Argentina Qran Prisi, 19.01.1958 (video)

F-1.az Formula1 tarixində özünəməxsus yeri olan yarışlar barədə material hazırlamağa davam edir. Bu gün söhbət açacağımız hadisə 1958-ci ilin bu gününə təsadüf edib. Amma əvvəlcə gəlin yarışöncəsi hadisələrin necə cərəyan etməsinə nəzər salaq.

1958-ci il mövsümündə bir çox yeniliklər edilmişdi. Onlardan ən böyüyü isə Mühəndislər Kubokunun tətbiqi idi – amma hələ heç kim bunun nə olduğunu və nə dərəcədə əhəmiyyət kəsb edəcəyini bilmirdi. Daha çox əhəmiyyət kəsb edən qərar isə tam başqa idi – yeni mövsümdən yarışın gedişi zamanı sükanı dəyişən sürücülərə xallar verilməyəcəkdi. Yəni bu mövsümə qədər yarışın gedişində komanda sükan arxasında sürücüsünü dəyişirdi, düzdür, adətən maşını sıradan çıxan komandanın lideri digər maşına otuzdurulurdu. Amma bundan sonra bu yerdəyişmənin heç bir mənası qalmırdı – çünki əvvəl yarışın sonunda qazanılan xallar sükan arxasında oturmuş sürücülər arasında bərabər bölünürdüsə, bundan sonra xal yalnız sükan arxasında start alan sürücüyə tam veriləcəkdi.

Qeyd etmək lazımdır çempionatın iştirakçıları da dəyişmişdilər. Bundan əvvəlki mövsümlərdə çempionatda Alfa Romeo, Ferrari, Maserati, Mercedes kimi zavod komandaları dominanlıq edirdilər. İndi isə onlarla baş-başa Britaniyanın BRM, Vanwall və Cooper kimi şəxsi komandaları öz maşınları ilə mübarizə aparırdılar. Düzdür, bəzi müştəri komandalar da starta çıxırdılar – onlar özləri maşın hazırlamırdılar, zavod komandalardan əvvəlki mövsümün maşınını alaraq, əsasən ev yarışlarında starta çıxırdılar.

Məhz, 1958-ci ildə şəxsi komandalar ilk yerlər uğrunda mübarizə aparmağa başladılar. Argentinaya yanız bir zavod komandası – Ferrari gəlmişdi. Texniki reqlamentdə ciddi dəyişiklik baş vermişdi və bir çox komandalar yeni maşını hazırlaya bilməmişdilər. Ən əsas dəyişiklik isə spirt qarışıqlı yanacaqdan istifadəyə qoyulan qadağa idi – indi maşınlara ancaq adi benzin tökülə bilərdi. İlk baxışdan mənasız görünən bu qayda ciddi texnoloji dəyişiklik tələb edirdi – etanolla işləmək üçün hazırlanmış motora adi benzin tökmək üçün mühərriyin bütün detallarını buna adaptasiya etmək lazım idi.

Mövsüm Argentinada başlayırdı. Vanwall və BRM komandaları uzaq yola pul xərcləməkdənsə, Avropada mövsümə start verməyə üstünlük vermişdilər. Cooper komandası da Buenos Ayresə gəlməmişdi, amma Rob Walker Racing komandası bir Cooper maşını ilə yarışa qatılmışdı – Stirlinq Mossun Vanwall komandası ilə müqaviləsi olsa da, Uolkerin təklifini qəbul etmişdi: həm xal qazanmaq olardı, həm də bank hesabını artırmaq. Maserati-nin zavod komandası çempionatı tərk etmişdi. Nəticədə Qran Pridə cəmi 10 sürücü iştirak edirdi – çempionat tarixində bundan az sürücünün iştirak etdiyi yarış yoxdur.

Argentinanın milli qəhrəmanı Xuan Manuel Fanxio ardıcıl dörd dəfə dünya çempionu olduqdan və öz vətənində dörd ardıcıl qələbə qazandıqdan sonra artıq təqaüdə getdiyini elan etmişdi. Amma öz şəxsi Maserati-sinin sükanı arxasında həmyerlilərini sevindirmək qərarına gələrək starta hazırlaşırdı. Yarışın əsas favoritləri isə Ferrari-nin sürücüləri hesab edilirdilər – yeni Ferrari Dino 246F1-in debütü bu yarışda baş verməli idi.

Skuderiyanın azarkeşləri komandadan asan qələbə gözləsələr də, Fanxio tam fərqli düşünürdü. Dahi Maestro zavod dəstəyi olmadan köhnə Maserati-də Ferrari sürücülərinə ciddi rəqabət göstərməklə poul qazandı. Mayk Hotorn və Piter Kollinz qırmızı maşınla avtodromda 1:42.6 saniyəlik dövrə vursalar da, Maestro bu vəzifənin öhdəsindən daha sürətlə gəldi – 1:42.0! Bu, Fanxionin karyerasında 29-cu və sonuncu poul idi. Bu rekrord 1967-ci ildə Cim Klark tərəfindən yenilənəcək. Eyni zamanda, bu poul Maserati şassisi üçün 10-cu və sonuncu idi.

Amma poul qazanmaq hələ işin yarısı idi, əsas bazar günü baş tutan yarışda qələbə qazanmaq idi. O vaxtlar yarışlarda 400 km-lik məsafə qət olunurdu, amma məhz 1958-ci ildən yarış məsafəsi 300 km-ə endirildi. Ancaq Buenos Ayresdəki yarış üçün əvvəlcə istisna edilmişdi – sürücülər 400 km məsafə qət etməli idilər. Lakin bazar günü bu plan dəyişdirildi – hava çox isti olduğu üçün yarışda dövrələrin sayı 102-dən 80-ə endirildi.

