F-1.az xatırladır ki, yeni mövsümdə texniki reqlamentdə ciddi dəyişiklik olmayıb, ona görə də dünənki sıralanma turu qüvvələr nisbətində də ciddi dəyişikliyin olmadığını göstərib. Yeri gəlmişkən, sıralanma turu yeni format üzrə baş tutub və dərhal həm iştirakçıların, həm də azarkeşlərin kəskin tənqid atəşinə tutulub. İki həftədən sonra Bəhreyndə Formula1 əvvəlki sıralanma turu formatına qayıdacaq, ona görə də bu ilin Avstraliya Qran Prisi tarixdə istisna olacaq. Startda ilk cərgəni Mercedes AMG sürücüləri zəbt ediblər – Lyui Həmilton akryerasında 50-ci poulunu qazanıb. İkinci cərgəni isə bütünlüklə Ferrari sürücüləri tutublar.
Keçənilki Ferrari motorlarına keçdikdən sonra Toro Rosso komandası ciddi irəliləyib – sıralanma turunda Maks Ferstappen 5-ci olub. Üçüncü cərgədə onunla birlikdə Massa yer alıb, arxada isə Sayns və Rikkardo dayanıblar.
Mövsümün ilk yarışı cərimələrsiz ötüşməyib – dünənki sərbəst yürüşlərdə Manor-un debütant sürücüsü pit-leyndə Roman Qrojanla toqquşduğu üçün start düzlüyündə 3 yer itirməli olub. Amma faktiki olaraq cəmi bir yer itirib. Valtteri Bottas isə ötürmələr qutusunu dəyişdiyi üçün startda 5 yer itirməli olub.
İdman reqlamentində dəyişiklik daha ciddi olub: məsələn, Pirelli Melburnda 3 tərkib gətirib – Medium, Soft və SuperSoft, ilk iki tərkib yarışda məcburi elan olunub, ona görə də komandalar bər dəst bu tərkiblərdən yarışa saxlayıblar ki, ən azı birindən yarışda istifadə etsinlər.
Sıralanma turunu hamı SuperSoft tərkibi ilə keçirib və ilk səkkizlik artıq yeyilmiş təkər dəsti ilə start almalı olub, digər sürücülər isə təkər seçimində azad olublar. Nəticədə Peres, Hülkenberq, Batton, Bottas, Kvyat, Qrojan və Qutyerres yarışa Soft tərkibi ilə başlayıblar, digərləri isə SuperSoft-a üstünlük veriblər.
Qızdırma dövrəsinin sonunda Daniil Kvyatın maşının start düzlüyündə dayanıb. Sürücülər əlavə qızdırma dövrəsinə yollanıblar, Kvyat isə ardıcıl ikinci dəfə Melburnda start ala bilməyib.
Startda ciddi insident baş verməyib. Mercedes AMG sürücüləri zəif start alıblar, Fettel liderliyə yüksəlib, onun komanda yoldaşı onun arxasında yer alıb, Həmilton 6-cı yerə düşüb. Maqnussenin təkəri deşilib və o, təkərlərini dəyişməyə yollanıb. 2-ci dövrənin sonunda ilk onluq: Fettel – Rəykkönen – Rosberq – Ferstappen – Massa – Həmilton – Sayns – Hülkenberq – Rikkardo – Alonso.
3-cü dövrədə Həmilton Massanı ötərək beşinciliyə yüksəlib, bir dövrə sonra Rikkardo Hülkenberqi üstələyib.
8-ci dövrədə Sayns yeni təkər dəsti alıb, Bottas isə Erikssonu qabaqlayıb. Bir dövrə sonra Rikardo Massanı da üstələyib.
Fettel rəqiblərindən ciddi uzaqlaşa bilməyib – 10cü dövrədə onun komanda yoldaşı üzərində üstünlüyü cəmi 2.5 saniyə olub, Rosberq daha bir saniyə geridə olub.
10-cu dövrədə Nasr, 11-ci dövrədə Massa, Eriksson və Verlyayn ilk pit-stoplarını gerçəkləşdiriblər. 12-ci dövrədə Bottas Palmerlə effektiv dueldən qalib ayrılıb. Elə həmin dövrədə Rosberq, Rikkardo, Alonso və Palmer mexaiklərinə qonaq olublar. Növbəti dövrədə isə Fettel və Ferstappen boksa yönəliblər. Sebastyan düz Rosberqin qarşısında trasa qayıdıb – Niko hücum etsə də, Fettel öndə qala bilib.
