F-1.az Racingnews365 nəşrinə istinadən iddia edir ki, növbəti istefa yaxın vaxtlarda – McLaren-də elan olunacaq.
Vokinqdən yerləşən komandanın hazırkı başçısı Andreas Zaydl postunu tərk edərək, Alfa Romeo-da eyni vəzifədə Frederik Vassyörü əvəz edəcək. Belə bir keçid İsveçrə komandasının 2026-cı ildən komandanın güc qurğularının yeni təchizatçısı olacaq Audi ilə əməkdaşlığı ilə bağlıdır.
Zaydl daha əvvəl Volkswagen Qrupunun yarış proqramlarında təcrübəyə malikdir və onun rəhbərliyi altında Porsche zavod komandası 2015-2017-ci illərdə ardıcıl üç Le Man qələbəsi qazanıb. Bundan əlavə, Andreas Audi-nin direktorlar şurasının sədri Markus Duysmanla yaxşı münasibətdədir – onların hər ikisi 2000-ci illərin birinci yarısında, komanda BMW-yə məxsus olanda Sauber-də işləyib.
McLaren-də Andreas Zaydlı kimin əvəz edəcəyi hələ məlum deyil, lakin Yost Kapito bu vakansiyaya namizəd deyil.