Quru. Günəşli. Havanın temperaturu +27° C, trasın temperaturu +45° C
Valensiyanın şəhər trasında ötmək asan deyil, ona görə də start mövqeyi çox vacibdir – məhz buna görə sıralanma turu gərgin və sıx nəticələrlə yadda qalıb, hər şeyi yüzdə bir, mində bir saniyələr həll edib. Sürprizlər də az olmayıb – hər iki Ferrari sürücüsü və Mixael Şumaher son sessiyaya keçə bilməyiblər, Mark Uebber isə mübarizəni elə birinci sessiyada dayandırıb.
Dünən poulu inamla Sebastyan Fettel qazanmışdı, onunla birlikdə birinci cərgədən Lyuis Həmilton start alacaqdı, ikinci cərgədən isə yarışa Maldonado və Qrojan başlamalı idi.
Timo Qlok xəstəliyi üzündən sıralanma turunda iştirak etməmişdi, Qran Prinin stüardları almaniyalı sürücünü starta buraxsalar da, həkimlər onu yarışa buraxmayıblar və Marussia komandası yarışa bir sürücüsü ilə qatılıb. İlk onluq starta Soft təkərlərlə çıxıb.
Startda ciddi insident yaşanmayıb, Fettel liderliyini saxlayıb, Qrojan Maldonadonu qabaqlayıb, Maldonado yaxşı start alan Rəykköneni bloka salıb, Kobayaşi irəli çıxıb. Arxada Alonso 3 və Massa 4 mövqe qazanıblar. Rosberq isə 11-ci yerə düşüb. İkinci dövrənin sonunda Sebastyan Lyusi 4 saniyə qabaqlayıb və ilk onluq: Fettel – Həmilton – Qrojan – Kobayaşi – Maldonado – Rəykkönen – Hülkenberq – Alonso – di Resta – Massa.
Həmilton yarış tempində liderdən geri qalıb və arxasında böyük qatar toplayıb, nəhayət, Qrojan 9-cu dövrədə onu keçə bilib, bu zaman Fettel 10 saniyəlik üstünlüyə malik olub.
10-cu dövrədə Batton və Peres, 11-ci dövrədə Massa ilk pit-stoplarını reallaşdırıblar. Alonso Hülkenberqi keçərək yeddinciliyə, Rəykkönen Maldonadonu keçərək beşinciliyə yüksəlib. Növbəti dövrədə Alonso da Maldonadonu keçib. 13-cü dövrədə Həmilton, 14-cü dövrədə Rəykkönen, Kobayaşi, Maldonado və Hülkenberq pit-stop keçiriblər və Kimi Kamuini qabaqlaya bilib.
15-ci dövrədə Alonso, 16-cı dövrədə Fettel və Qrojan təkərlərini dəyişiblər və Fernando Kimini qabaqlaya bilib, Sebastyan və Roman isə mövqelərini qoruyublar. 19-cu dövrədə Şumaher və Uebber, 20-ci dövrədə Rosberq ilk pit-stoplarını gerçəkləşdiriblər.
Bu zaman trasda Kobayaşi və Senna təmas yaşayıblar – hər iki sürücü boksa yönəlib, bundan sonra stüardlar Brunonu insidentdə günahkar bilərək pit-leyndən keçməklə cərimələyiblər.
Pol di Resta təkərlərini dəyişmədən 3-cü yerə yüksəlib və yalnız 23-cü dövrədə mexaniklərinin qəbuluna yollanıb. 24-cü dövrədə ilk onluq: Fettel – Qrojan – Həmilton – Alonso – Rəykkönen – Maldonado – Massa – Hülkenberq – Batton – Peres.
27-ci dövrədə Batton ikinci pit-stoplar seriyasına start verib, növbəti dövrədə Massa pitə tələsib. Bu zaman Vern arxa düzlükdə Kovalaynenə çırpılıb, qırıntılar trasa səpələnib. Vern boksda mübarizəni dayandırıb, Kovalaynen isə kiçik təmirdən sonra trasa qayıdıb. Qırıntıları yığışdırmaq üçün trasa Təhlükəsizlik Maşını (TM) buraxılıb – Sebastyanın Qrojan üzərindəki 19 saniyəlik üstünlüyü heçə enib.