Fettel təzə SuperSoft təkərləri iləs ürətini artırıb və 15-ci dövrədə hələ köhnə təkərlərlə olan Həmiltonu üstələyib. Növbəti dövrədə Rəykkönen, Həmilton, Hülkenberq və Batton köhnə təkərlərdən azad olublar.
17-ci dövrədə isə ciddi qəza baş verib. Qutyerresi ötərkən Alonso ön təkərlə meksikalı sürücüyə ilişib, McLaren maşını yerdən üzülüb, bir neçə dövrə vurub, çınqıllı təhlükəsizlik zonasını göydə dəf edib və baryerlərə çırpılıb.
Alonso maşının altından özü müstəqil çıxıb, tamaşaçıları salamlayıb, sonra isə tibbi maşınla tibb mərkəzinə yollanıb.
Trasa Təhlükəsizlik Maşını (SC) çıxsa da, bir dövrə sonra qırmızı bayraqlarla yarış dayandırılıb – trası çoxsaylı qırıntılardan təmizləmək və yerini dəyişmiş baryerləri bərpa etmək lazım gəlib. 18-ci dövrədə ilk onluq: Fettel – Rosberq – Rəykkönen – Rikkardo – Ferstappen – Sayns – Həmilton – Massa – Qrojan – Bottas.
Haryantonun maşınında aparıcı val problemi yaşanıb və indoneziyalı sürücü debüt yarışını yarımçıq dayandırmalı olub. Sürücülərin çoxu finişə qədər bir daha pitstop etməmək üçün Medium tərkibinə keçsə də, Ferrari komandası hər iki sürücüsünü SuperSoft-da saxlayıb. Maqnussen hamıdan əvvəl trasa çıxıb – ona liderlərlə bir dövrəyə qayıtmağa icazə verilib. Restart SC-nin arxasında verilib.
Cəmi bir dövrə vurduqdan sonra SC pit-leynə qayıdıb və mübarizə canlanıb, öndə sürücülər arasında yerdəyişmə olmayıb, Batton Peresi üstələyərək 13-cü yerə qalxıb.
22-ci dövrədə Rəykkönen boksa qayıdaraq tüstülənən maşınını saxlayıb – sürücünün başı üzərində hava kanalında alov görünüb və mexaniklər yanğınsöndürən balonlardan istifadə etməli olublar. 24-cü dövrədə ilk onluq: Fettel – Rosberq – Rikkardo – Ferstappen – Sayns – Həmilton – Massa – Qrojan – Hülkenberq – Bottas.
Fettel SuperSoft təkərlərlə Medium-da olan Rosberqdən uzaqlaşa bilməyib – əvvəl interval sabit qalsa da, tezliklə Fettelin maşınında təkərlərin effektivliyi tamamilə ölüb və Niko DRS məsafəsinə yaxınlaşıb.
30-cu dövrədə Batton, 31-ci dövrədə Sayns, 32-ci dövrədə Ferstappen daha bir pit-stop etməli olublar – hollandiyalı sürücünün mexanikləri ləngidikləri üçün Maks komanda yoldaşının arxasına düşüb. 35-ci dövrədə Soft təkərlərinə keçən Fettel trasa 4-cü yerdə qayıdıb. 35-ci dövrədə ilk onluq: Rosberq – Rikkardo – Həmilton – Fettel – Massa – Qrojan – Hülkenberq – Bottas – Palmer – Sayns.
40-cı dövrədə Markus Eriksson boksda dayanaraq mübzairədən kənaralaşıb. Sayns bir neçə dövrə Palmerin arxasında ləngidikdən sonra onu keçə bilib. Karlosun düz arxasında olan komanda yoldaşı isə Palmeri dərhal keçib – Maks radio ilə bir neçə dəfə komandasından xahiş edib ki, Saynsa onu buraxması barədə əmr verilsin, amma ispaniyalı sürücü təslim olmayıb.
42-ci dövrədə Həmilton Rikkardonu keçərək 2-ci yerə yüksəlib, bundan sonra Daniel boksa tələsib – yeni SuperSoft təkərlərlə avstraliyalı sürücü trasa 5-ci qayıdıb. Cəmi 3 dövrədən sonra Rikkardo Massanı asanlıqla keçib və keçmiş komanda yoldaşının arxasınca tələsib. 46-cı dövrədə ilk onluq: Rosberq – Həmilton – Fettel – Rikkardo – Massa – Qrojan – Hülkenberq – Bottas – Sayns – Ferstappen.
