SIRALANMA TURU
Lyuis Həmilton Albert Parkda 6-cı, karyerasında isə 62-ci poulunu qazanıb. Poul sayına görə yalnız Mixael Şumaxer (68) və Ayrton Sennadan (65) geri qalır.
Lyuis Həmilton Albert Parkda ardıcıl dörd poul qazanan ilk sürücü olub.
Sıralanma turunda ikinci olan Sebastyan Fettel 2015-ci il Sinqapur Qran Prisindən bəri ən yaxşı nəticəsini əldə edib.
Sıralanma turunda altıncı olan Roman Qrojan Haas komandasının indiyə qədər ən yaxşı nəticəsini əldə edib.
Force İndia-da ilk yarışına çıxan Esteban Okon karyerasında ilk dəfə sıralanma turunda ikinci sessiyaya keçıb.
Ardıcıl 20 yarışa ilk üç cərgədən başlayan Daniel Rikkardo Albert Parkdakı sıralanma turunun üçüncü sessiyasında qəzaya uğrayıb və avstraliyalının bu seriyası qırılıb.
YARIŞ
Sebastyan Fettel Ferrari ilə dördüncü, Avstraliyada isə ikinci dəfə qalib gəlib. Alman sürücü Albert Parkda digər qələbəsini 2011-ci ildə Red Bull-un heyətində əldə etmişdi.
Sebastyan Fettelin 553 gün davam edən qələbəsiz seriyası başa çatıb. Bu, həm də Ferrari-nin Melburnda yeddinci qələbəsidir.
Sebastyan Fettel karyerasında ən uzun – 27 yarışlıq qələbəsiz seriyaya son qoyub.
Yarışı ikinci yerdə başa vuran Lyuis Həmilton karyerasında 105-ci dəfə podiuma yüksəlib. Britaniyalı bu göstəriciyə görə yalnız Mixael Şumaxer (155) və Alen Prostdan(106) geri qalır.
Lyuis Həmilton yarışın üçüncü dövrəsində yarışlarda lider getmək üzrə 15 000 km-lik və 3000 dövrəlik göstəriciləri aşıb (hazırda müvafiq olaraq 15080 km və 3006 dövrə).
Yarışı üçüncü yerdə başa vuran Valtteri Bottas karyerasında 10-cu dəfə podiuma yüksəlib.
Kimi Rəykkönen yarışda 44-cü dəfə sürətli dövrənin sahibi olub. Finlandiyalı sürücü bu göstəriciyə görə 77 sürətli dövrəsi olan Mixael Şumaxerdən sonra ikincidir.
Yarışda 10-cu olan Esteban Okon karyerasının ilk xalını qazanıb.
Antonio Covinatsi 2011-ci ildən bəri Formula1-də yarışa çıxan ilk italyan sürücü olub. Ondan əvvəl Formula1 maşınının sükanı arxasına keçən son italyan sürücülər 2011-ci ildə Yarno Trulli və Vitantonio Liutsi olmuşdular.
Öz vətənində yarışı yarımçıq saxlamalı olan Daniel Rikkardonun finiş gördüyü ardıcıl 29 yarışlıq və xal qazandığı ardıcıl 17 yarışlıq seriyaları qırılıb.