Almaniya Qran Prisi: Markes poulda, Lorenso isə asfaltda…

Honda komandasının kataloniyalı sürücüsü yaxın rəqibi olan Hektor Barberanı böyük üstünlüklə qabaqlayıb.

F-1.az xəbər verir ki, ikiqat dünya çempionu Mark Markes Almaniya Qran Prisinin sıralanma turunda mövsümün 4-cü, karyerasının isə 34-cü poulunu qazanıb.

İlk cəhdindən (1:21.581) protokollara başçılıq edən ispaniyalı sürücüyə Barbera ilk cəhdində çox cüzi uduzub, cəmi 0.052 saniyə. Üçüncü nəticə göstərmiş Valentino Rossi də cəmi 0.08 saniyə geridə qalıb.

Amma damalı bayraqlar altında göstərdiyi ikinci nəticəsi Markesin bu gün əlçatmaz olduğunu ortaya qoyub. İspaniyalı sürücü öz nəticəsini təxminən yarım saniyə yaxşılaşdırıb. Barbera öz nəticəsini bir qədər yaxşılaşdırıb və ikinci yerdə möhkəmlənib. Üçüncü yeri tamamlayan Rossi isə ikinci cəhdində nəticəsini yaxşılaşdıra bilməyib.

Danilo Petruççi həmyerlisinin nəticəsini təkrarlasa da, reqlamentə görə ikinci cərgədən start almalı olacaq. İlk altılığı isə Pol Esparqaro və Maverik Vinyales tamamlayıblar. Ducati-dən ən yaxşı nəticəni yeddinci olan Andrea Dovitsiozo göstərib. İlk onluğu isə Markesin komanda yoldaşı Dani Pedrosa tamamlayıb.

Sonuncu dünya çempionu Xorxe Lorenso isə sabah yarışa 11-ci yerdən başlayacaq. Məşqlərdə elə də yaxşı nəticələr göstərə bilməyən üçqat dünya çempionu sıralanma turuna ilk seqmentdən başlamalı olub. Qaydalara görə, ilk seqmentdə ən yaxşı iki yeri tutan sürücü poul uğrunda mübarizəyə qoşula bilər. Xorxe cəhdlərinin birində yıxılsa da, ikinci nəticə ilə mübarizəni davam etdirə bilib.

Həlledici seqmentdə isə Lorenso ancaq ilk cəhdində tam dövrə vura bilib, ikinci cəhdində isə yenə də yıxılıb – ispaniyalı sürücü iki gün ərzində 3 dəfə yıxılmaqla yadda qalıb. Yekun protokolada Xorxe çempionatda əsas rəqibinə təxminən bir saniyə uduzub…

Yer Sürücü Motosiklet Q1 Q2
1   Mark Markes Honda 1:21.160
2   Hektor Barbera Ducati 1:21.572
3   Valentino Rossi Yamaha 1:21.666
4   Danilo Petruççi Ducati 1:21.712 1:21.666
5   Pol Esparqaro Yamaha 1:21.738
6   Maverik Vinyales Suzuki 1:21.784
7   Andrea Dovitsiozo Ducati 1:21.858
8   Aleş Espargaro Suzuki 1:21.883
9   Andrea Yannone Ducati 1:21.890
10   Dani Pedrosa Honda 1:21.892
11   Xorxe Lorenso Yamaha 1:21.737 1:22.088
12   Yonni Hernandes Ducati 1:22.346
13   Kel Kratçlou Honda 1:21.783
14   Brədli Smit Yamaha 1:21.994
15   Skott Reddinq Ducati 1:22.236
16   Cek Miller Honda 1:22.382
17   Ştefan Bradl Aprilia 1:22.493
18   Yucin Laverti Ducati 1:22.567
19   Alvaro Bautista Aprilia 1:22.670
20   Loris Baz Ducati 1:22.860
21   Tito Rabat Honda 1:23.075
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*