Audi Sauber ilə anlaşıb?

Son şayiələrə görə, Audi artıq Sauber-lə razılığa gəlib və rəsmi bəyanat bu həftəsonu Belçikada elan olunacaq.
McLaren-lə başlayan danışıqlar boşa çıxdıqdan sonra Williams-la da (komandanın başçısı Yost Kapito VolksWagen ralli proqramının lideri olub) eyni aqibət yaşanıb. Aston Martin-lə də komandanın səhmlərinin alınması barədə razılığa gələ bilməyən almanlar Sauber-dən saman çöpü kimi yapışıblar.
Nəticədə Audi-nin Baş direktoru Markus Duysmanın rəhbərlik etdiyi nümayəndə heyəti Sauber-lə razılıq əldə edib. Bəyanatın elan olunması yolunda sonuncu baryer FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının 2026-cı il üçün motor reqlamentini təsdiq etməsi idi – indi şirkət qarşısında heç bir maneə yoxdur.
Mənbənin bildirdiyinə görə, indi inqolştadtlılar konsern daxilində mübarizədə qalib gəlməyə can atırlar və Porsche-dən əvvəl F1-ə gələcəklərini bəyan etməyə tələsirlər. Böyük ehtimalla bəyanat Belçika Qran Prisi günlərində elan olunacaq.
Sadəcə məlumat üçün xatırladaq ki, Sauber-i daha əvvəl Andrettilər ailəsi almaq istəmişdi, amma amerikalıların 350 milyonluq təklifini rədd edən isveçrəlilər yarım milyarddan aşağı təklifə baxmayacaqlarını bildirmişdilər.
Tarixə baxsaq, 2005-ci ilin sonunda başqa bir alman markası – BMW şirkəti Sauber-i almışdı (2009-cu ildə isə yenidən Peter Zauberə 1 dollara satmışdı), o zaman Duysman elə BMW-Sauber komandasında çalışırdı. İndi isə Audi F1 proqramına rəhbər gətirdiyi Adam Beyker də o zaman elə Duysmanla Sauber-də işləyib.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*