F-1.az xəbər verir ki, əksər komandalar mövsümöncəsi testlərdən sonra FİA-ya gileylənmişdilər: testlər zamanı məlum olmuşdu ki, yeni maşınların altlıqları çox elastik olduğundan və aerodinamik yüklərin təsiri altında düzlükdə böyük sürət altında arzuolunmaz şəkildə deformasiyaya uğrayırmış. FİA tələsik reqlamentə dəyişiklik etməyə məcbur olmuşdu: altlığın, xüsusən də arxa hissəsinin bərkliyini artırmaq üçün əlavə metal sancaqlar quraşdırmağa icazə verilmiş və maşının minimal kütləsi artırılmışdı.
Lakin Alpine A522 şassisi nə bu cür problemlərdən, nə də builki əksər maşınlara xas olan yellənmələrdən əziyyət çəkmirdi, çünki komandanın mühəndisləri bu cür problemlərin yaranmasını əvvəlcədən müəyyən edərək qabaqlayıcı tədbirlər görmüşdülər və maşının altlığını kifayət qədər sərtləşdirmişdilər.
Yazda, reqlamentə düzəlişlər edildikdə, Alpine-in texniki departamentinin rəhbəri Pət Fray etiraf etmişdi ki, bu, onun komandasını ümid etdikləri üstünlükdən məhrum edib. Ancaq indi mövsüm artıq bitib və bu hadisə hələ də onu təqib edir.
“Ola bilsin ki, biz çox ehtiyatlı davrandıq, amma qalanları, deyəsən, mövsümün əvvəlində bunun əksini etmişdilər, – deyə Fray The Race-ə danışıb. – Məhz buna görə də, bir çox insanlar ilk testlərdə problemlərlə üzləşdilər və insanlar maşınların yellənməsindən və buna bənzər problemlərdən şikayətləndilər.
Mən hələ də narahatam ki, qaydalara düzəlişlər edildi və onlara altlıqlara əlavə dayaqlardan istifadə etməyə icazə verildi. Biz sərt bir altlıq hazırlamışdıq. Digərləri də eyni şeyi edə bilərdilər və ya bunu düzəltmək üçün daha sonra əlavə kütlə işlətməli oalrdılar. Lakin əksər komandaların sevinci üçün həmin düzəlişlər qəbul edildi”.
Frayın fikrincə, o zaman reqlamentə düzəlişlər edilməsəydi, Alpine-in rəqibləri ilə müqayisədə nəticələri daha yüksək ola bilərdi: “Mən belə düşünürəm, çünki o zaman klirensi daha 10 mm artırmaq və ya başqa bir şey etmək lazım deyildi. Digər komandaların da hər şeyi düzəltmək və problemi həll etmək imkanı var idi, lakin onlar klirensi aşağı salmamaq üçün bunu etməməyə qərar verdilər”.
Bununla belə, sonradan Alpine mühəndisləri də qaydalara edilən düzəlişlərdən faydalana bildilər: onlar İmolada mövsümün 4-cü yarışı üçün hazırladıqları altlığın çəkisinin müəyyən qədər azalmasına nail ola bildilər. Əslində, komanda bunu etməyə məcbur oldu, çünki mövsümün əvvəlində A522 digər komandaların maşınlarından təxminən 2 kq ağır idi.
Düzdür, Pət Fray nəzəri cəhətdən mümkün daha yüksək nəticələrdən danışanda, yəqin ki, hələ də bir az şişirdir. Çox güman ki, Alpine komanda hesabında daha yüksək pilləyə qalxması mümkün deyildi, baxmayaraq ki, komandanın hesabındakı xallar həqiqətən də daha çox ola bilərdi.