Avstraliya-2017: Sıralanma Turu

Qış testlərindən sonra komandaların rəsmiləri və sürücüləri yeni mövsüm və güc nisbətləri barədə ehtiyatlı danışırdılar. Lyuis Həmilton cümə günü rəqiblərini yarım saniyə üstələmişdisə də, bu gün səhər Sebastyan Fettel protokollara başçılıq edib. Fettelin trasın yeni rekordunu müəyyən edən dövrəsi rəqiblərinin ən yaxşı nəticələrindən yarım saniyə sürətli olub.

F-1.az xəbər vermişdi ki, Williams-ın gənc sürücüsü Ləns Stroll debüt yarışında startda beş yer itirəcək. Buna səbəb Lənsin üçüncü sərbəst yürüşlərdəki qəzasından sonra ötürmələr qutusunun dəyişdirilməsi olub. Biz həm də Paskal Verlyayn yarışa hazır olmadığı üçün Antonio Covinatsinin C36-nın sükanı arxasına keçəcəyi barədə məlumat vermişdik. Antonio üçüncü sərbəst yürüşlərdən etibarən Paskalı əvəzləyir.

Pirelli Melburna ən yumşaq üçlüyü – Soft, SuperSoft və UltraSoft tərkibləri gətirib. Biz artıq məşqlərdən hətta UltraSoft təkərlərin də kifayət qədər dözümlü olduğunu müşahidə etmişik. Tərkiblər arasındakı fərqin isə təxminən 0.7 saniyə olduğu bildirilir.

Birinci sessiyada Ferrari sürücüləri SuperSoft, yerdə qalan bütün sürücülər isə UltraSoft təkərlərlə trasa çıxıblar. Stoffel Vandorn yanacaq sistemindəki problemə görə bir neçə dəfə boksa qayıtmalı olub, lakin sessiyanın sonunda vaxt göstərə bilib. Kimi Rəykkönen növbəti cəhdində UltraSoft-a keçib və ikinci nəticəni göstərib. Lyuis Həmilton sessiyanı lider kimi başa vurub – 1:24.191. Antonio Covinatsi, Kevin Maqnussen, Stoffel Vandorn, Ləns Stroll və Colion Palmer mübarizəni dayandırıblar.

İkinci sessiyada Valtteri Bottas ilk cəhdində ən sürətli olub – 1:23.215. İşlənmiş UltraSoft-la nəticə göstərən Lyuis ona cüzi fərqlə uduzub. Felipe Massa isə Serxio Peresin sürətli dövrəsinə mane olub. Serxio Peres, Niko Hülkenberq, Fernando Alonso, Esteban Okon və Markus Eriksson mübarizəni dayandırıblar.

Son sessiyada trasın 13-cü döngəsində az miqdarda yağış müşahidə edildiyindən sürücülər sliklərlə nəticə göstərmək üçün trasa tələsiblər. Daniel Rikkardo 14-cü döngədə idarəetməni itirərək qəza edib və sessiya qırmızı bayraqlarla dayandırılıb. Yağış yağmayıb və sürücülər sliklərlə davam ediblər. Həmilton trasın rekordunu yeniləyib – 1:22.188! Fettel son anda Bottası üstələyərək yarışa ilk cərgədən başlamağa haqq qazanıb. Rəykkönen isə dördüncü olub. Həftəsonu bütün seanslarda yaxşı təsir bağışlayan Haas-ın sürücüsü Roman Qrojan sıralanma turunu da yaxşı nəticə ilə tamamlayıb – altıncı yer. Ferstappen yalnız beşinci ola bilib.

Beləliklə, Lyuis karyerasının 62-ci poulunu qazanıb. Bu, həm də britaniyalının Albert Parkda ardıcıl dördüncü, ümumilikdə isə altıncı pouludur. Ferrari cümə günündən fərqli olaraq, yaxşı təsir bağışlayır. Bizi sabah startdan finişə qədər gərgin mübarizə gözləyir…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1 1:24.191 5 2 1:23.251 3 1:22.188 6
2 5 Sebastyan Fettel Ferrari 8 1:25.210 5 4 1:23.401 6 1:22.456 6
3 77 Valtteri Bottas Mercedes AMG 4 1:24.514 4 1 1:23.215 3 1:22.481 6
4 7 Kimi Rəykkönen Ferrari 2 1:24.352 10 3 1:23.376 3 1:23.033 6
5 33 Maks Ferstappen Red Bull 3 1:24.482 7 6 1:24.092 6 1:23.485 5
6 8 Roman Qrojan Haas 10 1:25.419 8 8 1:24.718 6 1:24.074 3
7 19 Felipe Massa Williams 7 1:25.099 7 7 1:24.597 6 1:24.443 3
8 55 Karlos Sayns Toro Rosso 11 1:25.542 7 10 1:24.997 6 1:24.487 3
9 26 Daniil Kvyat Toro Rosso 13 1:25.970 7 9 1:24.864 6 1:24.512 3
10 3 Daniel Rikkardo Red Bull 9 1:25.383 5 5 1:23.989 3 2
11 11 Serxio Peres Force İndia 6 1:25.064 7 11 1:25.081 6
12 27 Niko Hülkenberq Renault 5 1:24.975 6 12 1:25.091 6
13 14 Fernando Alonso McLaren 12 1:25.872 9 13 1:25.425 6
14 31 Esteban Okon Force İndia 14 1:26.009 10 14 1:25.568 6
15 9 Markus Eriksson Sauber 15 1:26.236 9 15 1:26.465 6
16 36 Antonio Covinatsi Sauber 16 1:26.419 8
17 20 Kevin Maqnussen Haas 17 1:26.847 7
18 2 Stoffel Vandorn McLaren 18 1:26.858 6
19 18 Ləns Stroll Williams 19 1:27.143 7
20 30 Colion Palmer Renault 20 1:28.244 7
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*