Bonn şəhərindən 80 km uzaqlıqda, Belçika sərhədinin yaxınlığında, Eyfel dağ meşə massivinin düz mərkəzində yarış trasının salınması fikri Kölnün ober-burqomistri Konrad Adenauerə məxsus idi, müharibədən sonra o Federal Almaniyanın kansleri seçilmişdi. O yerli hakimiyyət rəsmilərini 15 milyon marka ayırmağa əmin etmişdi, 1925-ci ildə Nürburq kəndinə inşaatçılar gəldilər, bir ildən sonra trasda ilk yarış keçirildi, yağış altında keçən bu yarışda Rudolf Karaççiola qalıb gəlmişdi. Daha bir aydan sonra isə Nürburqrinq Almaniya Qran Prisini qəbul etdi və yüz minlərlə azarkeş Mercedes-Benz-in sükanı arxasında Otto Mersin qələbəsinin şahidi olmuşdu.
Trasın ilkin variantı çox uzun idi – 22 km, çətin idi – 73 döngə və hündürlük fərqi də böyük idi – 300 metr. 1951-ci ildə tras dünya çempionatının təqviminə daxil edildi və 1976-cı ilə kimi Almaniya Qran Prisini qəbul edirdi. Bir dövrə yeddi dəqiqədən çox vaxt aparırdı, sürücülər təhlükəsizlik standartlarına əməl olunmamasından gileylənirdilər və 1976-cı ildə Niki Laudanın dəhşətli qəzası avtodromun bağlanmasına səbəb oldu.
Tras: Nürburqrinq
Dövrənin uzunluğu: 5148 m
Dövrələrin sayı: 60
Ümumi məsafə: 308.863 km
Nürburqrinqin modernizə xərcləri 62 milyon dollara başa gəldi və 1984-cü ildə avtodrom yenidən çempionat iştirakçılarını qəbul etdi. Trasın uzunluğu 4.5 km-ə qədər qısaldıldı, hündürlük fərqi 56 metrə çatdırıldı, döngələrin sayı isə 14 oldu. Amma sürücülər trasın xarakteristikalarından narazı qaldılar, onu “darıxdırıcı tras” və “çox ideal” adlandırdılar. Bir neçə ildən sonra tras bir daha təqvimdən çıxarıldı.
1995-ci il mövsümünün əvvəlində təşkilatçılar bir daha trasa əl gəzdirdilər. Nürburqrinq bu dəfə təqvimə Avropa Qran Prisi adı altında daxil edildi. 1997-ci ildə isə bu trasdakı yarış təqvimə Lüksemburq Qran Prisi adı altında düşdü. Əsrin əvvəlində trasda yenə də yenidənqurma işləri görüldü, birinci sektor dəyişdirildi, yeni tribunalar quruldu. Trasın uzunluğu 700 metr artırıldı, dövrələrin sayı təbii ki, azaldı. Trasın modernizəsi təşkilatçılara 50 milyon Avroya başa gəldi.
2007-ci ilə qədər təqvimdə iki alman trası var idi – Nürburqrinq və Hokkenhaym, amma maliyyə və digər problemlər üzündən qərara alındı ki, traslar bir-birini növbələsinlər – bu il növbə Nürburqrinqindir. Yarış ərəfəsində trasda yenidənqurma işləri görülüb.
Nüburqrinqdə yavaş və ortasürətli döngələr üstünlük təşkil edir, mühəndislər aerodinamikanın və asılqanların sazlanmasına xüsusi diqqət yetirirlər. Tras əyləclərə tələbkar deyil, asfalta yatma qüvvəsinin orta səviyyəsi kifayətdir və sürücülərə səhvi bağışlamır. Tipik Avropa avtodromudur. Asfalt örtüyü çox cod deyil, tras dağlarda yerləşir, dəniz səviyyəsindən hündürlüyünə görə yalnız San Pauludan geri qalır, seyrək hava motorun gücünü azaldır. Baklardakı yanacağın miqdarı dövrədəki nəticəyə ciddi təsir edir. Ötmək olduqca çətindir, hücum şansları yalnız birinci dövrədə var, ona görə çox şeyi sıralanma turu həll edəcək. Yarışın tipik strategiyası iki pit-stopdur. Pirelli şirkəti Nürburqrinqə Soft və Medium tərkibləri gətirəcək…