F-1.az bildirir ki, keçən həftəsonu başlamalı olan dünya çempionatının startı təxirə salına-salına gedir. Belə ki, keçən bazar günü keçirilməli olan Qətər Qran Prisi ləğv olunmuşdu – təqvimdə ikinci olan Tailand yarışı isə oktyabr ayınadək təxirə salınmışdı.
Bu gün isə Amerika yarışının apreldə deyil, noyabrın 15-də keçiriləcəyi elan olunub – ona görə də həmin gün üçün planlaşdırılan Valensiya yarışı noyabrın 22-də baş tutacaq. Yeni təqvimə əsasən, çempionatın aprelin 19-da Argentinada start alması gözlənilir.
Təqvimin belə dəyişdirilməsinin əsas səbəbi koronavirusun geniş yayılmasıdır – Asiya ölkələrindən başlayan xəstəlik Avropa və Amerikada tüğyan etməyə başlayıb. İtaliyada bütün yarışlar təxirə salınıb. Xatırladaq ki, MotoGP-nin Ducati, Aprilia və Yamaha komandalarının bazaları məhz İtaliyada yerləşir, çempionatda bu ölkəni altı sürücü təmsil edir.