F-1.az bildirir ki, bu il Cəmilin karyerasında ən uğurlu il olub. Belə ki, o, güclü rəqabət şəraitində “Super One”, “British Karting” və “BNL” (Belçika) çempionatlarında ən sürətli pilotlar arasında yer alıb. O, “Super One” çempionatının 8 yarışından 5-də podiuma yüksələrək mövsümü ümumi hesabda 3-cü yerdə başa vurub.
Görüşdə gənc kartinq həvəskarlarının və media nümayəndələrinin suallarını cavablandıran C.Rocers ən böyük hədəfinin Formula1-də yarışmaq olduğunu bildirib.
Cəmil Həsənli-Rocers: “İlk dəfə 8 yaşımdaykən kartinqə maraq göstərmişəm. Bu yarış barədə jurnalda qarşılaşmışdım və ordan həvəsim yaranmışdı. Artıq 6 ildir ki, kartinqlə məşğulam.
Bu il Böyük Britaniyanın “Super One” kartinq çempionatını 3-cü pillədə başa vurmuşam. Bu, mənim indiyədək qazandığım ən böyük uğurdur. Bir il də kartinqlə məşğul olduqdan sonra gücümü Formula4-də sınamaq istəyirəm. Bunun üçün böyük vəsait tələb olunur və buna görə də intensiv şəkildə sponsor axtarışındayam. Ən böyük hədəfim Formula1-də mübarizə aparmaqdır.
Valideynlərim başda olmaqla ətrafımda olan hər kəs məni kartinqdə yarışmağa ruhlandırır. Xüsusən də məni daha çox çalışmağa bu yarışdakı böyük rəqiblərim həvəsləndirirlər. Hər dəfə yarışanda yeganə istəyim odur ki, daha yaxşı nəticələr ortaya qoyaraq onları üstələyim”.
Yeniyetmə pilot avtoidmanla yanaşı DJ sənətinə maraq göstərdiyini də bildirib: “Yarış xaricində ən çox musiqi fəaliyyəti ilə məşğul oluram. Yarışdan sonra evə gələrək otağıma çəkilib DJ-lik edirəm və sevdiyim mahnıları dinləyirəm. Bu şəkildə dincəlməyə, mənən rahatlaşmağa çalışıram”.
Media nümayəndələri ilə görüşdən sonra C.Rocers mərkəzin pilot məktəbinin iştirakçıları ilə kartın sükanı arxasında yarışa çıxıb. Yarışda Bakı Şəhər Kartinq Mərkəzinin tələbəsi Rüstəm Vəliyev 57.774 saniyə göstərici ilə birinci olub. C.Həsənli (58.015) ikinci, İsa Hüseynov (58.146) isə üçüncü yeri tutub. C.Rocers rəqiblərinin peşəkarlığını və yarış qabiliyyətini yüksək qiymətləndirərək birinci yerə çixan Rüstəm Vəliyevə öz adından hədiyyə təqdim edib.