F-1.az bildirir ki, həftəsonu Red Bull-un liderliyi ilə başlayıb – ilk məşq sessiyasında Rikkardo, ikincidə isə Ferstappen protokollara başçılıq edib. Dünən baş tutan üçüncü məşqlərdə isə yağış sürücülərə işləməyə imkan verməyib. Bir çox sürücünün nəticə göstərə bilmədiyi sessiyada Lekler hamıdan sürətli olub.
Sıralanma turu da maraqlı mübarizəyə səhnə olub. Birinci sessiyada problem yaşayan Həmilton poul uğrunda mübarizəyə qoşula bilməyib. Fettel mövsümdə beşinci dəfə poul qazanıb. Bottas ondan 0.2 saniyə geri qalaraq yarışa ilk cərgədən başlamağa haqq qazanıb. İkinci cərgəni Rəykkönen və Ferstappen, üçüncü cərgəni isə Haas sürücüləri tutublar.
Pirelli bura mövsümdə ilk dəfə Medium, Soft və SuperSoft üçlüyünü gətirib. Medium tərkiblə çox böyük məsafə qət etmək mümkün olsa da, sürət fərqi də az olmayıb. Buna görə də komandalar elə məşqlərdən digər iki tərkibə üstünlük veriblər. Alonso, Sirotkin, Eriksson, Həmilton, Hartli, Stroll, Vandorn və Qasli Soft, Rikkardo Medium, digər sürücülər isə UltraSoft təkərlərlə start alıblar.
Startda heç nə baş verməyib, Fettel liderliyini qoruyub, Hülkenberq Qrojanı, Həmilton isə Sirotkini keçib. 2-ci dövrədə ilk onluq: Fettel – Bottas – Rəykkönen – Ferstappen – Maqnussen – Hülkenberq – Qrojan – Peres – Sayns – Lekler.
Həmilton artıq dördüncü dövrədə Lekleri üstələyərək ilk onluğa yüksəlib. Rikkardo isə 4 mövqe qazanaraq 16-cı yerə çatıb. Lyuis 11-ci dövrəyə qədər Qrojan, Peres və Hülkenberqi də keçib. Üç dövrə sonra isə Maqnussenlə mübarizədən qalib ayrılaraq beşinci olub. Rəykkönen 15-ci dövrədə pit-stop edərək trasa Lyuisin düz qarşısında qayıdıb və yeni təkərlərlə ondan dərhal uzaqlaşıb.
Rikkardo Alonso və Lekleri qabaqlayıb. Hülkenberq 18-ci dövrədə təkərlərini dəyişib. 21-ci dövrədə Maqnussen, Sayns və Lekler, 22-ci dövrədə Qrojan, 23-cü dövrədə Peres pit-stop ediblər. Fettel 26-cı dövrədə pit yoluna çağrılıb və trasa Rəykkönenin arxasında qayıdıb. Okon 27-ci, Bottas isə 29-cu dövrədə pit-stop dalğasına qoşulub.
Rikkardo 29-cu dövrədə maşın güc itirdiyi üçün 11-ci döngədə təhlükəsizlik zonasında dayanıb. Həmin dövrədə komanda yoldaşı Ferstappen də təkərlərini dəyişib.
Fettel Rəykkönenina arxasında bir neçə dəfə əyləcə sərt basaraq təkərlərini bloka salıb, lakin hücum edə bilməyib. Mühəndis Kimiyə bir neçə dəfə daha köhnə təkərlərdə olduğunu bildirib. Finlandiyalı sürücü komanda yoldaşını önə buraxıb. Həmilton 43-cü dövrədə pit-stop edib və trasa beşinci yerdə qayıdıb. 43-cü dövrədə ilk onluq: Fettel – Rəykkönen – Bottas – Ferstappen – Həmilton – Maqnussen – Hülkenberq – Qrojan – Peres – Sayns.
44-cü dövrədə trasın bir hissəsinə yağış yağmağa başlayıb. Lekler və Alonso dərhal pit-stop ediblər və onların maşınlarına keçid təkərləri taxılıb. Üç dövrə sonra Ferstappen də eyni addımı atıb. Lakin trasın böyük hissəsi quru olduğundan, bu təkərlər çox böyük vaxt itkisinə səbəb olub və Lekler yenidən slikləra qayıdıb. Yağış təkəri ilə trasa çıxan Qasli, ardınca isə Alonso və Ferstappen də sliklərə keçməyə məcbur olublar. 50-ci dövrədə ilk onluq: Fettel – Rəykkönen – Bottas – Həmilton – Ferstappen – Hülkenberq – Peres – Qrojan – Maqnussen – Sayns.
51-ci dövrədə Bottas ikinci yer uğrunda mübarizədə Rəykköneni üstələyib. Yağış bir qədər güclənib, Sayns və Stroll keçid təkərləri üçün pit-stop ediblər. Növbəti dövrədə Fettel 13-cü döngədə trasdan çıxıb və baryerlərə çırpılıb. Təhlükəsizlik maşını trasa çıxıb. Bottas, Qrojan, Hülkenberq və Maqnussen dərhal təkərlərini dəyişiblər. Rəykkönen isə bir dövrə sonra pit-stopa çağrılıb.
54-cü dövrədə Sirotkin yağ sızmasına görə, 55-ci dövrədə isə komanda yoldaşı Stroll əyləc probleminə görə mübarizəni dayandırıblar. TM arxasında ilk onluq: Həmilton – Bottas – Rəykkönen – Ferstappen – Hülkenberq – Peres – Okon – Eriksson – Qrojan – Sayns.
