstappen | Red Bull | + 0:28.827 | 1 |
6 | 19 | Felipe Massa | Williams | + 1:23.386 | 1 |
7 | 11 | Serxio Peres | Force İndia | + 1 dövrə | 1 |
8 | 55 | Karlos Sayns | Toro Rosso | + 1 dövrə | 1 |
9 | 26 | Daniil Kvyat | Toro Rosso | + 1 dövrə | 2 |
10 | 31 | Esteban Okon | Force İndia | + 1 dövrə | 1 |
11 | 27 | Niko Hülkenberq | Renault | + 1 dövrə | 2 |
12 | 36 | Antonio Covinatsi | Sauber | + 2 dövrə | 1 |
13 | 2 | Stoffel Vandorn | McLaren | + 2 dövrə | 1 |
Sürətli dövrə: Kimi Rəykkönen (Ferrari) 1:26.538 (56-cı dövrə, 220.605 km/saat).
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Fernando Alono | McLaren | 51 | asılqan |
Kevin Maqnussen | Haas | 47 | asılqan |
Ləns Stroll | Williams | 41 | əyləclər |
Daniel Rikkardo | Red Bull | 26 | əyləclər |
Markus Eriksson | Sauber | 22 | hidravlika |
Colion Palmer | Renault | 16 | əyləclər |
Roman Qrojan | Haas | 14 | mühərrik |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 25 | |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG Petronas F1 Team | 18 | |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG Petronas F1 Team | 15 | |
4 | 7 | Kimi Rəykkönen | Scuderia Ferrari | 12 | |
5 | 33 | Maks Ferstappen | Red Bull Racing | 10 | |
6 | 19 | Felipe Massa | Williams Martini Racing | 8 | |
7 | 11 | Serxio Peres | Sahara Force İndia F1 Team | 6 | |
8 | 55 | Karlos Sayns | Scuderia Toro Rosso | 4 | |
9 | 26 | Daniil Kvyat | Scuderia Toro Rosso | 2 | |
10 | 31 | Esteban Okon | Sahara Force İndia F1 Team | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Scuderia Ferrari | Ferrari | 37 |
2 | Mercedes AMG Petronas F1 Team | Mercedes | 33 |
3 | Red Bull Racing | TAG Heuer | 10 |
4 | Williams Martini Racing | Mercedes | 8 |
5 | Sahara Force İndia F1 Team | Mercedes | 7 |
6 | Scuderia Toro Rosso | Renault | 6 |