Andretti Cadillac-ı Formula1-ə gətirəcək

Andretti Global və General Motors şirkəti tərəfdaşlıqlarını elan ediblər - amerikalı komanda Formula1-də Cadillac ilə yarışmağı planlaşdırır.

F-1.az xatırladır ki, keçmiş sürücü və iş adamı Maykl Andretti bir neçə ildir ki, komanda şəklində Formula1-də yarışmaq hüququ qazanmağa çalışır. Keçən ilin sonunda Maykl kifayət qədər nikbin danışırdı və həftənin əvvəlində FİA prezidenti Muhamməd bin Sulayem yeni komandalarla müzakirələrə hazır olduqlarını elan edib.

Bu gün isə Andretti təsdiqləyib ki, ərizəsi təsdiq olunarsa, komanda General Motors-a məxsus Cadillac brendi altında Formula1-də yarışacaq. Cadillac ABŞ-da, Andretti isə Böyük Britaniyada köməkçi baza açacaq.

Maykl Andretti: “Biz Andretti Global-ın inkişafına davam edirik və həmişə növbəti addımın nə olacağını düşünürük. İnanıram ki, yeni F1 komandasının roluna çox uyğun gəlirik, çempionata və tərəfdaşlarımıza fayda verə, azarkeşlərimizi sevindirə bilərik. Mən fəxr edirəm ki, GM və Cadillac bu məqsədə gedən yolda bizimlə olacaqlar. Bizi yarış sevgisindən doğulan miras birləşdirir. Birlikdə bütün FIA qaydalarına və prosedurlarına əməl etməyə davam edəcəyik. Biz nikbinliklə hazırlaşmağa davam edirik və mən indi Andretti Cadillac-ı Formula 1-ə namizəd kimi rəsmən elan edə bilərəm”.

Mark Royss, General Motors-un prezidenti: “General Motors bu tarixi anda Andretti Global ilə əməkdaşlıq etməkdən şərəf duyur. Bizim avtoidman və mühəndislik innovasiyalarında uzun və zəngin tarixə malikik və idmana qlobal marağı artırmağa kömək edəcək ABŞ-ın Formula1 komandası yaratmaq üçün Andretti Global ilə tərəfdaşlıq etməkdən məmnunuq. Cadillac və Formula1 dünyada populyarlıq qazanır. Brendimizin motor idmanında bir əsrdən artıq tarixi var və biz fərqli innovasiyalarımızı və dizaynımızı avtoidmana gətirməkdən məmnunuq”.

FİA prezidenti Sulayem sosial şəbəkələrdə Andretti Global və General Motors-un birgə layihəsini alqışlayıb: “Cadillac və Andretti arasında əməkdaşlıq xəbərini alqışlayıram. Biz federasiya olaraq Formula1-də yarışmaq istəyən komandaların maraqlarının ifadə edilməsi ilə bağlı gələcək müzakirələri gözləyirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*