Bütün sürücülər təkərlərini dəyişmək üçün əla fürsət qazanıblar, Həmiltonun isə yenə də bəxti gətirməyib – Lyuis boksda 10 saniyə ləngiyib, Alonso və Rəykkönen onu qabaqlayıblar, Lyuis və Kimini pit keçirməyən Rikkardo da qabaqlayıb. TM-in arxasında ilk onluq: Fettel – Qrojan – Alonso – Rikkardo – Rəykkönen – Həmilton – Rosberq – Şumaher – Uebber – Maldonado. 33-cü dövrədə restart elan olunub.
Fettel liderliyini qoruyub, amma bir neçə döngədən sonra onun maşınında motorun generatoru imtina edib və Sebastyan yarışı dayandırıb. Bu zaman Romanı qabaqlayan Fernando yerli azarkeşlərin sevincinə yarışda liderliyi ələ alıb. Həmilton da öz növbəsində digər Lotus sürücüsü Rəykköneni qabaqlayıb. Restartda Massa və Kobayaşi təmas yaşayıblar, təkəri partlamış Felipe boksa yönəlib, amma mexaniklər onun maşınına səhv təkər dəsti taxıblar, növbəti dövrədə isə səhvlərini düzəldiblər.
36-cı dövrədə ilk onluq: Alonso – Qrojan – Həmilton – Rəykkönen – Rikkardo – Şumaher – Uebber – Maldonado – Hülkenberq – di Resta.
37-ci dövrədə Maldonado Uebberi keçib, Rikkardo isə ikinci dəfə pit-stopa müraciət edib. 38-ci dövrədə Uebber mexaniklərinə baş çəkib, 40-cı dövrədə Qrojan yarışı dayandırmalı olub – onun da maşınındakı Renault motorunun generatoru imtina edib.
Vitaliy Petrov gözlənilmədən 10-cu yerə yüksəlib, amma arxada Uebber və 41-ci dövrədə pit-stop keçirmiş Şumaher çox sürətlə ona yaxınlaşıblar və tezliklə onu keçiblər. 48-ci dövrədə Petrov Rikkardo ilə toqquşub və boksa getməli olub. 53-cü dövrədə isə Vitaliy daha təzə təkərlərlə Massanı qabaqlayıb.
Təkərləri yeyilmiş Həmilton Rəykkönenin bir neçə hücumunu dəf etsə də, finişə dörd dövrə qalmış təslim olub. Bir neçə döngədən sonra isə Lyuis Maldonadonun hücumlarını dəf etməyə başlayıb. Amma finişə 2 dövrə qalmış sürücülər arasında təmas yaşanıb və Lyuis divara çırpılaraq yarışı dayandırıb, Maldonado isə burun elementini itirdiyi üçün bir çox sürücüləri irəli buraxmalı olub.
Əvvəlki dörd Valensiya yarışı hər mövsümün ən darxıdırıcı yarışları olmuşdular, amma builki yarış istisna olacaq – fantastik yarış 11-ci yerdən start almış Alonsonun qələbəsi ilə başa çatıb. Hər yarışda yeni qalib seriyası qırılıb, Fernando mövsümdə ikinci qələbə qazanmış ilk sürücü olub.