Son dövrələrdə Həmiltonun təkərləri effektivliyini itiriblər – Fettel rəqibinə DRS məsafəsinə yaxınlaşıb, amma səhvə yol verdiyi üçün trasdan çıxıb və Lyuis ondan uzaqlaşıb.
Niko Rosberq mövsümün ilk yarışında qalib gələrək karyerasında 15-ci qələbəsini, ardıcıl 4-cü qələbəsini qazanıb. Lyuis Həmilton podiumun ikinci pilləsinə qalxıb – Mercedes AMG komandası mövsümə dublla başlayıb. Fettel poiumu tamamlayıb. Mercedes AMG və Ferrarinin mübarizəsi bu il sıx və gərgin olacaq.
Amerikanın yeni Haas komandası ilk yarışındaca xal qazanıb – Qrojan yarışı 6-cı yerdə başa vurub!
Debütantlardan ən yaxşı nəticəni 11-ci olmuş Palmer göstərib.
İki həftədən sonra mövsüm Bəhreyndə davam edəcək…
YARIŞIN NƏTİCƏLƏRİ:
Yer | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | Niko Rosberq | Mercedes AMG | 1:48:15.565 | 2 |
2 | Lyuis Həmilton | Mercedes AMG | + 0:08.060 | 2 |
3 | Sebastyan Fettel | Ferrari | + 0:09.643 | 3 |
4 | Daniel Rikkardo | Red Bull | + 0:24.330 | 3 |
5 | Felipe Massa | Williams | + 0:58.979 | 2 |
6 | Roman Qrojan | Haas | + 1:12.081 | 1 |
7 | Niko Hülkenberq | Force İndia | + 1:14.199 | 2 |
8 | Valtteri Bottas | Williams | + 1:15.153 | 2 |
9 | Karlos Sayns | Toro Rosso | + 1:15.680 | 3 |
10 | Maks Ferstappen | Toro Rosso | + 1:16.833 | 3 |
11 | Colion Palmer | Renault | + 1:23.399 | 2 |
12 | Kevin Maqnussen | Renault | + 1:25.606 | 3 |
13 | Serxio Peres | Force İndia | + 1:31.699 | 2 |
14 | Censon Batton | McLaren | + 1 dövrə | 3 |
15 | Felipe Nasr | Sauber | + 1 dövrə | 2 |
16 | Paskal Verlyayn | Manor | + 1 dövrə | 3 |
Sürətli dövrə: Daniel Rikkardo (Red Bull) – 1:28.997 (49-cu dövrə, 214.510 km/saat).
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Daniil Kvyat | Red Bull | 0 | elektrik |
Fernando Alonso | McLaren | 18 | qəza |
Esteban Qutyerres | Haas | 18 | qəza |
Rio Haryanto | Manor | 18 | aparıcı val |
Kimi Rəykkönen | Ferrari | 22 | – |
Markus Eriksson | Sauber | 40 | – |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | Sürücü | Ölkə | Komanda | Xal |
1 | Niko Rosberq | Mercedes AMG F1 Team | 25 | |
2 | Lyuis Həmilton | Mercedes AMG F1 Team | 18 | |
3 | Sebastyan Fettel | Scuderia Ferrari | 15 | |
4 | Daniel Rikkardo | Red Bull Racing | 12 | |
5 | Felipe Massa | Williams Martini Racing | 10 | |
6 | Roman Qrojan | Haas F1 Team | 8 | |
7 | Niko Hülkenberq | Sahara Force İndia F1 Team | 6 | |
8 | Valtteri Bottas | Williams Martini Racing | 4 | |
9 | Karlos Sayns | Scuderia Toro Rosso | 2 | |
10 | Maks Ferstappen | Scuderia Toro Rosso | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG F1 Team | Mercedes | 43 |
2 | Scuderia Ferrari | Ferrari | 15 |
3 | Williams Martini Racing | Mercedes | 14 |
4 | Red Bull Racing | Renault | 12 |
5 | Haas F1 Team | Ferrari | 8 |
6 | Sahara Force İndia F1 Team | Mercedes | 6 |
7 | Scuderia Toro Rosso | Ferrari | 3 |