Bu xəbər Ferrari sürücülərini sevindirdi, çünki yeni maşının 400 km məsafəni qət etməsinə güman az idi. Amma Stirlinq Moss üçün bu xəbər heç nəyi dəyişmədi – onun Cooper T43-də çalışan 2 litrlik Climax motoruna rəqiblərin 2.5 litrlik motorları ilə mübarizə aparmaq üçün sürət çatmırdı. T43 inqilabi model idi – motor sürücünün arxasında yerləşirdi, amma motoru zəif olduğu üçün Moss sıralanma turunda yalnız 7-ci nəticə göstərməklə kifayətləndi.

Cooper-in daha bir ciddi problemi var idi – hər bir təkər maşına rəqiblərindən  fərqli olaraq bir deyil, 4 qayka ilə bərkidilirdi. Bu isə pit-stop zamanı ciddi vaxt itkisi demək idi – Ferrari-nin mexanikləri yarım dəqiqəyə dörd təkəri dəyişirdilər, amma Mossun mexanikləri üçün beş dəfə artıq vaxt lazım idi. Ona görə də Moss hər hansı bir uğura ümid etmirdi…

Düzdür, Rob Uolker özü Mossla razı deyildi. Yarış məsafəsinin qısaldılmasını öyrəndikdən sonra komanda risk etməyə qərar verdi – pit-stop olmayacaq. Risk böyük idi – təkər istənilən an partlaya bilərdi və o zaman sürücünün də həyatı təhlükə altına düşürdü. Amma Moss qərarla razılaşdı.

Startda şəxsi Maserati-si ilə Jan Bera liderliyi ələ aldı, amma tezliklə Hotorn onu üstələdi. Moss isə gözlənilmədən 3-cü yürə yüksəldi. Kollinzin Ferrari-sində arxa ox sındığı üçün Piter mübarizəni dayandırmalı oldu. Üçüncü dövrədə Fanxio əvvəlcə Mossu, sonra isə Ferrari-dən Luicci Mussonu qabaqladı. Yarış tədricən son illərin adi axarına çevrilirdi – 10-cu dövrədə Fanxio Hotornu da üstələyərək liderliyi ələ aldı. Tribunalar ayağa qalxdılar. Amma finişə hələ 70 dövrə var idi.

20-ci dövrədən sonra sürücülər pit-stop dalğasına start verdilər. 35-ci dövrədə Fanxio da boksa getdikdən sonra Moss liderliyə yüksəldi. Amma rəqiblər elə də narahat deyildilər – onlar əmin idilər ki, britaniyalı sürücünü hələ pit-stop gözləyir. Bu zaman qələbəyə əsas namizədlərdən olan Jan Beranın Mossa hücumu uğursuzluqla nəticələndi – Bera yerində fırlanaraq bir neçə mövqe itirdi.

Motorları öndə yerləşən sürücülərin problemləri başlamışdı – isti hava mühərriyin qızmasına səbəb olurdu. İkinci yerdə gedən Mussoya çatan Fanxio ayağını qazdan götürməli oldu. Ona görə tezliklə Hotorn da dahi argentinalını üstələdi. Musso öz ritmində yarışa davam edirdi, italiyalı sürücü əmin idi ki, Mossu əlavə pit-stop gözləyir. Onun fikrinin təsdiqi olaraq Rob Walker Racing komandasının mexanikləri pit-leyndə hazırlığa başlamışdılar.

60-cı dövrədə Moss italiyalı sürücü üzərində üstünlüyünü 33 saniyəyə çatdırdı – aydın məsələdir ki, pit-stopdan sonra britaniyalı sürücü 5-ci yerdə trasa qayıtmalı idi. Deyəsən, Ferrari-də başa düşmüşdülər ki, onları aldadıblar. Mussonun mexanikləri sürücüdən tempi artırmağı xahiş etdilər. Musso və Hotorn sürəti artırdılar. Mossun da təkərləri tam yeyildiyi üçün trasda qalmaq çox çətin idi.

Finişdə Mussonu qələbədən cəmi 2.7 saniyə ayırdı. Mossun isə sevincinin həddi-hüdudu yox idi. Hotorn ilk üçlüyü tamamladı. Fanxio isə karyerasında son yarışı dördüncü yerdə başa vurdu. Amma yarışın gedişində o dövr üçün rekord olan 23-cü sürətli dövrəyə də imza atdı.

Mossun qələbəsi əsl sensasiya idi. Bu qələbə motoru sürücünün arxasında olan maşınların ilk qələbəsi idi. Cooper şassisinin və Climax motorunun, eyni zamanda, şəxsi komandanın ilk qələbəsi idi. Həmçinin, Continental təkərlərinin çempionatda son qələbəsi idi – maraqlıdır ki, qələbədə əsas rolu oynayan bu təkərlərdən peletonda yalnız Moss istifadə edirdi..

Düz 60 il əvvəl dahi Maestro sonuncu yarışına çıxmışdı. Düz 60 il əvvəl motoru sürücünün arxasında olan maşın ilk qələbəsini qazanmışdı. Düz 60 il əvvəl şəxsi komanda çempionatda ilk dəfə qləbəyə sevinmişdi. Düz 60 il əvvəl…Argentina Qran Prisi haqqında saytımızdan oxuya bilərsiniz…https://www.f-1.az/argentina-qran-prisi-19-01-1958-video/

Gepostet von Rahim N. Aliyev am Freitag, 19. Januar 2018

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*