Kimi Rəykkönen mövsümdə üçüncü podiumunu qazanıb, Mixael Şumaher isə podiumun aşağı pilləsinə qalxmaqla Formula1-ə qayıtdıqdan sonra ən yaxşı nəticəsini göstərib. Podiuma Ferrari-nin iki keçmiş və bir indiki sürücüsü qalxıb – 1996-2012-ci illərdə əfsanəvi komandanı təmsil edən sürücülər…
Yer | Pilot | Komanda | Motor | Vaxt |
01 | F.Alonso | Ferrari | Ferrari | 1.44:16.649 |
02 | K.Rəykkönen | Lotus | Renault | + 0:06.421 |
03 | M.Şumaher | Mercedes AMG | Mercedes | + 0:12.639 |
04 | M.Uebber | Red Bull | Renault | + 0:13.628 |
05 | N.Hülkenberq | Force İndia | Mercedes | + 0:19.993 |
06 | N.Rosberq | Mercedes AMG | Mercedes | + 0:21.176 |
07 | P.di Resta | Force İndia | Mercedes | + 0:22.866 |
08 | C.Batton | McLaren | Mercedes | + 0:24.653 |
09 | S.Peres | Sauber | Ferrari | + 0:27.777 |
10 | B.Senna | Williams | Renault | + 0:35.961 |
11 | D.Rikkardo | Toro Rosso | Ferrari | + 0:37.0415 |
12 | P.Maldonado(*) | Williams | Renault | + 0:54.630 |
13 | V.Petrov | Caterham | Renault | + 1:15.871 |
14 | H.Kovalaynen | Caterham | Renault | + 1:34.654 |
15 | Ş.Pik | Marussia | Cosworth | + 1:36.551 |
16 | F.Massa | Ferrari | Ferrari | + 1 dövrə |
17 | P.de la Rosa | HRT | Cosworth | + 1 dövrə |
18 | N.Kartikeyan | HRT | Cosworth | + 1 dövrə |
19 | L.Həmilton | McLaren | Mercedes | + 2 dövrə |
– | R.Qrojan | Lotus | Renault | – |
– | S.Fettel | Red Bull | Renault | – |
– | K.Kobayaşi | Sauber | Ferrari | – |
– | J.E.Vern | Toro Rosso | Ferrari | – |
– | T.Qlok(**) | Marussia | Cosworth | – |
Sürətli dövrə: Niko Rosberq (Mercedes AMG) – 1:42.163 (54-cü dövrə).
Qeyd: (*) – Lyuis Həmiltonla insidentə görə Pastor Maldonadonun yekun nəticəsinin üzərinə 20 saniyə əlavə olunub.
Qeyd: (**) – Timo Qlok səhhətinə görə yarışda start almayıb.
Turnir cədvəli:
Yer | Pilot | Komanda | Motor | Xal |
01 | F.Alonso | Ferrari | Ferrari | 111 |
02 | M.Uebber | Red Bull | Renault | 91 |
03 | L.Həmilton | McLaren | Mercedes | 88 |
04 | S.Fettel | Red Bull | Renault | 85 |
05 | N.Rosberq | Mercedes AMG | Mercedes | 75 |
06 | K.Rəykkönen | Lotus | Renault | 73 |
07 | R.Qrojan | Lotus | Renault | 53 |
08 | C.Batton | McLaren | Mercedes | 49 |
09 | S.Peres | Sauber | Ferrari | 39 |
10 | P.Maldonado | Williams | Renault | 29 |
11 | P.di Resta | Force İndia | Mercedes | 27 |
12 | K.Kobayaşi | Sauber | Ferrari | 21 |
13 | M.Şumaher | Mercedes AMG | Mercedes | 17 |
14 | N.Hülkenberq | Force İndia | Mercedes | 17 |
15 | B.Senna | Williams | Renault | 16 |
16 | F.Massa | Ferrari | Ferrari | 11 |
17 | J.E.Vern | Toro Rosso | Ferrari | 4 |
18 | D.Rikkardo | Toro Rosso | Ferrari | 2 |
19 | H.Kovalaynen | Caterham | Renault | 0 |
20 | V.Petrov | Caterham | Renault | 0 |
21 | T.Qlok | Marussia | Cosworth | 0 |
22 | Ş.Pik | Marussia | Cosworth | 0 |
23 | N.Kartikeyan | HRT | Cosworth | 0 |
24 | P.de la Rosa | HRT | Cosworth | 0 |
Yer | Komanda | Motor | Xal |
01 | Red Bull | Renault | 176 |
02 | McLaren | Mercedes | 137 |
03 | Lotus | Renault | 126 |
04 | Ferrari | Ferrari | 122 |
05 | Mercedes AMG | Mercedes | 92 |
06 | Sauber | Ferrari | 60 |
07 | Williams | Renault | 45 |
08 | Force İndia | Mercedes | 44 |
09 | Toro Rosso | Ferrari | 6 |
10 | Caterham | Renault | 0 |
11 | Marussia | Cosworth | 0 |
12 | HRT | Cosworth | 0 |