Almaniyanın Spox qəzetinin əldə etdiyi məlumata görə, toplantıda çempionatda təmsil olunan Mercedes, Ferrari, Honda və Renault motorçuları ilə yanaşı digər şirkətlərin də nümayəndələri iştirak edəcəklər. Qəzetin yazdığına görə, bir neçə Yaponiya şirkəti ilə birlikdə Audi şirkəti də çempionata qayıtmaqda maraqlıdır.
Audi-nin Formula1-də debüt etməsi barədə söz-söhbət çoxdan gəzirdi, amma ABŞ-da Volkswagen ətrafında yaranan “dizel qalmaqalı” konserni bu planlardan əl çəkməyə məcbur etdi. İstisna deyil ki, bugünkü toplantıya qatılması şirkətin 2020-ci ildən sonra Formula1-ə gəlişi istiqamətində atılmış ilk addımdır.
F-1.az bildirir ki, Mercedes Motorsport-un başçısı Toto Volff Motorsport-Total dərgisinə toplantı barədə məlumat verib: “Cümə günü Parisdə baş tutacaq toplantının məqsədi motor istehsalçıların avtoidmanın gələcəyi barədə fikirlərini öyrənməkdir. Bu barədə bizim öz fikrimiz var, amma indi mən bu fikri səsləndirməyəcəm. Biz cari reqlament çərçivəsində nəyi düzgün, nəyi səhv etdiyimizi başa düşüb, düzgün nəticələr çıxartmalıyıq. Yekunda isə biz maraqlı məhsul hazırlamalıyıq”.