Sayns TM arxasında hücum etdiyi üçün 10 saniyə cəzalandırılıb. Restart 57-ci dövrədə verilib, Bottas komanda yoldaşını keçərək liderliyə yüksəlsə də, Lyuis dərhal yerini qaytara bilib. Bir neçə döngədən sonra komanda ondan sürətini bir qədər azaltmağı xahiş edib. Okon 62-ci dövrədə Eriksson və Qrojanı keçərək 7-ci yerə yüksəlib. Alonso 66-cı dövrədə boksa yönəlib və yarış onun üçün bir dövrə tez başa çatıb.
Lyuis Həmilton mövsümdə 4-cü, karyerasında 66-cı qələbəsini əldə edib. Bottas ikinci olaraq komandasına mövsümdə ikinci dublunu qazandırıb. Rəykkönen isə podiumun son pilləsində qərarlaşıb. Həmilton yenidən çempionatda liderliyə yüksəlib. Mercedes isə Mühəndislər Kubokunda liderliyi Ferrari-dən alıb.
Mübarizə gələn həftə Macarıstanda davam edəcək, ardınca çempionatın iştirikaçıları bir aylıq yay fasiləsinə yollanacaqlar.
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:32:29.845 | 1 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | + 0:04.535 | 2 |
3 | 7 | Kimi Rəykkönen | Ferrari | + 0:06.732 | 2 |
4 | 33 | Maks Ferstappen | Red Bull | + 0:07.654 | 3 |
5 | 27 | Niko Hülkenberq | Renault | + 0:26.609 | 3 |
6 | 8 | Roman Qrojan | Haas | + 0:28.871 | 3 |
7 | 11 | Serxio Peres | Force İndia | + 0:30.556 | 1 |
8 | 31 | Esteban Okon | Force İndia | + 0:31.750 | 1 |
9 | 9 | Markus Eriksson | Sauber | + 0:32.362 | 1 |
10 | 28 | Brendon Hartli | Toro Rosso | + 0:34.197 | 2 |
11 | 20 | Kevin Maqnussen | Haas | + 0:34.919 | 3 |
12 | 55 | Karlis Sayns* | Renault | + 0:43.069 | 3 |
13 | 2 | Stoffel Vandorn | McLaren | + 0:46.617 | 2 |
14 | 10 | Pyer Qasli | Toro Rosso | +1 dövrə | 2 |
15 | 16 | Şarl Lekler | Sauber | +1 dövrə | 3 |
16 | 14 | Fernando Alonso | McLaren | +2 dövrə | 3 |
* – Sarı bayraqlar altında hücum etdiyi üçün nəticəsinə 10 saniyə əlavə olunub.
Sürətli dövrə: Lyuis Həmilton (Mercedes) – 1:15.545 (66-cı dövrə, 217.968 km/saat).
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Ləns Stroll | Williams | 55 | əyləc |
Sergey Sirotkin | Williams | 54 | yağ sızıntısı |
Sebastyan Fettel | Ferrari | 52 | qəza |
Daniel Rikkardo | Red Bull | 29 | güc qurğusu |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG Petronas Motorsport | 188 | |
2 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 171 | |
3 | 7 | Kimi Rəykkönen | Scuderia Ferrari | 131 | |
4 | 77 | Valtteri Bottas | Mercedes AMG Petronas Motorsport | 122 | |
5 | 3 | Daniel Rikkardo | Aston Martin Red Bull Racing | 106 | |
6 | 33 | Maks Ferstappen | Aston Martin Red Bull Racing | 105 | |
7 | 27 | Niko Hülkenberq | Renault Sport Formula 1 Team | 52 | |
8 | 14 | Fernando Alonso | McLaren F1 Team | 40 | |
9 | 20 | Kevin Maqnussen | Haas F1 Team | 39 | |
10 | 11 | Serxio Peres | Sahara Force İndia F1 Team | 30 | |
11 | 31 | Esteban Okon | Sahara Force İndia F1 Team | 29 | |
12 | 55 | Karlos Sayns | Renault Sport Formula 1 Team | 28 | |
13 | 8 | Roman Qrojan | Haas F1 Team | 20 | |
14 | 10 | Pyer Qasli | Red Bull Toro Rosso Honda | 18 | |
15 | 16 | Şarl Lekler | Alfa Romeo Sauber F1 Team | 13 | |
16 | 2 | Stoffel Vandorn | McLaren F1 Team | 8 | |
17 | 9 | Markus Eriksson | Alfa Romeo Sauber F1 Team | 5 | |
18 | 18 | Ləns Stroll | Williams Martini Racing | 4 | |
19 | 28 | Brendon Hartli | Red Bull Toro Rosso Honda | 2 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG Petronas Motorsport | Mercedes | 310 |
2 | Scuderia Ferrari | Ferrari | 302 |
3 | Aston Martin Red Bull Racing | Renault | 211 |
4 | Renault Sport Formula 1 Team | Renault | 80 |
5 | Sahara Force İndia F1 Team | Mercedes | 59 |
6 | Haas F1 Team | Ferrari | 59 |
7 | McLaren F1 Team | Renault | 48 |
8 | Red Bull Toro Rosso Honda | Honda | 20 |
9 | Alfa Romeo Sauber F1 Team | Ferrari | 18 |
10 | Williams Martini Racing | Mercedes | 4 |