Avropa Qran Prisinin tarixi – 1984-cü il

1984-cü ilin təqvimi tərtib edilərkən, iştirakçılar əvvəlcə Avropa Qran Prisinə yer ayırmaq istəmirdilər, çünki keçən il yarışı qəbul edən Brənds Hətç avtodromunda Britaniya Qran Prisi keçirilməli idi. Ona görə də 16 yarışlıq təqvimdə 15-ci yeri alan Avropa Qran Prisi üçün avtodromun axtarışı bir qədər uzun çəkdi...

F-1.az xatırladır ki, tarixin ilk Avropa Qran Prisi Britaniyanın Brənds Hətç avtodromunda baş tutmuşdu, amma o zaman Britaniya Qran Prisi növbə ilə Silverstoun və Brənds Hətçdə keçirildiyi üçün 1984-cü ildə Avsropa Qran Prisinə hazırlıq Almaniyanın Nürburqrinq trasına həvalə olundu.

1976-cı ildə Ferrari-nin sürücüsü Niki Laudanın qəzasından və yanmasından sonra tərk olunmuş trasa çempionat 8 illik fasilədən sonra qayıtmağı planlaşdırırdı. Amma paddok əhlini əvvəlki 25 kilometr uzunluğu olan əfsanəvi ilmə deyil, tam rekonstruksiya olunmuş yeni tras gözləyirdi. Çempionat iştirakçıları trasdakı yenidənqurma işlərini birmənalı qarşılamadılar. Elə həmin Niki Lauda yeni avtodromu “dünyada ən təhlükəsiz tras” adlandırsa da, digər çempion Keke Rosberq bildirdi ki, “tras daha çıx hamarlanıb, daha darıxıdırıcı olub və “yaşıl cəhənnəmdən” əsər əlamət qalmayıb…”

Bir ay əvvəl baş tutmuş İtaliya Qran Prisində vacib qələbə qazanmış Lauda çempionata başçılıq edirdi. McLaren komandasının digər sürücüsü Alen Prost onun yeganə rəqibi idi və İtaliyada fransalı sürücünün maşınında 3-cü dövrədə TAG-Porsche motorunun partlaması Laudanın üstünlüyünü 10.5 xala çatdırmışdı. Mühəndislər Kubokunda isə McLaren komandası növbəti titulu çoxdan özünə təmin etmişdi.

Nürburqrinqdə cümə günü sıralanma turunda Brabham komandasının sürücüsü, keçənilki dünya çempionu Nelson Pike hamını üstələdi, Prost ən yaxşı cəhdində braziliyalı sürücüyə 0.3 saniyə uduzdu. Şənbə günü sıralanma turunda yağış yağdığı üçün start düzümü bir gün əvvəlki nəticələrə görə tərtib olundu. Ən çox sevinən isə Prost oldu – əsas mübarizəni şənbə gününə saxlayan Lauda cümə günü yalnız 15-ci nəticə göstərmişdi, qələbə isə Prosta su və hava kimi lazım idi.

Keçən il son yarışda titulu əldən verən Prost elə startdaca keçənilki çempion Pikeni qabaqlayaraq ilk döngəyə birinci girdi. Dördüncü yerdən start alan Rosberqin Williams maşınındakı Honda turbomotoru heç döngəyə çatmamış partladı və finladniyalı sürücü böyük qəzaya səbəb oldu. Altı sürücü mübarizədən kənar qaldı. Bu insident Laudanın xeyrinə oldu – avstriyalı sürücü artıq 5-ci dövrəni altıncı yerdə tamamladı. O zaman finişdə ilk altı yeri tutan sürücüyə xal verilirdi.

Lauda tezliklə Ferrari-nin sürücüsü Mikele Alboretoya çatdı. Amma italiyalı sürücü Renault-dan Derek Uoriklə gərgin mübarizə aparırdı və heç kimi buraxmağa hazırlaşmırdı. Risk etməyin yersiz olduğunu bilən Lauda gözləməyə üstünlük verdi. Bu üçlük 10 dövrə vurduqdan sonra dövrəvi sürücüyə çatdı və Lauda zamanın yetişdiyini yəqin etdi. Amma onun həmləsi uğursuz oldu – Mikele və Alboreto yarışa davam etdilər, Niki isə həm yerində fırlandı, həm də trasdan kənar otluğa çıxmalı oldu. Təkərlərini tam sıradan çıxaran avstriyalı sürücü rəqiblərindən geri qalmağa başladı.

Yarışın ikinci hissəsində həmişə olduğu kimi texnikanın etibarlılığı ön plana çıxdı. İlk olaraq Renault-nun sürücüsü Patrik Tambe elektrik problemləri ilə üzləşdi – Patrik startdan ikinci yerə çıxmışdı və yarışı yüksək tempdə davam etdirirdi. Renault-nun digər sürücüsü Uorik üçüncülüyə yüksəldi. Amma bir neçə dövrədən sonra onun maşınında da motorun klapan problemi komandanı tam məyus etdi. Uorik əvvəlcə sürətini itirdi və Alboretonu irəli buraxdı, sonra geriyə qalmış Lauda da onu start-finiş düzlüyündə üstələdi və nəhayət, finişə altı dövrə qalmış Derek yarışı dayandırmalı oldu.

Son 6 dövrə isə trasa toplaşmış 175 min azarkeş üçün əsl tamaşaya çevrildi – Alboreto Pikeyə çatdı və iki sürücü arasında amansız mübarizə başladı. Əvvəlcə onlar yüksək sürət nümayiş etdirməyə başladılar və 62-ci dövrədə eyni sürətli dövrəyə imza atdılar. Sonra isə hər iki sürücüyə yanacağa qənaət etmək əmri verildi. Ferrari və Brabham maşınları trasda ilanvari hərəkətlər edirdilər ki, yanacaq çənində olan yanacağın son damlası da motora çatsın.

Yanacağa qənaət duelində Mikele qalib gəldi və rəqibini son döngədə qabaqladı, Niki Lauda isə onlara çata bilmədi. Finiş xəttini keçən kimi Mikele və Nelson maşınları pit-leynin çıxışında saxlamalı oldular. Lauda üçün isə dördüncü yerə görə verilən 3 xal olduqca vacib idi – onun Prost üzərində üstünlüyü 4.5 xal qalmışdı.

Alen Prost isə tarixin ikinci Avropa Qran Prisində inamlı qələbə qazandı. Fransalı sürücü mövsümün 15-ci yarışında karyerasında 15-ci qələbəsini qazandı.

https://www.youtube.com/watch?v=LAzevLUEMCg

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*